Gundelik.az Mədəniyyət və cəmiyyət Hovuza və dənizə girərkən qulaq pərdəsinə diqqət edin
Mədəniyyət və cəmiyyət Xəbərlər

Hovuza və dənizə girərkən qulaq pərdəsinə diqqət edin

Yay aylarında sərinləmək üçün hovuz və dənizə üz tutan milyonlarla insan üçün qulaq sağlamlığının qorunması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə qulaq pərdəsində dəlik olan şəxslərdə suyun orta qulağa keçməsi ciddi infeksiyalara, göbələk yaranmasına və eşitmə itkəsinin ağırlaşmasına səbəb olur.

Qulaq-Burun-Boğaz cərrahı Op. Dr. Emel Peru Yücel bildirib ki, qulaq pərdəsi qulağa dəyən zərbələr, xroniki orta qulaq iltihabı, güclü səs-küy, qəfil təzyiq dəyişiklikləri, suya nəzarətsiz dalış və təyyarə səyahətləri zamanı yaranan təzyiq fərqləri nəticəsində zədələnir.

Onun sözlərinə görə, qulaq pərdəsində yaranan dəlik yalnız eşitməyə təsir etmir, eyni zamanda infeksiya riskini də əhəmiyyətli dərəcədə artırır.

Hovuz və dəniz suyu infeksiya riskini artırır

Mütəxəssis qeyd edib ki, yay aylarında hovuzda, dənizdə və ya çimərkən qulağa daxil olan su, qulaq pərdəsində dəlik olan insanlarda birbaşa orta qulağa keçir. Bu isə xroniki orta qulaq infeksiyalarının kəskinləşməsinə, göbələk infeksiyasının inkişafına və uzunmüddətli dövrdə eşitmə funksiyasının daha da pisləşməsinə səbəb olur.

Bu səbəbdən qulaq pərdəsində dəlik olan şəxslərin qulaqlarını sudan diqqətlə qoruması tövsiyə edilir.

Yücel bildirib ki, qulaq pərdəsi deşilmiş xəstələrdə orta hesabla 20–30 faiz eşitmə itkisi yaranır. Lakin uyğun xəstələrdə bu problem cərrahi üsulla uğurla müalicə olunur.

Timpanoplastika həm eşitməni qoruyur, həm də infeksiyanın qarşısını alır

Həkimin sözlərinə görə, qulaq pərdəsinin bərpası əməliyyatı – timpanoplastika – xəstələrin həyat keyfiyyətini artıran mühüm cərrahi üsuldur. Əməliyyatdan sonra orta qulağa suyun keçməsi əngəllənir və eşitmənin yaxşılaşdırılması hədəflənir.

Əgər yalnız qulaq pərdəsində dəlik varsa və orta qulaqda aktiv infeksiya müşahidə olunmursa, pərdənin bərpası kifayət edir. Lakin orta qulaqda iltihab, eşitmə sümüklərində zədələnmə və ya xroniki infeksiya olduqda, pərdə bərpa edilir, zədələnmiş toxumalar təmizlənir və eşitmə sistemi yenidən qurulur.

Sadə qulaq pərdəsi əməliyyatları adətən 12–14 yaşdan sonra planlaşdırılır. Ancaq irəliləmiş xroniki orta qulaq infeksiyası olan xəstələrdə yaş məhdudiyyəti olmadan cərrahi müdaxilə həyata keçirilir. Nadir hallarda üz sinirinin iflici və ya beyindaxili ağırlaşmalar riski olduqda təcili əməliyyat tələb olunur.

Sağalma prosesi qısadır

Əməliyyatdan sonra xəstələr, adətən, növbəti gün evə buraxılır. Sonrakı dövrdə müntəzəm həkim nəzarəti və sarğıların vaxtında dəyişdirilməsi vacibdir.

Əməliyyat zamanı yerləşdirilən qulaq tamponları adətən 10–14 gün ərzində çıxarılır. Bu müddətdə qulağın sudan qorunması, həkimin təyin etdiyi antibiotikli və lazım gəldikdə kortizon tərkibli qulaq damcılarının müntəzəm istifadəsi infeksiya riskini azaldır və sağalmanı sürətləndirir.

Əksər xəstələrdə sağalma prosesi təxminən 3–4 həftə ərzində tamamlanır.

Yay aylarında qulaq sağlamlığını qorumaq üçün tövsiyələr

Mütəxəssis aşağıdakı məsləhətləri verib:

Hovuz və ya dənizə girərkən həkimin tövsiyəsi ilə qoruyucu qulaq tıxacından istifadə edin.

Qulağa su daxil olarsa, iti əşyalarla müdaxilə etməyin.

Qulaqda axıntı, ağrı, eşitmənin zəifləməsi və ya küy yaranarsa, vaxt itirmədən Qulaq-Burun-Boğaz həkiminə müraciət edin.

Xroniki orta qulaq infeksiyası olan şəxslər yay tətilini planlaşdırmazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər.

Həkim vurğulayıb ki, yay aylarında görüləcək sadə profilaktik tədbirlər qulaq infeksiyalarının və qalıcı eşitmə itkisinin qarşısını böyük ölçüdə ala bilər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version