Bəxtiyar Vahabzadə – 100
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 fevral 2025-ci ildə xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır.
“Məktəbdə bütün təlim-tərbiyə işi şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını təmin etməyə, hər bir gəncə öz qüvvə və qabiliyyətinə uyğun sevimli peşə növü tapmaqda kömək göstərməyə, əməyin vətəndaşlıq başlancığını dərk etməyə yönəldilməlidir. Burada müəllimin hazırlığından, onun şəxsiyyətindən çox şey asılıdır” – deyən Bəxtiyar Vahabzadənin pedaqoji baxışlarında müəllim və onun peşə keyfiyyətləri haqqında fikir və mülahizələri də əhəmiyyətli yer tutur. Bu fikirləri əhəmiyyətli edən cəhət ilk öncə müəllim kimidir? onun cəmiyyət həyatında yeri və mövqeyi nədən ibarətdir? və s. bu kimi suallara şairin verdiyi yüksək nəzəri-pedaqoji səviyyəsi ilə seçilən cavab – qənaətləridir. Burada B.Vahabzadə həqiqətən özünəqədərki klassik pedaqoji fikrin bütün əsas xəzinəsini mənimsəmiş nəzəriyyəçi pedaqoq səviyyəsinə yüksəlir.
Şairin hələ 1978-ci ildə müəllimlərin VI qurultayındakı çıxışında böyük mütəfəkkir Platonun (və digər pedaqoqların) müəllimin cəmiyyətdə yeri və mövqeyi haqqında məşhur fikirlərinə münasibət bildirərək göstərir ki, gəncliyi böyük fikir, ideya və əməllərlə silahlandırmaq, gözlərinə işıq, ürəklərinə od vermək, ən ümdəsi isə onlara düşünməyi öyrətmək müəllimə bağlıdır. Cəmiyyət bu gərəkli vəzifəni müəllimə tapşırmışdır. Sonra o, fikirlərini daha da aydınlaşdırmaq və müəyyənləşdirmək naminə və böyük bir özünəməxsusluqla yazırdı: “Müəllim hələ ayna kimi saf olan uşaq beyninə pis toxumlar da əkə bilər, gözəl və faydalı toxumlarda. Pis toxumların məhsulu qanqal, kol-kos, yaxşı toxumların məhsulu isə qızılgül və faydalı meyvələr olar. Buradan müəllimin cəmiyyətdəki yeri aydın olur”.
B.Vahabzadəyə görə əgər müəllim öz sənətinə məsuliyyətini bütün səmimiyyəti ilə dərk edərsə, yalnız bu zaman o cəmiyyətimizdə milli ideallarımıza layiq vətəndaş yetirmək vəzifəsini yerinə yetirə bilər. Müəllimin işi o zaman şərəfli olur ki, cəmiyyət üçün vətəndaş hazırlamaq məqsədi onun həyat idealı və amalına çevrilsin. Ölkənin vətəndaşının, millətinin gələcəyi olan balalarımızın həyatda tutacağı mövqe məhz müəllimin ona verəcəyi tərbiyənin necəliyindən asılıdır. Müəllim öz gələcəyini də qarşısında əyləşən körpə balalarda görməlidir.
Məlumdur ki, geniş anlamda məktəbin vəzifəsi tərbiyə vəzifəsidir. Məktəbdə əsas sima olan müəllim isə hər şeydən əvvəl tərbiyəçidir. Deməli, müəllimin başlıca vəzifəsi öz yetirmələrinin ağlını, qəlbini, xarakterini, dünyagörüşünü tərbiyə etmək, ləyaqətli vətəndaşlar yetişdirməkdən ibarətdir. Bunun üçün müəllimin özü həqiqi vətəndaş olmalı, onda vətəndaş ürəyi çarpmalıdır. Daha doğrusu, müəllim öz vətənini, onun tarixini, mədəniyyətini, dilini və ədəbiyyatını öyrənib sevməlidir ki, bu yüksək keyfiyyətlərə yiyələnmiş vətən övladları yetişdirə bilsin. Gənc nəslin Vətənə namuslu xidmət etməyə hazırlanması işi tədris etdiyi fəndən asılı olmayaraq müəllimin vəzifə duyğusu, borc hissidir. Şairin fikrincə, hər şey bu dediklərimizdən başlayır, elm, bilik sonrakı məsələdir.
