Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfərinin olduqca səmərəli keçdiyini bildirib və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən özünə təqdim edilən dövlət təltifini almaqdan qürur duyduğunu qeyd edib.
Fidan sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Türkiyə ilə Ukrayna arasında strateji tərəfdaşlığın getdikcə daha da möhkəmləndiyi bir dövrdə Ukraynaya çox məhsuldar səfər həyata keçirilib.
O, göstərilən qonaqpərvərliyə görə başda Ukraynanın xarici işlər naziri Andrii Sıbiha olmaqla bütün ukraynalı rəsmilərə təşəkkür edib. Fidan səfər çərçivəsində Prezident Volodimir Zelenski, Prezident Aparatının rəhbəri Kirilo Budanov və xarici işlər naziri Andrii Sıbiha ilə görüşdüyünü, bu görüşlərdə ikitərəfli münasibətlərin və Rusiya–Ukrayna müharibəsindəki son vəziyyətin ətraflı müzakirə olunduğunu bildirib.
Nazir vurğulayıb ki, müharibə şəraitinə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq daha da dərinləşir. Onun sözlərinə görə, səfərdən dərhal əvvəl Ukrayna Parlamenti tərəfindən təsdiqlənən Azad Ticarət Sazişi iş adamları üçün yeni imkanlar yaradacaq və iqtisadi tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıracaq mühüm mərhələ olacaq.
“Sülhə töhfə verəcək hər cür təşəbbüsü dəstəkləməyə hazırıq”
Hakan Fidan bildirib ki, səfər zamanı Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqlənib.
O qeyd edib:
“Türkiyə olaraq tərəfləri yenidən danışıqlar masası arxasında bir araya gətirəcək və davamlı sülhə töhfə verəcək hər cür təşəbbüsü dəstəkləməyə hazırıq.”
Fidan həmçinin Kiyevdə Krım tatarlarının milli lideri Mustafa Abdülcəmil Kırımoğlu və Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov ilə görüşdüyünü, soydaşların vəziyyətini müzakirə etdiklərini bildirib. O vurğulayıb ki, Krım tatarlarının hüquqlarının qorunması və mədəni kimliyinin yaşadılması Türkiyə üçün hər zaman prioritet məsələlərdən biridir.
Nazir paylaşımında Prezident Volodimir Zelenski tərəfindən təqdim olunan dövlət təltifini almaqdan böyük qürur duyduğunu bildirərək Ukrayna rəhbərliyinə təşəkkür edib. O əlavə edib ki, Türkiyə Ukrayna ilə köklü dostluq və strateji tərəfdaşlıq münasibətlərini qarşılıqlı etimad və ortaq maraqlar əsasında daha da gücləndirməkdə qərarlıdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

