Gundelik.az Xəbərlər İqtisadiyyat “iPhone 18 Pro” “Dynamic Island”dan imtina edə və yeni dizayna keçə bilər
Dünya İqtisadiyyat Xəbərlər

“iPhone 18 Pro” “Dynamic Island”dan imtina edə və yeni dizayna keçə bilər

Sızıntıya görə, “Apple”ın 2026-cı il “Pro iPhone” modelləri “Dynamic Island”dan imtina edərək ekranaltı “Face ID” texnologiyasına keçə bilər, standart modellər isə daha konservativ yanaşmanı qoruyacaq.
“iPhone 17″nin təqdimatından təxminən dörd ay keçməsinə baxmayaraq, artıq “iPhone 18” seriyası ilə bağlı şayiələr yayılmağa başlayıb. Son məlumat Çinli mənbə “Digital Chat Station”dan (Weibo vasitəsilə) gəlib və bütün seriya üzrə ekran xüsusiyyətlərinə işıq salır.

Əsas model olan “iPhone 18″in “iPhone 17″dəki ilə eyni — 6,27 düym (marketinqdə 6,3 düym) ölçülü 120 Hz OLED ekranla gələcəyi, “ProMotion” və “Dynamic Island”ı qoruyacağı bildirilir.
Ləğv edildiyi deyilən, lakin yenidən gündəmə gələn “iPhone Air 2” modeli də ilkin “iPhone Air”də gördüyümüz 6,55 düymlük 120 Hz OLED ekranı, eyni “ProMotion” texnologiyasını və “Dynamic Island”ı saxlayacaq.

Qeyri-Pro modellərin hazırkı modellərlə eyni panel texnologiyası və ölçülərlə gələcəyi iddia olunur. Pro modellər isə indiyə qədər heç bir “iPhone”da görmədiyimiz yeniliklə təchiz oluna bilər.

“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin müvafiq olaraq 6,27 düym və 6,86 düym ekranla gələcəyi deyilir. Lakin ön tərəfdə “Dynamic Island” əvəzinə ekranaltı “Face ID” sensorları yer ala bilər. Başqa sözlə, “TrueDepth” sensoru və 3D nöqtə proyektoru ekranın şəffaf bir hissəsinin altında gizlədilə bilər. Ön kamera isə ekranın yuxarı sol küncünə köçürülə bilər ki, bu da Pro modellərə həm fərqli, həm də tanış bir görünüş qazandırar.

Fərqli — çünki bunlar ekranaltı “Face ID” və “punch-hole” kəsiyi ilə gələn ilk “iPhone”lar ola bilər; tanış — çünki “punch-hole” dizaynı (adətən mərkəzdə olsa da) illərdir “Android” smartfonlarda görürük.
Bu, “iPhone 18 Pro” modellərinin interaktiv bildirişlər və arxa planda gedən proseslər üçün məlumatlı status göstəriciləri təqdim edən “Dynamic Island”dan tamamilə imtina edəcəyi anlamına gəlirmi? “Apple” bu funksiyanı saxlayıb, onu tamamilə proqram təminatı əsaslı edə də bilər.

Beləliklə, alıcılar bu sentyabrda (ehtimal edilən “iPhone Fold” ilə birlikdə) “iPhone 18 Pro” modellərini tamamilə yeni dizaynda görə bilərlər. “Dynamic Island”a sahib “iPhone Air 2” də eyni tədbirdə təqdim oluna bilər.

Bu arada, tanış ekran dizaynlı adi “iPhone 18″in 2027-ci ilin yazında, “iPhone 18e” ilə birlikdə təqdim ediləcəyi gözlənilir.

Mənbə:Digital Trends

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version