Gundelik.az Dünya Hindistanın dağ kəndlərini xilas edən süni buz piramidaları
Dünya Xəbərlər

Hindistanın dağ kəndlərini xilas edən süni buz piramidaları

Hindistanın Ladakh bölgəsində yerləşən yüksək dağ kəndləri iqlim dəyişikliyi səbəbindən ciddi su qıtlığı ilə üzləşir. Əvvəllər əkin sahələrini su ilə təmin edən aşağı hündürlüklü buzlaqlar əridiyi üçün fermerlər yaz aylarında su çatışmazlığından məhsullarını itirirlər.

Bu problemi həll etmək üçün əvvəlcə “buz stupaları” adlanan süni buz qüllələri yaradılmışdı. Qışda dağlardan gətirilən su havaya püskürdülərək dondurulur və yazda əriməsi ilə əkinlər üçün su təmin edilirdi. Lakin sərt şaxtalarda boruların donaraq çatlaması sistemi idarə etməyi çətinləşdirirdi.

Son illərdə isə “Automated Ice Reservoir” (AIR) adlı yeni texnologiya tətbiq olunub. Günəş enerjisi ilə işləyən avtomatlaşdırılmış sistem hava və su temperaturunu izləyərək borulardakı suyun donmasının qarşısını alır, suyu hissə-hissə püskürdərək daha səmərəli şəkildə buz ehtiyatı yaradır.

2025-ci ilin qışında Ladakhda 10 AIR layihəsi həyata keçirilib. Yerli sakinlər bildirirlər ki, sistem sayəsində yeraltı su ehtiyatları bərpa olunur, bulaqlar yenidən canlanır və əkin üçün lazım olan su vaxtında təmin edilir.

Fermerlər hesab edirlər ki, bu texnologiya kənd təsərrüfatını qorumaqla yanaşı, gənclərin iş dalınca kəndləri tərk etməsinin də qarşısını ala bilər.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version