Yaxın Şərqdə artan gərginlik, ABŞ–İran münasibətlərində müşahidə olunan yeni hərbi-siyasi dinamika və diplomatik proseslərin taleyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Qarşılıqlı bəyanatlar, danışıqlar cəhdləri və eyni zamanda baş verən hərbi insidentlər regionda vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ciddi suallar doğurur. Mövcud şəraitdə proseslərin arxasında dayanan geosiyasi məqsədləri və mümkün ssenariləri təhlil etmək xüsusi əhəmiyyət kəsb edir.
Gundelik.az xəbər portalına müsahibəsində politoloq Elşad Mirbəşiroğlu ABŞ-ın İrana qarşı strategiyasını, danışıqlar fonunda baş verən hərbi qarşıdurmanın mahiyyətini və region üçün mümkün nəticələri şərh edib. Ekspert, həmçinin eskalasiyanın dərinləşəcəyi təqdirdə prosesə digər aktorların qoşulması ehtimalına da aydınlıq gətirib.
Elşad müəllim, hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Proseslər gözlənilməz idimi?
– Əslində, başlanğıcdan vəziyyət kifayət qədər qeyri-müəyyən idi. İlkin mərhələdə belə bir ehtimal irəli sürülürdü ki, Donald Trump sadəcə olaraq genişmiqyaslı hərbi qüvvələri İran ətrafında və yaxın regionda cəmləşdirməklə rəsmi Tehrana təzyiq göstərir və onu Vaşinqtonun arzuladığı razılaşmaya məcbur etmək istəyir. Çünki Geneva şəhərində danışıqların üçüncü raundu baş tutmuşdu və tərəflər prosesi ümumilikdə müsbət qiymətləndirmişdilər. Hətta növbəti həftənin ikinci günü üçün yeni görüş planlaşdırılmış, texniki məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu.
İlkin təəssürat ondan ibarət idi ki, artıq genişmiqyaslı qarşıdurma baş verməyəcək. Doğrudur, İran uranın ABŞ-a ötürülməsindən və nüvə proqramının tam dayandırılmasından qəti şəkildə imtina edirdi. Rəsmi Tehran bildirirdi ki, dinc məqsədlərlə uranı zənginləşdirmək hüququnu özündə saxlayır və bu prosesin beynəlxalq nəzarət altında həyata keçirilməsinə hazırdır.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və prezident Məsud Pezeşkian dəfələrlə bəyan edirdilər ki, İran nüvə silahı əldə etmək niyyətində deyil və belə bir öhdəlik götürməyə hazırdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin diqqəti növbəti danışıqlara yönəlmişdi.
Lakin hadisələrin inkişafı fərqli istiqamətdə getdi…
– Bəli. Əvvəllər Omanda keçirilən danışıqlarda da oxşar situasiya yaşanmışdı. Tərəflər dialoq aparır, müəyyən müsbət siqnallar verilirdi, lakin gözlənilmədən hərbi eskalasiya baş verirdi. Bu dəfə də danışıqların tarixi müəyyənləşdirilsə də, qısa müddətli hərbi toqquşma baş verdi.
Mən hesab edirəm ki, bu qarşıdurma uzunmüddətli müharibəyə çevrilməyəcək. Çünki genişmiqyaslı müharibə regionu xaosa sürükləyə, prosesləri idarəolunmaz həddə çatdıra bilər. Hazırkı mərhələdə Tramp administrasiyası üçün ölkəni uzunmüddətli hərbi kampaniyaya cəlb etmək siyasi baxımdan məqsədəuyğun deyil. Qarşıdan aralıq seçkilər gəlir və belə bir ssenari respublikaçıların reytinqinə mənfi təsir göstərə bilər.
Bu səbəbdən ehtimal etmək olar ki, məqsəd qısamüddətli zərbələrlə İrana təzyiq göstərmək və onu ABŞ-ın irəli sürdüyü şərtlərlə razılaşmağa vadar etməkdir.
Trampın mövqeyi son günlər necə xarakterizə oluna bilər?
– Son ana qədər Tramp birbaşa hücumla bağlı konkret bəyanat vermirdi. O, İranın danışıqlardakı mövqeyindən narazı olduğunu bildirir, lakin həm diplomatik mexanizmləri açıq saxlayır, həm də hərbi variantın mümkünlüyünü istisna etmirdi.
Bu baxımdan indiki hücumları da daha çox təzyiq və güc nümayişi vasitəsi kimi qiymətləndirmək olar. Digər tərəfdən, İsrail açıq şəkildə İranda rejim dəyişikliyi məsələsini gündəmə gətirir. Müxtəlif media platformalarında müxalif fiqurların fəallaşması da müşahidə olunur.
Lakin reallıq ondan ibarətdir ki, İranda qısa müddətdə rejim dəyişikliyi ssenarisi inandırıcı görünmür. Daha real ehtimal ondan ibarətdir ki, hakimiyyət daxilində müəyyən transformasiyalar baş versin. Xüsusilə iqtisadi böhran, sosial narazılıq və idarəetmə sistemində islahatlara ehtiyac mövcuddur. Hakimiyyətlə cəmiyyət arasında uzlaşmanın təmin olunması üçün gec-tez əlavə islahatlar gündəmə gələ bilər.
Sanksiyalar faktorunu necə qiymətləndirirsiniz?
– İran uzun illərdir sanksiyalar altında yaşayır və bu, ölkənin iqtisadi imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Əslində, bu da Qərbin əsas təzyiq mexanizmlərindən biridir. 2015-ci ildə İranla Qərb arasında nüvə sazişi əldə olunmuşdu. Lakin Tramp ilk prezidentliyi dövründə ABŞ-ı bu razılaşmadan birtərəfli qaydada çıxardı. Bu addım artıq Vaşinqtonun İranla bağlı strategiyasının sərt xətt üzərində qurulduğunu göstərirdi.
Bütün hallarda, həm ABŞ, həm də İsrail tərəfindən İranda rejim dəyişikliyi arzusunun mövcudluğu hiss olunur. Lakin proseslərin hansı istiqamətdə və hansı səviyyəyə qədər inkişaf edəcəyini indidən qəti şəkildə söyləmək çətindir.
Əgər qarşılıqlı zərbələr davam edərsə və digər regional aktorlar da prosesə cəlb olunarsa, vəziyyət nəzarətdən çıxa bilər. Bu isə regionda ciddi və uzunmüddətli gərginlik riskini artırır. Mövcud mərhələdə əsas məsələ proseslərin idarəolunan çərçivədə saxlanılması və diplomatik kanalların tam bağlanmamasıdır.
Gundelik.az
