ABŞ-nin Massaçusets ştatındakı Keyp-Kod yarımadasında iki başlı tısbağa balası aşkarlanıb.
Gundelik.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Nadir tısbağa balasını Mass Audubon Wellfleet Bay qoruğunun əməkdaşları taparaq Keyp Vəhşi Təbiət Mərkəzinə aparıblar. Balaca tısbağanın çəkisi cəmi 5,2 qramdır.
Mərkəzdən bildirilib ki, baytarlar tısbağanı yaxından müşahidə edəcəklər: “İki başının və bədəninin bir-biri ilə necə işlədiyi barədə daha çox məlumat əldə edənə qədər baytar komandamız balaca tısbağanı diqqətlə izləyəcək”.
Qeyd olunur ki, bu, son beş ildə yarımadada aşkar edilən ilk belə hadisədir. Bəzi mənbələrdə bu növün nəsli kəsilmək təhlükəsi altında olduğu qeyd edilir.
2021-ci ilin oktyabrında isə Yeni İngiltərə Vəhşi Təbiət Mərkəzinin əməkdaşları iki başı və altı ayağı olan başqa bir tısbağa balası aşkar etmişdilər.
Daha əvvəl ABŞ-nin Yucin şəhərində iki başlı kral pitonunun dünyaya gəldiyi bildirilmişdi. İlanın hər iki başı müstəqil şəkildə hərəkət edə, su içə, dilini çıxara və toxunuşlara reaksiya verə bilirdi.
Nurəddin Abdullayev
Gundelik.az
