Hindistan Müdafiə Nazirliyi bu həftə Rusiyalı həmkarları ilə daha beş S-400 “Triumf” hava hücumundan müdafiə raket kompleksinin alınması üzrə danışıqlar aparacaq.
Gundelik.az xəbər verir ki, bu barədə “Hindustan Times” bazar ertəsi mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, danışıqlar çərçivəsində Hindistanın uzunmüddətli müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə beş S-400 sisteminin birgə istehsalı və ya alınması variantları müzakirə olunacaq. Artıq alış qiyməti üzrə ilkin razılıq əldə edilib, lakin bir sıra texniki və hüquqi məsələlər hələ yekunlaşdırılmayıb.
Məlumata görə, potensial razılaşma çərçivəsində üç sistem birbaşa alınacaq, qalan iki sistem isə texnologiya transferi yolu ilə Hindistanın özəl şirkətləri tərəfindən yığılacaq. Bundan əlavə, yeni saziş Hindistanın özəl sektoru ilə əməkdaşlıq çərçivəsində S-400-lərin texniki xidməti və təmirini də əhatə edəcək. Razılaşmanın Rusiya prezidenti Vladimir Putinin dekabrın 5-də Hindistana səfərindən əvvəl təsdiqlənəcəyi gözlənilir.
HT-nin məlumatına görə, Hindistan həmçinin Su-30MKI qırıcılarının döyüş qabiliyyətini artırmaq üçün Rusiyadan 200 km-dən çox mənzilli R-37 hava-hava raketləri alacaq. Hindistanın müdafiə naziri Rajnath Singh S-400 sistemlərinin may ayında Pakistanın hücumlarını dəf etməkdə səmərəli olduğunu bildirib. Belə ki, bu sistemlər Adampur və Phuc hava qüvvələri bazalarına hücum cəhdləri zamanı döyüş qabiliyyətini və sağ qalma imkanını nümayiş etdirib.
Qeyd edək ki, Hindistanla Rusiya arasında 2018-ci ilin oktyabrında imzalanan müqaviləyə əsasən, ölkə beş S-400 alay sistemi üçün 5,43 milyard dollar ödəyib. “India Today”in may ayında verdiyi məlumata görə, Sindoor əməliyyatı zamanı sistemlərin uğurlu istifadəsindən sonra Hindistan Rusiyadan əlavə S-400 partiyası almaq niyyətindədir.
Analitiklər bildirirlər ki, Hindistanın əlavə beş S-400 sistemi əldə etməsi ölkəyə sərhədləri boyunca istənilən hava hücumlarından müdafiə olunmağa və şimal bölgələrdə hava hücumundan müdafiə sahəsindəki boşluğu doldurmağa imkan verəcək.
Gundelik.az
