İranın Hörmüz boğazından keçidlərlə bağlı addımları qlobal balansları sarsıdıb. Ölkələrin strateji ehtiyatlarından 400 milyon barel neft istifadə etməsi cəmi 2–3 həftəlik müvəqqəti təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, Hörmüz tezliklə açılmasa, çox ciddi qlobal nəticələr yarana bilər.
İsrail və ABŞ-ın İrana qarşı ilk hücumu və Tehranın bölgədə demək olar ki, bütün ölkələri vurması ilə başlayan müharibə yeni mərhələyə keçib. İlk günlərdə əsas rol balistik raketlər, kamikadze PUA-lar və çox intensiv hava hücumlarına məxsus idi. Lakin İranın “Hörmüz boğazından keçən hər gəmini vuracağıq” açıqlaması ilə başlayan yeni proses müharibənin gedişatını da dəyişdi.
Hazırda münaqişə artıq yalnız regional böhranla məhdudlaşmır və bütün dünyaya təsir edə biləcək ciddi iqtisadi nəticələrə doğru yönəlir.
Çünki İranın keçidə icazə vermədiyi Hörmüz boğazı qlobal enerji sisteminin əsas damarlarından biridir. Buradan LNG və ya neft daşıyan tankerlərin keçə bilməməsi ciddi nəticələr yaradır.
“400 milyon barel kartı boşa çıxa bilər”
Boğaziçi Universitetinin müəllimi professor Gürkan Kumbaroğlu İranın Hörmüz addımına qarşı Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv ölkələrin “strateji ehtiyatlarımızı istifadə edərik” cavabına ehtiyatla yanaşır.
Kumbaroğlu xatırladır ki, IEA-nın 400 milyon barellik strateji ehtiyatdan istifadə qərarı qurum üçün rekord sayılır. Lakin bu miqdar yalnız müvəqqəti təsir göstərə bilər.
Normal şəraitdə Hörmüz boğazından gündə təxminən 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulu daşınır. Buna görə də 400 milyon barel ehtiyat yalnız 2–3 həftəlik istehlaka bərabərdir.
Kumbaroğlu bildirir ki, Hörmüz boğazı açılmadığı müddətdə neft böhranı daha da dərinləşəcək və qiymət artımı qaçılmaz olacaq:Qlobal enerji təchizatı artıq 20 faiz azalıb. Bu vəziyyət davam edərsə, neft qiymətlərinin artması inflyasiyanı daha da sürətləndirəcək. Bunun yaratdığı iqtisadi çətinliklər bütün dünyaya yayılacaq. 1973–74-cü illərdəki neft böhranında olduğu kimi qlobal staqflyasiya — yəni yüksək inflyasiya, işsizlik və iqtisadi böhran — bizi gözləyə bilər. Bölgəmizi və dünyanı yaxından maraqlandıran bu gərginliyin tezliklə bitməsi hamının xeyrinədir.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
