İqtisad elminin ardıcıl inkişafı proseslərində bir –birini əvəz edən mərhələlər, tarixiliklə müasirliyi vəhdətindən ibarət olan hadisələri özündə birləşdirməklə, daha təkmil, daha mütərəqqi və daha effektiv hədəfləri əlçatan etməkdədir. Həmin hədəflər, keçmişdən bu günə və bu gündən gələcəyə uzanan proseslərin məntiqi ardıcıllığını, keyfiyyət tərəfərini və perspektivlərini özündə birləşdirməkdədir. Bütün mərhələlər boyunca özünü göstərən, cəmiyyət üzvlərinin artan təlabatlarının dolğun şəkildə ödənilməsini, aktual və fundamental problemlərin öyrəniləməsi və aradan qaldırılmasını, eyni zamanda, tənzimlənməsini öyrənən elmi mənbə olaraq iqtisad elminin üstünlüklərini qeyd etmək xüsusi ilə gərəklidir. Bu sahədə, təbii ki, iqtisadi elminin inkişafında, araşdırılmasında və nəsillərdən nəsillərə ərmağan olunmasında iqtisad elminin fədakar nümayəndələrinin, xüsusilə də, iqtisadçı alimlərimizin böyük xidmətləri olmuşdur. Belə alimlərimizdən biri də, müasir iqtisad elminin sevilən nümayənlərindən biri olar, əsərləri, təklifləri, yanaşmaları ilə cəmiyyətimizin, elmimizin, təhsilimizin təbliğatçısı, carçısı və yaşadıcısı olan və bununla da, hər birimiz üçün qürur mənbəyinə çevrilən Zahid Məmmədovdur. Zahid Məmmədov iqtisad elminin müasir dövrün çağırışlarına, tələblərinə və reallıqlarına xas olan əsaslarının müəyyən olunmasında, onun nəzəri əsaslarının daha da təkmilləşməsində, eyni zamanda, gənc iqtisadçı nəslin yetişməsində böyük xidmətləri olan dəyərli alimlərimizdən biridir. 31 mart 1965-ci ildə anadan olan dəyərli alimimiz, iqtisad elmləri doktoru, professor, həmçinin, Azərbaycan Respublikasının “Əməkdar müəllim”i olaraq elmimizin və təhsilimizin keşiyində durmaqdadır. İctimaiyyətimiz, elmi mühitimiz, iqtisadçı mütəxəssislərimiz hörmətli Zahid müəllimi iftixarla tanıyır, qəbul edir və onun fəaliyyətini yüksək qiymətləndirir. Sevimli professorumuzun əsərlərində, çoxistiqamətli və çoxmövzulu araşdırmalarında iqtisad elminin olduqca aktual olan problemləri tədqiqat obyektinə cəlb olunur, güclü elmi əsaslarla təhlil olunur və olduqca səmərəli çıxış yolları tapılır. 1993-cü ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən Zahid müəllim, 2001- ci ildə dosent elmi adını almışdır. Zahid müəllimin biz gənc iqtisadçılara qürurverici nümunə olan uğurlarından biri odur ki, O, həm də Türkiyə Cümhuriyyəti ilə Rusiya Federasiyasının da elmi mühitində imzası olan bir fəaliyyət sərgiləmiş, həmçinin hər iki ölkənin elmlər doktoru olaraq fəaliyyətini davam etdirməkdədir. Belə ki, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin Marmara Üniversiteti Bankçılıq və sığortaçılıq İnstitutunun qərarı ilə Bankçılıq elmləri doktoru ünvanı və diplomu verilmiş, 2007-ci ildə isə Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərari ilə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Bununla yanaşı, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülən Zahid Məmmədov, 30 mart 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı ilə daha geniş bir elmi və pedaqoji fəaliyyətlə məşğul olmaqdadır. İqtisad üzrə elmlər doktoru, professor Zahid Məmmədovun elmi yaradıcılığı olduqca hərtərəflidir. Onun əsərləri istər ölkə hüdudlarında, istərsə də dünya miqyasında böyük oxucu kütləsi qazanmışdır. Müəllifi olduğu, 12 dərslik, 25 monoqrafiya, 2 bədii- publisistik kitab, 5 metodik vəsait, 15 tədris proqramı, 100-dən çox elmi məqaləsi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilmişdir. Dəyərli professorun əsərlərində: – bank fəaliyyətinin əsasları;
