Gundelik.az Dünya Hantavirusa yoluxmuş üç türk sərnişin də təxliyə edilib
Dünya Xəbərlər

Hantavirusa yoluxmuş üç türk sərnişin də təxliyə edilib

Hantavirus epidemiyası ilə əlaqəli gəmidən təxliyə edildikdən sonra Fransaya gətirilən bir sərnişinin də hantavirus testi müsbət çıxıb. Xəstəliyin simptomları olan Fransa vətəndaşının Tenerifedən Parisə uçuş zamanı simptomlar göstərdiyi bildirilir.

Ölkələr təxliyə etdikləri vətəndaşları üçün fərqli tədbirlər görürlər.

Fransa hökumətinin açıqlamasına görə, təxliyə edilən vətəndaşlar əvvəlcə xəstəxanada 72 saat karantinə alınacaqlar. Daha sonra onlar 45 gün evdə təcrid olunacaqlar. Kanar adalarından Madridə gətirilən 14 İspaniya vətəndaşı paytaxtdakı hərbi hospitalda məcburi karantinə yerləşdiriləcək.

Türkiyə Səhiyyə Nazirliyi həmçinin gəmidə olan üç vətəndaşın mayın 10-da Türkiyəyə gətiriləcəyini açıqlayıb.

Bu şəxslərin “heç bir simptom və ya xəstəlik əlaməti” göstərmələrinə baxmayaraq karantinə alınacağı açıqlandı. Son təxliyə uçuşunun bazar ertəsi günü Avstraliyaya yola düşməsi gözlənilir.

Gəmidə səyahət edərkən ölən üç sərnişindən ikisinin virus testi müsbət çıxıb.

Hondius gəmisi, ilk sərnişininin göyərtədə ölməsindən bir ay sonra, bazar günü sübh tezdən Tenerifedəki Qranadilla limanına lövbər saldı.

Yüzdən çox sərnişin və heyət üzvünün təxliyəsi üçün genişmiqyaslı əməliyyat həyata keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da təxliyəni müşahidə etmək üçün Tenerife adasına səfər edib.

Qebreyesus Tenerife xalqının narahatlıqlarını anladığını bildirərək dedi: “Narahatlığınız haqlıdır, çünki Covid təcrübəsindən qaynaqlanan travma hələ də zehnimizdə təzədir”.

Qebreyesus həmçinin bildirib ki, ABŞ-ın hantavirusun yayılması ilə bağlı ÜST-ün qaydalarına əməl etməmək qərarı “risklərlə nəticələnə bilər”.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ictimai səhiyyə riskinin aşağı olduğunu iddia etdi.

 

Mənbə:BBC

Tərtib etdi:Səid Mikayılzadə

Gundelik.az

Exit mobile version