İyul 8, 2026
Baku
Ədəbiyyat

Hər azad addım bir şəhidin xatirəsidir

Sözüm, söhbətim çox nadir hallarda tükənər mənim… Nə qələmim dayanar, nə sözüm yanılar, nə qəlbim duruxar. Bir tək bu anaların qarşısında səsim əsər. Bir tək şəhid ailəsi önündə dilim topuq vurar. Bir tək bu ali kürsüdə doluxsunmağın verdiyi titrəyişdən duruxaram..
Gülər Mübarizin tükənməyən sözünün bitdiyi yerdir şəhid anası…
Başınızın qara yaylığına qurban…
Hər birinizi qarşıdan gələn Azərbaycanın şanlı tarixi – 8 Noyabr Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm!Bu zəfər təkcə hərbi qələbə deyil – bu, xalqımızın birliyinin, igidliyinin, milli ruhunun və əzminin təntənəsidir.
Bu zəfər sərkərdəmizin qətiyyəti və güclü siyasəti ilə, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, analarımızın duaları, xalqımızın iradəsi ilə qazanıldı.
Biz bu gün azad Şuşadan, Laçından, Zəngilandan, Cəbrayıldan, Qubadlıdan, Füzulidən danışırıqsa, bu, minlərlə igidin canı bahasına başa gələn azadlıqdır. Onların hər birinin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Zəfər Günü – millətimizin qürur günüdür, birlik və həmrəylik rəmzidir.
Əziz analar…
Siz elə övladlar böyütdünüz ki, onlar Vətən deyib, canlarını fəda etdilər. Siz onları Vətən torpağına əmanət etdiniz, biz isə onları əbədi olaraq qəlbimizə əmanət etmişik.Bu gün azad Şuşada, Laçında, Füzulidə, Zəngilanda dalğalanan üçrəngli bayrağımızın hər bir rəngində sizlərin övladlarının izi var. O bayraq indi şəhid qanı ilə yoğrulmuş torpaqların üzərində daha uca, daha qürurlu dalğalanır.

Biz hər dəfə “Qarabağ Azərbaycandır!” deyəndə, əslində o igidlərin ruhuna salam verir, onların analarına baş əyirik.
Bilirik ki, heç bir söz anaların dərdini yüngülləşdirə bilməz, amma bu gün sizin övladlarınızın qəhrəmanlığı sayəsində bir millət başıuca, alnıaçıq yaşayır.

Siz Vətənin müqəddəs analarısınız. Siz elə analarsınız ki, övladınızın adı çəkiləndə bir millətin gözləri dolur, amma ürəyi qürurla döyünür.

Bu gün biz azad torpaqlarda addımlayırıqsa, bu sizin oğlunuzun addımlarıdır.
Bu torpaqlarda çiçəklər açırsa, bilin ki, o çiçəklərin kökündə şəhid izi var.

Əziz şəhid anaları,
Bu Zəfər sizin Zəfərinizdir.
Bu Qələbə sizin övladlarınızın qəhrəmanlığının, sizin dözümünüzün, sizin müqəddəsliyinizin nəticəsidir.
Qoy Allah bütün şəhidlərimizə rəhmət eləsin,
sizə isə səbir, güc və qürur bəxş etsin.

Yaşasın Azərbaycanın mərd oğulları!
Yaşasın şəhid anaları!
Və sonsuz fəxrlə deyirik:
Qarabağ Azərbaycandır!
Zəfər bizimlədir!

Gülər Cəfərova