– müasir maliyyə-kredit institutlarının fəaliyyət istiqamətləri;
– bank sistemində böhran və antiböhran idarəetmə;
– bankların xarici-iqtisadi fəaliyyətinin əsasları;
– maliyyə, pul tədavülü və kredit;
– pul-kredit tənzimlənməsi;
– daxili fiskal siyasət və dövlət maliyyəsi;
– elmi və elmi-pedaqoji kadr hazırlığının hüquqi əsasları;
– beynəlxalq valyuta-kredit münasibətləri;
– xarici ölkələrin pul-kredit sistemi kimi aktual problemlərin tədqiqatlara cəlb olunması ilə iqtisad elmi qarşısında mühüm xidmətləri ilə fərqlənmişdir. Bütün bu qeyd olunan mövzular, alimin kitab, dərslik, dərs vəsaitləri, monoqrafiya, eyni zamanda, metodik vəsaitlər, məqalələr, fənn proqramları və digər əsərlərində araşdırılmışdır. Zahid müəllim, yenilikçi, müasir düşüncənin, ideya və təşəbbüslərin, eyni zamanda, pozitiv yanaşmanın tərəfdarıdır. Müəllifi olduğu “Ən yeni iqtisadiyyat” və “Dünya təcrübəsi kontekstində Azərbaycan iqtisadiyyatı” adlı kitabları bütün dövrlərin aktuallığını hər zaman artıran əsaslandırmalarını özündə birləşdirmişdir. Onun iqtisad elminin inkişafı sahəsində ortaya qoymuş olduğu əsərləri hər kəsi, bütün oxucuları pozitiv düşüncə sahibi olaraq məmnun edir. Əsərləri olduqca anlaşılan, oxucuya zövq verən dildə yazılmış, bütünlükdə, iqtisad elminin olduqca mühüm ifadə formasına çevrilmişdir. Hər bir gənc iqtisadçı Zahid müəllimin əsərlərinin yorulmaz oxucusudur. Müəllif, əsərlərində, iqtisadiyyatı oxucuya yeni iqtisadi fikir, düşüncə və yanşma tərzinin mühüm əsası olaraq təqdim edir. Göstərir ki, iqtisadiyyat sadəcə, böhranların, tənəzzüllərin, tsikllərin öyrənilməsi ilə deyil, həm də, intibahın, tərəqqinin və inkişafın bir sözlə, gözəlliyin hərəkətverici qüvvəsidir. Buna görə də, Zahid müəllim, araşdırmalarının, əsaslandırmalarının və çoxsaylı tədqiqatlarının mühüm nəticəsi olaraq gözəllik iqtisadiyyatını ortaya qoyur. Buna görə də, iqtisadiyyatı, pozitivliyi, inkişafı və gözəlliyi aşılayan dəyərlər məcmusu olaraq məhz Zahid müəllimdən öyrənmək daha
xoşdur.
İqtisad elminin inkişafında tarixən müxtəlif məktəblər, cərəyanlar və ideyalar mövcud olmuş və onların hər biri özlərinəməxsus yanaşma tərzi ilə iqtisadi nəzəriyyə elminin persepktvililiyinə əvəzolunmaz töhvələrini vermişlər. Burada, XVI-XVIIyüzilliklərdə Merkantilislərin, XVIII yüzillikdə Fiziokratların, XVII-XVIII yüzillikdə Klassik məktəbin və digər cərəyanların baxışları iqtisadiyyatı istər müxtəlif tərəflərləri, istərsə də bütöv halda qəbul edib, araşdırmağı və bununla da, təkmil iqtisadi fikir tarixini gündəmə gətirmiş oldular. Bəhs olunan məktəblərin nümayəndələri, Tomas Man, Vilyam Staffor, Qaspar Skarufari, Fransua Kene, Jak Turqo, Viktor Mirabo, Uilyam Petti, Adam Smit, David Rikardo kimi nəhənglər, iqtisad elminin tarixi və iqtisadi inkişaf proseslərinə daha mütərəqqi ideyalar kimi qiymət vermişlər. Məhz müasir dövrdə də, istər ayrı-ayrılıqda ölkələrin milli iqtisadiyyatları, istərsə də, bütövlükdə dünya iqtisadiyyatı elə həmin ideyalar əsasında inkişaf edir, tənzimlənir və idarə olunur. İqtisad elminin müasir mərhələsində Azərbaycan milli iqtisadiyyatının inkişaf etdirilməsində Zahid Məmmədov adını oxumaq, Onun əsərlərini öyrənmək, yanaşmalarını tətbiq etmək, əsərlərimizdə bu dəyərlərə istinad etmək bizlər üçün daha da böyük qürur gətirməkdədir. İqtisad elminin inkişafında, onun elmi və nəzəri əsaslarının müəyyən olunmasında, iqtisadiyyatın sahə strukturu üzrə etibarlı əsaslandırmanın həyata keçirilməsində Zahid müəllimin əsərlərinin mühüm
