Azərbaycanın İrana yardımı regional məsuliyyət və sülh təşəbbüskarlığının göstəricisidir
İran Prezidenti Masud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığında Azərbaycanın İrana humanitar yardım göndərmək niyyətinə görə təşəkkürünü bildirib. Bu addım regionda humanitar həmrəylik və məsuliyyətli dövlət davranışının nümunəsi kimi qiymətləndirilir.
Azərbaycanın İrana humanitar yardım göndərməsi yalnız bir yardım aktı deyil, həm də ölkəmizin beynəlxalq münasibətlər sistemində məsuliyyətli və praqmatik aktor kimi çıxış etdiyini göstərir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyinin və regionda sabitliyə töhfə vermək istəyinin göstəricisidir.
Ekspertlər qeyd edirlər ki, humanitar diplomatiya müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzunu gücləndirən mühüm vasitələrdən biridir. Azərbaycanın müxtəlif ölkələrə humanitar dəstək göstərməsi onun regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini möhkəmləndirir.
Xüsusilə nəzərə alsaq ki, İranda milyonlarla soydaşımız, müsəlman bacı-qardaşlarımız yaşayır. Ərzaq məhsulları və dərman preparatlarından ibarət yardımın müqəddəs Ramazan ayında həyata keçirilməsi isə bu addımın humanitar və mənəvi məzmununu daha da artırır.
Bu təşəbbüs bir daha göstərir ki, Azərbaycan regional gərginliklər fonunda belə humanitar dəyərlərə sadiq qalır, beynəlxalq hüquq prinsiplərini və normal qonşuluq münasibətlərini rəhbər tutur.
Azərbaycanın mesajı aydındır:
Humanitar məsuliyyət, regional sabitlik və sülh təşəbbüskarlığı dövlət siyasətimizin əsas istiqamətlərindən biridir.
Zamin Zeynal,
Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyinin sədri
   
Gundelik.az