İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

İnvestisiya şirkətlərinin mənfəəti niyə azalıb? – AÇIQLAMA

Rəsmi hesabatda bildirilir ki, 2025-ci ilin ilk yarısında investisiya şirkətlərinin mənfəəti 67 faiz azalıb. Hesabatda bu azalmanın səbəbi olaraq artan haqq və komissiya, əməkhaqqı və sosial xərclər, eləcə də inzibati xərclər göstərilir.

Dövlət qurumunun dediyi səbəblər rəsmi və həqiqət payı olan texniki izahdır. Amma bu izah problemin əsas səbəbini və kökünü açıqlamır.

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

“Mən bir neçə gün əvvəl mənzil qiymətlərini artıran səbəblər barədə yazmışdım. Əslində, həmin səbəblər investisiya şirkətlərinin mənfəətinin azalmasının da kökündə dayanır. Yəni kapital real sektora yönəlmir, maliyyə dövriyyəsi zəifləyir və nəticədə həm bazarda dəyər yaradılmır, həm də investisiya fəaliyyəti mənfəət gətirmir”, – iqtisadçı bildirib.

İqtisadçının sözlərinə görə, əgər iqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olsaydı, investisiya şirkətləri də artan xərcləri asanlıqla kompensasiya edə bilərdilər: “Amma kapital istehsal və innovasiyaya deyil, daha çox passiv istiqamətlərə yönəldiyi üçün iqtisadi dövriyyə effektiv dərəcədə yüksəlmir. Nəticədə həm bazarda dəyər yaranmır, həm də maliyyə sistemi dayanıqlı gəlir mənbələrindən məhrum olur.

Məhz bu səbəblərə görə də dəfələrlə bildirmişdim ki, Azərbaycanda özəl pensiya fondları yaradılacağı təqdirdə onların uğurlu fəaliyyət göstərməsi çətin olacaq. İndi isə daha sərbəst və peşəkar investisiya şirkətlərinin belə mənfəətinin 67% azalması bu fikirləri artıq ehtimal yox, fakt səviyyəsinə qaldırır. Yəni bazarda vəziyyət elədir ki, investisiyadan gəlir qazanmaq çətinləşir, kapital isə iqtisadiyyata deyil, dəyər yaratmayan sahələrə yönəlir”.

“Əlqərəz, istər investisiya şirkətlərinin mənfəət dinamikası, istər mənzil bazarındakı bahalaşma, istər əməkhaqqı artım tempi, pensiya məbləğləri, DSMF-nin gəlir-xərc balansı, məşğulluq göstəriciləri və regionların inkişaf tempi kimi bütün bu məsələlərin həllində uğurlu nəticələr əldə etmək üçün kapitalın real sektorda dövriyyəsini gücləndirmək, iqtisadiyyatda dəyər yaradan sahələri genişləndirmək və resurslardan səmərəli istifadəni təmin etmək qaçılmaz zərurətdir”, – deyə E. Əmirov qeyd edib.

Gundelik.az