əhəmiyyətini qeyd etmək olar. Xüsusilə də, gözəllik iqtisadiyyatı adı ilə iqtisadiyyatın yeni dəyərlər əsasında inkişafına yüksək dəyərlər kimi töhvə verməkdədir. Milli iqtisadiyyatların tənəzzüldən inkişafa doğru yönləndirilmiş olması, məhsuldar kadrların daha çox üstünlük təşkil etməsi, iqtisadi proseslərin terrordan çiçəklənməyə və intibaha doğru istiqamətləndirilməsi, fikrin, düşüncənin, ideyanın və təşəbbüsün daha mütərəqqi formada qərarlaşdırılması gözəllik iqtisadiyyatının olduqca mühüm meyarları olaraq çıxış etmiş olur. İqtisadiyyatın təbii olaraq, gözəlliyinin bəyan olunması, onun təkmilləşdirilməsi və inkişaf etdirilməsi bu sırada olduqca mühüm məsələlər olaraq əhəmiyyətli olmaqdadır. Belə qənaətə gəlmək olur ki, Zahid müəllim,gözəllik iqtisadiyyatının müəllifi olaraq:
– İqtisadi fəaliyyətin başlanğıc və bitiş nöqtəsinin məmnunluqdan ibarət olması;
– kadr hazırlığının, yüksək təminatlılığının, keyfiyyət göstəricilərinin daha
dinamik olması, yüksək mənəvi-psixoloji yetkinlikdə formalaşması;
– istehsalçının istehsal etmiş olduğu məhsulun keyfiyyəti barəsində dolğun
məlumatlı olması və tanıtımının daha üstün səviyyədə həyata keçirilməsi;
– fəaliyyətin bütün sferalarının, tərəflərinin və istiqamətlərinin uğurla müşayiət
olunması;
– həyata keçirilən fəaliyyətin, göstərilən xidmətlərin aparıcı həlqələrinin özlərinin
təbii gözəlliyə malik olması;
– iqtisadi gözəlliyin yaşla və mərhələlərlə əlaqəli olmadığını, xüsusilə də,
fəaliyyətlə, dəstəklə, səmərəli xidmətlərlə əlaqəli olduğunu;
– istehsalın bütün tərəflərinə görə orqanik məhsullardan ibarət olan
təşkilatlanmaya malik olması və sünilikdən qorunması;
– bütövlükdə, iqtisadiyyatın təbii gözəlliyə malik olması və pozitiv təsir bağışlamasını ortaya qoyur və bunların uğurlu olacağını əsaslandırır.
XVIII yüzillikdə yaşayan Şotland alimi Adam Smit “Görünməyən əl” ideyasını ortaya qoymaqla, azad rəqabətin, sərbəst iqtisadi fəaliyyətin və iqtisadiyyatın bu əsaslar üzrə inkişafının carçısı olaraq çıxış edirdi. Məhz günümüzdə, Zahid müəllim də “Gözəllik iqtisadiyyatı” ilə sübut edir ki, iqtisadiyyat təbii, orqanik və malik olduğu qanunları əsasında fəaliyyət göstərmiş olarsa, onda daha mütərəqqi nəticələr verər, onun cəmiyyət üzvlərinin artan təlabatları qarşısındakı dayanıqlılığı da möhkəmlənər. Təbii olaraq, bu meyarlar, ölkələrin nəinki, milli iqtisadiyyatlarında, hətta, onların sahə strukturunda, müəssisələrinin və onların kollektivinin fəaliyyətində daha çox özünü
göstərməlidir.
Bu gün Zahid müəllimin 60 yaşı tamam olur. İqtisad elminin yeni inkişaf mərhələlərinin müəyyən olunmasında, dövrün iqtisadi və sosial tələblərinə, çağırışlarına və gerçəkliklərinə xas olan reallıqların genişmiqyaslı tədqiqatlara cəlb olunmasında, onların ölkəmizin uzunmüddətli prioritetlərinə xas olan nəzəri əsaslarının ortaya qoyulmasında dəyərlimiz Zahid müəllimə uğurlar arzulayırıq. Zahid müəllim kimi alimlərimiz böyük İlahinin xalqımıza ərmağanıdır. Hörmətli Zahid müəllimi təbrik edir, ən xoş arzularımızı bildiririk.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az