O, yazır: “Mən inanmıram ki, bir adam yaxşı vətəndaş ola, amma eyni zamanda savadsız ola; vətən sevgisi mütləq onun öz biliyini artırmağa gətirib çıxaracaqdır”. Lakin, buradan belə bir nəticə çıxarılmasın ki, görkəmli sənətkar müəllimin öyrətmə vəzifəsini məhdudlaşdırmaq istəmişdir. Əksinə, şair göstərir ki, biliksiz müəllim işıqsız çıraq, quruyan bulaq kimidir. Savadsız müəllim olmaq ən böyük cinayətdir; o neçə-neçə uşaq nəslini şikəst edə bilər, cəmiyyətə nə qədər “zay məhsul” verər. Ona görə də müəllim kadrlarının hazırlanmasına böyük diqqət və məsuliyyətlə yanaşmaq lazımdır. B.Vahabzadə müəllim nüfuzu və onun şəxsiyyətinə hörmət, qayğı və məhəbbət məsələlərinə də toxunmuşdur. O, müəllim nüfuzu və hörməti necə qazanır? sualına “ilk növbədə biliyə, tədris etdiyi fənnə böyük və tükənməz məhəbbəti, böyük duyğularla yaşaması, mənəvi təmizliyi, yəni yenə də vətəndaşlığı ilə” deyərək cavab verdikdən sonra konkret faktlarla fikrini tamamlayır, təsdiqləyir: “…Müəllim körpələr üçün Allah qədər müqəddəs görünür. El misalıdır deyərlər: “Uşaq atasından güclü, müəllimlərindən bilikli adam tanımır”.
Lakin vay o gündən ki, uşağın təsəvvüründən bu böyüklüyü, bu müqəddəsliyi müəllim öz hərəkətləri ilə poza. Bunu heç bir müəllimə bağışlamaq olmaz! Mən hələ rayonda (Şəkidə – K.C.) ibtidai məktəbin ilk siniflərində oxuduğum zaman müəllim haqqında belə bir təsəvvürdə idim. Sinif müəllimimiz Şirəli müəllimi o qədər müqəddəs hesab edirdim ki, mənə elə gələrdi ki, o, bizim kimi çörək yemir, su içmir. O, gündüzlər bizə dərs deyir, gecələr mələk olub göylərə çəkilir.
Bir gün tənəffüs zamanı məktəb həyətində oynayırdıq. Şirəli müəllim məni yanına çağırdı. Cibindən pul çıxarıb dedi: – Al bu pulu, get, bax o çörəkçidən mənə bir dənə çörək al gətir. Ancaq yaxşı bax, isti olsun. Mən yerimdə donub qaldım: “Müəllim çörəyi neyləyir görəsən?” Bizim məktəbin yanında tində qoca bir kişi həmişə isti təndir çörəyi satırdı. Müəllim də mənə bunu nişan vermişdi. Çörəyi alıb gətirdim. Müəllim aldı, çörəyi yoxlayıb geri qaytardı.
– Sənə demədim ki, isti çörək olsun? Apar bunu qaytar, istisini al gətir.
Qayıtdım. Çörəkçi mənim sevimli müəllimimin ünvanına nalayiq sözlər deyib, çörəyi dəyişdirdi. Mən yerimdəcə donub qalmışdım. Bir tərəfdən qocaya cavab qaytara bilmir, ikinci tərəfdən əsəbləşirdim. Axı mənim müəllimim belə sözlərə layiq deyildi. Çörəyi gətirib müəllimimə verdim. Müəllimim: “Bu, başqa məsələ”, – deyə bir tikə qoparıb ağzına qoydu. Mən bu dəfə dəhşətə gəldim. “Necə? Müəllim çörək yeyir?
Bu əhvalat mənim müəllim haqqında gözəl təsəvvürümə ilk böyük zərbəni vurdu. Mən bu məsələnin pedaqoji tərəfini deyə bilmərəm. Lakin bir şeyi bilirəm ki, müəllim məni çörəyə göndərməklə çox böyük təsəvvürümü qırmaqda haqlı deyildi”. B.Vahabzadəyə görə müəllim üçün vacib keyfiyyətlərdən biri öz sənətinə, fənninə və uşaqlara məhəbbətin olmasıdır. Belə məhəbbətdən mərhum olan şəxslərdən (onlar nə qədər hazırlıqlı olsalar da belə) yaxşı müəllim çıxmaz. Əsl müəllim öz fənninin vurğunu olmalı, bu sevgini, vurğunluğu şagirdlərinə də aşılamağı bacarmalıdır.
