Payız mövsümü ilin ən dəyişkən dövrlərindən biridir. Havanın soyuması, rütubətin artması və gündəlik həyat ritminin dəyişməsi insan sağlamlığına birbaşa təsir göstərir.
Xüsusilə məktəb və bağçaların fəaliyyətə başlaması, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi bu dövrdə yoluxucu xəstəliklərin artmasına səbəb olur.
Bu barədə həkim-pediatr Elşən Tağıyevin Gundelik.az saytına verdiyi müsahibəni təqdim edirik:
Payızda hansı xəstəliklər daha çox artır?
— Payız mövsümündə ən çox rast gəlinən xəstəliklər bunlardır:
Qrip və digər respirator viruslar (RSV, adenovirus, rinovirus)
Tonzillit və farenqit kimi boğaz infeksiyaları
Allergik rinit və mövsümi allergiyalar
Bronxit, astma kəskinləşmələri
Mədə-bağırsaq virusları (rotavirus, norovirus)
Xüsusilə uşaqlarda bağça və məktəb mövsümünün başlaması infeksiyaların daha sürətlə yayılmasına şərait yaradır.
Havanın dəyişməsi immunitetə necə təsir edir?
— Temperaturun kəskin düşməsi və rütubətin artması orqanizmin adaptasiya sistemini yükləyir. Bu dəyişikliklər:
immun hüceyrələrin fəaliyyətini zəiflədir,selikli qişaların müdafiəsi zəifləyir,virusların daha uzun müddət havada qalmasına şərait yaradır.
Sərin hava zamanı burun-udlaq selikli qişasının qan dövranı zəiflədiyinə görə orqanizm viruslara qarşı daha həssas olur.
Xəstəliklərin artmasının əsas səbəbləri:
Payız aylarında yoluxucu xəstəliklərin çoxalması təsadüfi deyil. Əsas səbəblər bunlardır:
Qapalı məkanlarda çox vaxt keçirmək
Havanın soyuması ilə insanlar daha çox qapalı yerlərdə olur. Bu isə virusların daha asan ötürülməsinə imkan yaradır.
Məktəb və bağça mövsümü
Uşaqlar arasında sıx təmas infeksiyaların yayılmasını sürətləndirir. Bir uşaq yoluxduqda sinif və ya qrup daxilində tez bir zamanda bir neçə nəfərə keçə bilir.
Temperatur dəyişkənliyi
Səhər-soyuq, günorta-isti hava bədənə əlavə stress yaradır və immun sistemi zəiflədə bilir.
Günəş işığının azalması
Payızda günəş radiasiyası azalır və bu, D vitamini səviyyəsinin enməsi ilə nəticələnə bilər. D vitamini çatışmazlığı immun sistemini bir qədər zəiflədir.
Payız mövsümü xəstəliklərin artdığı bir dövr olsa da, düzgün gigiyena, mövsümi peyvəndlər və sağlam həyat tərzi ilə bu riskləri minimuma endirmək mümkündür.
Aktual mövzuya aydınlıq gətirdiyi üçün həkim-pediatr Elşən Tağıyevə təşəkkürümüzü bildiririk.
Hazırladı: Zümrüd Əsədova
Gundelik.az
