İranın ABŞ tərəfindən istifadə olunan Britaniya hərbi bazalarını “qanuni hədəf” hesab etdiyini açıqlamasından sonra Böyük Britaniya hökuməti ölkənin istənilən hücumdan müdafiəsinə 24 saat hazır olduğunu bəyan edib.
Böyük Britaniya ABŞ hərbçiləri və hərbi təyyarələrinin yerləşdiyi bazalarından ABŞ-yə “müdafiə məqsədli” əməliyyatlar keçirməyə icazə versə də, İrana qarşı birbaşa hücum əməliyyatlarında iştirak etməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanı ABŞ-nin hərbi əməliyyatlarında “cinayət ortağı” adlandırıb. İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-yə hərbi dəstək verən bütün ölkələrin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını açıqlayıb.
Bu açıqlamalar ABŞ-nin İrandakı hədəflərə ardıcıl 13-cü gecə hava zərbələri endirdiyi vaxt səsləndirilib.
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya hökumətini və keçmiş Baş nazir Ser Kir Starmeri müharibəyə kifayət qədər dəstək verməməkdə dəfələrlə tənqid edib. İran isə Böyük Britaniyanı hərbi əməliyyatların iştirakçısı kimi təqdim etməyə çalışıb.
ABŞ Britaniya bazalarından istifadə edir
Mart ayında ABŞ və İsrailin rəhbərlik etdiyi hərbi əməliyyatların başlamasından bir neçə gün sonra Vaşinqtona İranın Körfəz ölkələrinə və Hörmüz boğazındakı gəmilərə qarşı istifadə etdiyi hərbi infrastrukturunu vurmaq üçün Qlosterşirdə yerləşən RAF Fairford bazası və Hind okeanındakı Dieqo Qarsiya bazası da daxil olmaqla Britaniya hərbi obyektlərindən istifadə etməyə icazə verilib.
Bu siyasət ABŞ ilə razılaşmanın uzadılması barədə məlumat alan yeni Baş nazir Endi Börnhem tərəfindən də dəyişdirilməyib.
İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Tasnim agentliyi ABŞ bombardmançı təyyarələrinin iki gün əvvəl RAF Fairford bazasından havaya qalxdığını iddia edib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə bazanın bu həftə ABŞ tərəfindən İrana qarşı əməliyyatlarda istifadə olunub-olunmaması ilə bağlı şərh verməyib.
London: Hər an müdafiəyə hazırıq
İranın təhdidlərinə cavab olaraq Böyük Britaniya hökumətinin sözçüsü bildirib:
“Silahlı Qüvvələrimiz istər ölkə daxilindən, istərsə də xaricdən gələn istənilən hücumdan Böyük Britaniyanı qorumağa hazırdır. Böyük Britaniya özünü müdafiə etmək üçün günün 24 saatı hazır vəziyyətdədir.”
Sözçü əlavə edib ki, NATO müttəfiqləri ilə sıx əməkdaşlıq çərçivəsində hava və raketdən müdafiə sistemi mərhələli şəkildə gücləndirilir. O vurğulayıb ki, Böyük Britaniyanın mövqeyi dəyişməyib: ölkə beynəlxalq hüquqa uyğun hərəkət edərək daha geniş münaqişəyə cəlb olunmadan öz xalqını, milli maraqlarını və müttəfiqlərini müdafiə etmək niyyətindədir.
İranın əvvəlki xəbərdarlıqları
Müharibənin 28 fevralda başlamasından bir neçə gün sonra İranın Londondakı səfiri Seyid Əli Musəvi bildirmişdi ki, Böyük Britaniya müharibəyə qoşularsa, İranın “qanuni özünümüdafiə hüququ” yaranacaq və London bu məsələdə çox ehtiyatlı davranmalıdır.
Martın 19-da İran Hind okeanındakı Çaqos adalarında yerləşən Dieqo Qarsiya bazasına iki ballistik raket atıb. Məlumata görə, raketlərdən biri uçuş zamanı sıradan çıxıb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən məhv edilib.
İrandan təxminən 3 600 kilometr məsafədə yerləşən bu bazaya İranın çata biləcək raketlərə malik olub-olmaması həmin dövrdə müzakirə mövzusu idi. Elə həmin ay İsrail İranın 4 min kilometr mənzilli raketlərə sahib olduğunu və onların nəzəri olaraq Böyük Britaniya ilə Avropanın bəzi ölkələrinə çata biləcəyini iddia etmişdi.
Bununla belə, həmin dövrdə Böyük Britaniyanın mənzil məsələləri naziri Stiv Rid İranın Britaniyanı hədəfə aldığına və ya bunu edə biləcəyinə dair konkret kəşfiyyat məlumatının olmadığını açıqlamışdı.
Analitiklər isə ABŞ zərbələrindən sonra İranın raket arsenalının ciddi şəkildə zəiflədiyini, həmçinin raketlərin etibarlılığı və dəqiqliyi ilə bağlı sualların qaldığını bildirirlər.
Son aylarda İran ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə zərbələr endirib, Hörmüz boğazında mülki gəmilərə hücumlar həyata keçirib və bu mühüm dəniz ticarət marşrutunda gərginliyi artırıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 13-cü gecə hava əməliyyatlarının başa çatdığını açıqlayıb. Bildirilib ki, son hücumlara baxmayaraq Hörmüz boğazı gəmiçiliyə açıq qalır və ticarət gəmiləri ABŞ hərbi qüvvələrinin müşayiəti ilə marşrutlarını davam etdirirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