Lakin görkəmli sənətkarın haqlı qeyd etdiyi kimi bəzən elə müəllimlər olur ki, onlar nə öz fənnin sevir, nə də qarşısında oturan vətən övladlarına məhəbbəti olur. Belə müəllimlər: “… öz peşəsinin fəlsəfi mənasını, xidmətin böyüklüyünü dərk edə bilmir, 45 dəqiqə dərs müddətində gözü saatda, fikri maaş cədvəlində olan müəllim mənasız ötürdüyü dəqiqələrin ictimai mənasını, cəmiyyət üçün nə qədər böyük faydalar verə biləcəyini dərk edə bilmir.
Müəllim dərs dediyi körpə balaların hər birinin cəmiyyət üçün nə qədər faydalı ola biləcəyini düşünüb, onlara mənəvi ata gözü ilə baxmasa, onları nə üçün, kim üçün yetisdirdiyini bilməsə, bir sözlə, peşəsinin əhəmiyyətini və cəsarətlə deyərdim ki, bu peşənin bütün peşə və sənətlərdən üstün olduğunu dərk etməsə, onun dediyi dərsin nə mənası?”.
Bu fikirlər müəllimdən şagirdlərlə yaxın, səmimi olmağı tələb edən böyük çex pedaqoqu Y.A.Komenskinin “ata kimi hərəkət etməyə başlamasan, müəllim kimi işləyə bilməzsən” məşhur müddəası ilə səslənir. Bir cəhəti də qeyd edək ki, Y.A.Komenskinin əqidəsinə görə dünyada müəllimlik qədər gözəl peşə yoxdur. Əgər B.Vahabzadənin də bu əqidədə olduğunu görürüksə, deməli müəllimin bütün zamanlar üçün həyat prinsipləri olacaq bu müddəalara (pedaqogika elmi bunu hər zaman təsdiqləyir) hər iki mütəfəkkirin münasibəti alqış və təqdir olunandır. Görkəmli rus pedaqoqu K.D.Uşinski, müəllim gənc qəlb üçün heç bir şeylə əvəz edilə bilməyəcək günəşin parlaq şüası adlandırır və yazırdı: “İnsan tərbiyəsinin ən başlıca
yolu əqidədir. Əqidəyə isə ancaq əqidə yolu ilə təsir etmək olar… Tərbiyəçinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir tərbiyə qüvvəsidir ki, onu nə dərs kitabları ilə, nə əxlaqi nəsihətlərlə və nə də cəza və mükafat sistemi isə əvəz etmək olar. Əlbəttə, müəllim müəssisənin ruhunun da böyük əhəmiyyəti vardır; lakin bu ruh kağızlar üzərində yaşamır, əksinə, müəllimlərin əksəriyyətinin səciyyəsində yaşayır və oradan da tərbiyə edilənlərin səciyyəsinə keçir”.
Şairin haqlı qeyd etdiyi kimi mənəvi gözəllik və təmizlik tərbiyə məsələsidir. Bu mənada həqiqi müəllim uşağa yalnız bilik öyrətməklə kifayətlənmir, o digər bir cəhətdən də, yəni öz mənəvi təmizliyi ilə də uşaq ruhuna müsbət mənəvi keyfiyyətlər aşılamaq iqtidarına malikdir. Uşaq belə müəllimi özünə ideal seçərsə, bu gözəl nümunədən təsirlənərsə, əlbəttə ki, bu zaman tərbiyənin effektli olacağına, sonrakı müsbət idealın formalaşaçağına inam yaranar, əminlik olar. Buna isə o zaman nail olmaq olar ki, “Müəllim dərs dediyi zaman unutmamalıdır ki, onun sözlərinə, sözlərinin gözəlliyinə, ahənginə və məzmununa bir sinif uşaq, hərəkətlərinə, geyiminə, davranışına nə qədər göz, rəftarına, münasibətinə nə qədər ağıl və ürək diqqət yetirir”. Fikrimizcə, müəllimin tərbiyədə şəxsi nümunəsinin, rolunun bundan gözəl ifadəsi çətinki mümkün olsun. Lakin B.Vahabzadə bununla kifayətlənmir, mütəfəkkir şair, ustad pedaqoq həssaslığı ilə müəllimlərin diqqətini belə bir cəhətə çəkir ki: “Uşaq həmişə kimisə, nəyisə təqlid etməyi, özünü, ona oxşamağı sevir. Uşaq atasından güclü, müəllimindən bilikli adam tanımır. Uşağın bu düşüncəsinə xələl gətirməmək üçün müəllim özünə, sözünə, rəftarına nə qədər diqqətli olmalıdır. Müəllimində təqlidə, pərəstişə layiq heç nə görə bilməyən şagirdlərin vay halına!”.
