Livan Səhiyyə Nazirliyi İsrailin Beyruta və Livanın cənubuna hücumlarında 31 nəfərin öldüyünü, 149 nəfərin yaralandığını açıqladı. İsrail bunun “Hizbullahın İsrailə raket hücumlarına cavab olaraq” olduğunu bildirdi.
Hizbullah Livandan İsrailə raket və pilotsuz təyyarə hücumları etdiyini təsdiqlədi. Qrup yazılı açıqlamasında İsrailə edilən hücumların İranın dini lideri Əli Xameneinin öldürülməsinə qarşı qisas olduğunu bildirib. İsrailin cavabından sonra sosial mediada paylaşılan videolarda paytaxt Beyrutun cənubundakı Dahiye üzərində tüstü buludlarının qalxdığı görünür. Gecə ərzində ərazini tərk etməyə çalışan bir çox insan uzun tıxaclar yaradıb. İsrail ordusu Livandakı 50 kənd və qəsəbə üçün təxliyə əmri verib. Livanın Baş naziri Nəvaf Salam sosial media hesabında verdiyi açıqlamada ölkənin cənubundan hücumlara qarşı xəbərdarlıq edib: “Bunun arxasında kimin dayanmasından asılı olmayaraq, Livanın cənubundan raket atmaq məsuliyyətsiz və şübhəli bir hərəkətdir; bu, Livanın təhlükəsizliyini təhlükəyə atır və İsrailə hücumlarını davam etdirmək üçün bəhanələr təqdim edir”, – deyə o bildirib.
Laricani: “ABŞ ilə danışıqlar aparmayacağıq”
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqları bərpa etməyəcək.
Xamneyinin öldürülməsindən sonra Amerika mətbuatına verdiyi açıqlamada ABŞ prezidenti Donald Tramp İranın danışıqlara qayıtmaq istədiyini bildirmişdi.
“The Wall Street Journal” qəzeti də Laricaninin Oman vasitəçiləri vasitəsilə ABŞ ilə diplomatik əlaqələri bərpa etməyi hədəflədiyini yazıb.
Mənbə:BBC.com
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
