Gundelik.az Dünya İngiltərədə baş nazir postunda sabitlik böhranı: Son 10 ildə 6 baş nazir dəyişib
Dünya Xəbərlər

İngiltərədə baş nazir postunda sabitlik böhranı: Son 10 ildə 6 baş nazir dəyişib

İngiltərədə son 10 ildə yaşanan siyasi çalxalanmalar və lider dəyişiklikləri ölkə tarixinin ən hərəkətli dövrlərindən birinə çevrilib. 2016-cı ilin iyunundan bəri həm Mühafizəkarlar Partiyası, həm də Leyboristlər Partiyası hökumətləri dövründə ümumilikdə 5 dəfə baş nazir dəyişib və ölkəyə 6 fərqli şəxs rəhbərlik edib.

Bu siyasi prosesin başlanğıcı 2016-cı ildə keçirilən Avropa İttifaqı referendumuna gedib çıxır. Həmin vaxt baş nazir olan David Cameron ölkənin Avropa İttifaqında qalmasını müdafiə etsə də, referendumdan Brexit qərarı çıxdıqdan sonra 2016-cı ilin iyulunda istefa verib.

Onun yerinə gələn Theresa May Brexit üzrə ayrılma sazişini parlamentdən keçirə bilmədiyi və partiyadaxili təzyiqlərə tab gətirə bilmədiyi üçün 2019-cu ilin iyulunda vəzifəsini tərk edib.

Boris Conson dövrü və pandemiya qalmaqalları

Theresa Mayın istefasından sonra baş nazir olan Boris Conson “Brexiti həyata keçirmək” vədi ilə girdiyi seçkilərdə böyük qələbə qazandı.

Lakin onun hakimiyyəti dövrü koronavirus pandemiyası zamanı Baş nazirlik iqamətgahında təşkil olunan məclislərlə bağlı “Partygate” qalmaqalı və etik mübahisələrlə yadda qaldı. Artan siyasi təzyiqlər nəticəsində Boris Conson 2022-ci ilin sentyabrında istefa verdi.

Tarixin ən qısa müddətli baş naziri: Liz Trass

Boris Consondan sonra Mühafizəkarlar Partiyasının lideri seçilən Liz Trass 2022-ci ilin sentyabrında baş nazir vəzifəsinə başladı.

Lakin hökumətin açıqladığı mübahisəli vergi endirimi paketi sterlinqin kəskin dəyər itirməsinə və maliyyə bazarlarında ciddi sarsıntıya səbəb oldu. Etimadı itirən Liz Trass cəmi 49 gün vəzifədə qalaraq İngiltərə tarixinin ən qısa müddət fəaliyyət göstərmiş baş naziri kimi istefa verdi.

Rişi Sunak və Leyboristlərin yüksəlişi

Liz Trassın istefasından sonra 2022-ci ilin oktyabrında vəzifəyə gələn Rishi Sunak ölkənin ilk Asiya mənşəli baş naziri oldu və iqtisadi sabitliyi bərpa etməyə çalışdı.

İki il davam edən siyasi çətinliklərdən sonra 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdə Mühafizəkarlar Partiyası böyük səs itkisi ilə məğlub oldu və 14 illik hakimiyyətini itirdi.

Keir Starmerin istefası

Seçkilərdən sonra Leyboristlər Partiyasının lideri Keir Starmer hökuməti quraraq İngiltərənin yeni baş naziri oldu.

Lakin 22 iyun 2026-cı ildə Starmer partiyasının onu növbəti ümumi seçkilərə aparacaq ən uyğun lider hesab etmədiyini qəbul edərək istefa verəcəyini açıqladı. O, baş nazir olmağın həyatının ən qürurverici anı olduğunu bildirdi və hakimiyyətə gəldiyi zaman siyasi, maliyyə və mənəvi baxımdan zəifləyən bir Leyboristlər Partiyası ilə üzləşdiyini vurğuladı.

Starmer partiya daxilində liderliyinə dair sualların artdığını, bu mesajı eşitdiyini və qərarı hörmətlə qəbul etdiyini söylədi. O, yeni lider seçilənədək müvəqqəti olaraq vəzifədə qalacağını və səlahiyyətlərin nizamlı şəkildə təhvil verilməsi üçün çalışacağını bildirdi. Yeni liderin sentyabrda parlament işə başlamazdan əvvəl müəyyənləşdirilməsi planlaşdırılır.

Çıxışının sonunda duyğusal anlar yaşayan Starmer bundan sonra həyat yoldaşı və uşaqları ilə daha çox vaxt keçirmək istədiyini dedi. O, çıxışdan sonra həyat yoldaşını qucaqlayaraq Baş nazirliyin məşhur “10 Downing Street” iqamətgahına qayıtdı.

Beləliklə, Brexit referendumundan bəri İngiltərə artıq yeddinci baş nazirini qarşılamağa hazırlaşır ki, bu da ölkənin son onillikdə yaşadığı siyasi qeyri-sabitliyin ən bariz göstəricilərindən biridir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version