Həqiqətən də uşaq öz müəllimindən yalnız fənni yox, həm də əxlaq dərsi öyrənərsə müəllimin təqlid yoluyla onda hələ körpəlikdən gözəl insani sifətlər tərbiyə olunar. Şairə görə, xoşbəxt o uşaqlardır ki, onların müəllimləri sözün geniş mənasında, pərəstişə layiqdir. Təsadüfi deyildir ki, B.Vahabzadə mənəvi ata kimi qiymətləndirdiyi ədəbiyyat müəllimi olmuş İbrahim Cəfərə ayrıca bir publisistik məqalə, Səidə İmamzadəyə isə lirik şeir həsr etmişdir. Əziz və sevimli müəllimi İ.Cəfərin özünün ruhuna, mənəviyyatına necə bir gözəl təsirlər etdiyini göstərən bu parçaya diqqət yetirək:
“… Mənim çox gözəl ədəbiyyat müəllimim olmuşdur. Mənə ilk dəfə dünyanın böyük dahilərini, Homeri, Nizamini, Tolstoyu, Şekspiri, Füzulini, Sabiri o tanıtmış, o, sevdirmişdir, İbrahim Cəfər! (filoloq Əkrəm Cəfərin qardaşı). Bu ad mənə həmişə yuxarıda adlarını çəkdiyim dahilər qədər əziz və böyükdür. O, bizə şeirdən danışanda şair, nəsirdən danışanda nasir, tarixdən danışanda tarixçi bilərdik. O, danışanda dediyi sözlərin arxasında özü əriyər, itər, gözümün qarşısında yaradıcılığından danışdığı şairləri, ədibləri görərdim… Xatirəsi həmişə mənim yanımda əziz olan bu böyük insanı, bu gözəl müəllimi mən heç bir zaman unuda bilmərəm. Bəlkə də mənim qəlbimə ilk ilham toxumlarını o, səpmişdir. Mən bu gün universitetdə dərs dediyim zaman, onun danışıq tərzini, hərəkətlərini təqlid edirəm”. Müəllimlik peşəsini şərəfli və məsuliyyətli edən mühüm bir cəhət onun bu gün sabahın qurucusu, yaradıcısı kimi fəaliyyət göstərməsidir. Onun tərbiyə etdiyi, formalaşdırdığı uşaq, sabah cəmiyyət həyatının fəal iştirakçısıdır. Məşhur bir deyimdə deyildiyi kimi sabahımızın necəliyi bu günkü gəncliyə verilən tərbiyənin necəliyindən asılıdır. Məktəb biliyin, işığın, həqiqətin, gözəlliyin qaynağı, başlancığıdır. Təsadüfi deyildir ki, H.Zərdabi, M.Ə.Sabir, C.Məmmədquluzadə, S.M.Qənizadə, R.Əfəndiyev, F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov, H.Cavid kimi maarifçi ziyalılarımız xalqın nicatını və səadətini elmdə, maarifdə görürdülər. Bu maarif fədailərinin milli məktəblərin açılmasında, xalqın savadlanması uğrunda mübarizədə xidmətləri əvəzsiz, unudulmazdır.
Onlar müəllimliyə xalq üçün yanmaq kimi baxmış, öz şəxsi arzularını və mənafelərini unudub xalqın yüksəliş, intibah arzusu ilə yaşamış vətəndaş, pedaqoq-müəllimlər idilər.
Burada bir cəhəti də qeyd edək ki, B.Vahabzadəyə görə uşaq beynində ilk naxışlar açan müəllimə peşəkar yox, sənətkar demək lazımdır. Müəllimlik peşə deyil, sənət adlandırılmalıdır. Çünki onda yaradıcılıq xüsusiyyətləri daha çoxdur. Maraqlıdır ki, bu
fikir şairin təkcə publisistikasında yox, lirikasında da qabarıq şəkildə görürük:
Müəllim, qayğınla böyüyür insan,
Sən əqlə, kamala qanad verirsən.
