Gundelik.az Dünya İngiltərədə radio səhvən Kral III Çarlzın öldüyünü elan edib
Dünya Xəbərlər

İngiltərədə radio səhvən Kral III Çarlzın öldüyünü elan edib

İngiltərədə fəaliyyət göstərən Radio Caroline radiostansiyasının ölkə Kralı III Çarlzın vəfat etdiyini səhvən elan etməsi səbəbindən yayım prinsiplərini pozduğu müəyyənləşib. İngiltərənin rabitə və media tənzimləyicisi Ofcom sözügedən yayımın qaydalara zidd olduğuna qərar verib.

May ayında yayımlanan proqram zamanı əvvəlcədən qeydə alınmış səs faylları efirə verilib. Səs yazısında “Əlahəzrət Kral III Çarlzın vəfatı ilə əlaqədar hörmət əlaməti olaraq normal yayımlarımızı ikinci bir bildirişədək dayandırmışıq” ifadələri səsləndirilib.

Elanın ardından Böyük Britaniyanın dövlət himni səsləndirilib və təxminən 16 dəqiqəlik sükut olub.

Proqramın aparıcısı vəziyyətin anlaşılmasından sonra efirdə üzr istəyərək yanlış məlumatın səhvən yayımlandığını və hadisənin texniki nasazlıqdan qaynaqlandığını bildirib.

Əməkdaş panikaya düşərək studiyanı tərk edib

Ofcom-un apardığı araşdırma zamanı məlum olub ki, studiya kompüterində texniki xidmət göstərən əməkdaş maraq səbəbilə əvvəlcədən qeydə alınmış səs fayllarını açıb və onların efirə getdiyini fərq etməyib.

Əməkdaş vəziyyəti başa düşdükdən sonra səs yazısının yayımını dayandırıb, daha sonra isə panikaya düşərək binanı tərk edib.

Yayım tənzimləyicisi xəbərlərin düzgün və qərəzsiz təqdim edilməsi, eləcə də efirdə buraxılan səhvlərin mümkün qədər tez düzəldilməsi ilə bağlı qaydaların pozulduğunu açıqlayıb.

Qurum ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyan məsələ ilə bağlı ciddi yanlışlığa yol verildiyini və düzəliş elanının təxminən 30 dəqiqə sonra efirə verildiyini vurğulayıb.

Radio rəhbərliyi tədbir görüb

Radio Caroline rəhbərliyi hadisədən sonra məsul əməkdaşa xəbərdarlıq edildiyini və onun üzr istədiyini açıqlayıb.

Bənzər hadisənin təkrarlanmaması üçün sözügedən səs fayllarının kompüterin iş masasından silindiyi və bütün yayım əməkdaşlarına müvafiq prosedurların yenidən xatırladıldığı bildirilib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version