Sentyabr 28, 2026
Baku
Sağlamlıq Xəbərlər

İnsultdan sonra həyat dayanırmı? – Reabilitasiya ilə itirilən funksiyalar geri qayıda bilər

İnsult insan həyatını bir neçə saniyə ərzində dəyişə bilən ən ciddi sağlamlıq problemlərindən biridir. Danışmaq, yerimək, əli-qolu hərəkət etdirmək kimi gündəlik bacarıqlarını itirən insan və onun ailəsi üçün isə bundan sonrakı mərhələ çoxsaylı suallarla başlayır:

Bərpa mümkündürmü? Xəstə yenidən yeriyə, danışa və gündəlik həyatına qayıda bilərmi? Bu prosesdə reabilitasiyanın rolu nə qədər böyükdür?

Mövzu ilə bağlı Gundelik.az-a açıqlamasında tanınmış reabilitoloq və fizioterapevt Afaq Azad insultdan sonra bərpa prosesinin fərdi olduğunu və reabilitasiyanın bu mərhələdə mühüm rol oynadığını bildirib.

“İnsultdan sonra bərpa mümkündür, amma hər xəstədə eyni olmur”

Afaq Azadın sözlərinə görə, insultdan sonra yaranan funksional itkilərin dərəcəsi xəstədən-xəstəyə dəyişir.

“İnsult keçirmiş insan üçün ilk mərhələdə yaranan hərəkət məhdudiyyətləri və digər problemlər çox ağır görünə bilər. Lakin bu, mütləq həmin funksiyaların həmişəlik itirilməsi demək deyil. Beynin bərpa və uyğunlaşma imkanlarından istifadə etməklə müəyyən funksiyaların yenidən inkişaf etdirilməsi mümkündür. Bunun üçün düzgün və sistemli reabilitasiya vacibdir”, – deyə reabilitoloq qeyd edib.

Reabilitasiyaya nə qədər tez başlanmalıdır?

Mütəxəssis bildirib ki, xəstənin tibbi vəziyyəti imkan verdiyi halda reabilitasiya prosesinin gecikdirilməməsi əhəmiyyətlidir.

“Reabilitasiyanın nə zaman və hansı intensivlikdə başlanması xəstənin vəziyyətindən asılıdır. Burada əsas məqsəd sadəcə xəstəni hərəkət etdirmək deyil. Əzələ gücü, tarazlıq, koordinasiya, yerimə və gündəlik fəaliyyətlərin bərpası mərhələli şəkildə həyata keçirilməlidir”, – o vurğulayıb.

“Hər xəstəyə eyni məşq proqramını tətbiq etmək olmaz”

Reabilitoloqun sözlərinə görə, insultdan sonra müalicə və reabilitasiya proqramı fərdi hazırlanmalıdır.

“Bir xəstədə qol və ayaqda ciddi zəiflik müşahidə oluna bilər, digərində isə əsas problem tarazlıq və yerimə ilə bağlı ola bilər. Başqa bir pasiyentdə nitq və ya gündəlik fəaliyyətlərdə çətinlik ön plana çıxa bilər. Buna görə də reabilitasiya proqramı xəstənin konkret ehtiyaclarına uyğun qurulmalıdır”, – deyə o bildirib.

Bərpa prosesi nə qədər davam edir?

Mütəxəssis deyir ki, insultdan sonra bərpa üçün konkret vaxt müəyyənləşdirmək mümkün deyil.

“Bərpa prosesi hər insanda fərqli gedir. Bəzi xəstələrdə ilk aylarda daha nəzərəçarpan irəliləyiş müşahidə olunur. Digərlərində isə proses daha uzun çəkə bilər. Əsas məsələ reabilitasiyanın davamlı olması və xəstənin vəziyyətinə uyğun şəkildə proqramın mütəmadi qiymətləndirilməsidir”.

Ailənin dəstəyi vacibdir

Mütəxəssis insultdan sonra xəstənin ailəsinin rolunun da böyük olduğunu diqqətə çatdırıb.

“Xəstənin yaxınlarının ona düzgün psixoloji və fiziki dəstək göstərməsi çox önəmlidir. Ancaq ailə üzvləri xəstənin bütün hərəkətlərini onun əvəzinə etməməlidir. Əksinə, mümkün olan fəaliyyətləri özü yerinə yetirməsinə şərait yaratmaq lazımdır. Bu, müstəqilliyin bərpası baxımından əhəmiyyətlidir”, – deyə müsahib bildirib.

Əsas məqsəd xəstəni həyata qaytarmaqdır

Reabilitoloq əlavə edir ki, insultdan sonrakı reabilitasiyanın əsas məqsədi yalnız fiziki göstəriciləri yaxşılaşdırmaq deyil.

“Bizim əsas məqsədimiz xəstənin mümkün qədər müstəqil həyata qayıtmasına kömək etməkdir. Yerimək, geyinmək, yemək, şəxsi gigiyenanı təmin etmək və gündəlik fəaliyyətləri mümkün qədər özü yerinə yetirmək kimi bacarıqların bərpası reabilitasiyanın mühüm hissəsidir”.

Afaq Azad sonda insult keçirən şəxslərin və onların yaxınlarının bərpa prosesinə səbirli yanaşmasının vacibliyini vurğulayıb: “İnsultdan sonra hər kiçik irəliləyiş belə önəmlidir. Reabilitasiya uzun və mərhələli proses ola bilər. Əsas olan düzgün yanaşma, davamlılıq və xəstənin fərdi imkanlarına uyğun proqramın tətbiqidir”.

Nurəddin Abdullayev
Gundelik.az