Ana dilimizin gur bulağından,
Körpə balalara su içirirsən.
Daşda naxış açan memara bax bir,
Bu sənət heç kəsə gəlməsin asan.
Gör sənin sənətin necə çətindir,
Canlı beyinlərdə naxış açırsan.
Alim kəşf eləyir, yazır, mütəssil,
Sənin də bunlarda var alın tərin,
Sən də yaradansan, kitablar deyil,
Alimin özüdür sənin əsərin.
B.Vahabzadəyə görə müəllim təbliğatçı olmalı, cəmiyyət hadisələrinə, həyat işlərinə müdaxilə etməyi bacarmalıdır. Müəllim bir ziyalı kimi evini vətən, qohum- qardaşlarını millət sayan, Vətən namusuyla yaşayanlara qarşı mübarizə aparmalı, xalqın özünü bir xalq kimi dərk etməsində yeganə yolun “mən”dən yox, “biz”dən keçdiyini başa salmalıdır. Müəllim-ziyalı bu adi və adi olduğu qədərdə böyük bir həqiqəti gur səslə bəyan etməlidir ki, xalqımızın yetişdirdiyi Nizami, Füzuli, Mirzə Cəlil, Səməd Vurğun kimi söz ustaları, Əcəmi kimi memarı, Nəsrəddin Tusi, Yusif Məmmədəliyev kimi alimləri, Üzeyir Hacıbəyov kimi sənətkarı yalnız bir nəfərin, bir kəndin, bir şəhərin deyil, hamımızındır. Dahiləri yetişdirən ictimai ocaqlar – təhsil müəssisələri və təsisatları da hamımızındır.
Məndən olsaydı, əlifbadakı sıra qanunlarını pozub, “müəllim” sözünü bütün dillərin lüğətində ilk söz kimi qəbul edərdim – deyən B.Vahabzadə həmişə həm şair, həm də müəllim olduğunu fəxrlə, uca səslə söyləmişdir. Müəllimlik və şairlik həqiqətən onun qoşa qanadıdır. Bununla belə o, bu iki sənət arasında yaxın və uzaq cəhətləri, özünəməxsusluğu ayırd etməyi, fərqləndirməyi də unutmur: “Mən həm şairəm, həm də müəllim. Şairlikdəki qüsurlarımı tənqidçilər deyir. Bu qüsurların bir çoxu mənim üzərimdə az işləməyimdən, öz sənətimə lazımınca can yandırmamağımdan irəli gəlmir, bir sözlə, bu qüsurlar məndən asılı deyil; daha doğrusu, bu, təbiətin mənə bəxş etdiyi istedadın mənim və tənqidçimin arzuladığından az olduğunu göstərir. Amma müəllimlikdəki qüsurlarım mənim özümdən asılıdır. Bu ya savadımın, ya da zəhmətimin azlığından irəli gəlir. Buna görə də şairlikdəki qüsurlarımı müəyyən qədər özümə bağışlasam da, müəllimlikdəki qüsurlarımı bağışlaya bilmirəm.
Əziz müəllimlər! Gəlin özümüzə qarşı ən böyük ittihamçı özümüz olaq. Çünki adımız öyrənən deyil, öyrədəndir, müəllimdir”.
Yekun olaraq qeyd edək ki, müəllim və müəllim hazırlığı məsələlərinə böyük önəm vermişdir. Bəxtiyar Vahabzadənin müəllim haqqında görüşlərindən bizə məlum olur ki, müəllimin hörmət və nüfuz qazanması onun ilk növbədə biliyə, tədris etdiyi fənnə böyük və tükənməz məhəbbət, böyük ideallarla və duyğularla yaşaması, vətəndaşlığı və vətənpərvərliyi ilədir. Müəllimin vacib keyfiyyətləri sırasında ilk növbədə uşaqlara, öz sənətinə və fənninə məhəbbəti durur. Müəllim mənən gözəl və təmiz olmalı, cəmiyyət həyatında fəal mövqeyi ilə seçilməlidir.
KAMAL HƏSƏN oğlu CAMALOV
Pedaqogika elmləri doktoru
Naxçıvan Müəllimlər İnstitutunun professoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Gundelik.az

