Gundelik.az Dünya Həddindən artıq duz istifadəsinin bilinməyən zərərləri
Dünya Xəbərlər

Həddindən artıq duz istifadəsinin bilinməyən zərərləri

Duzun yalnız qan təzyiqini yüksəltdiyi düşünülsə də, əslində vəziyyət daha ciddidir. Mütəxəssislər bildirirlər ki, həddindən artıq natrium qəbulu mədə xərçəngindən demensiyaya, sümüklərin əriməsindən qaraciyər piylənməsinə qədər bir çox “bilinməyən” xəstəliyin yaranmasına şərait yaradır.

Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının daxili xəstəliklər üzrə tədris mütəxəssisi dos. Dr. Hanife Usta Atmaca qeyd edib ki, artıq duz qəbulu hipertoniyadan böyrək çatışmazlığına, mədə xərçəngindən ürək-damar xəstəliklərinə qədər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

O bildirib ki, kimyəvi adı natrium xlorid (NaCl) olan duz bədəndə elektrolit rolunu oynayır və maye balansında mühüm əhəmiyyət daşıyır.

Artıq duzun təsiri

Atmaca deyib ki, həddindən artıq duz qəbulu bədəndə suyun tutulmasına və qan həcminin artmasına səbəb olur. Bu isə birbaşa qan təzyiqini yüksəldir. Nəticədə miokard infarktı, ürək çatışmazlığı, işemik və hemorragik insult kimi ürək-damar xəstəliklərinin riski artır.

O vurğulayıb ki, duzun ən tanınmış zərəri hipertoniyadır. Bundan əlavə, artıq duz böyrəklərdə həddindən artıq filtrasiya yaradaraq böyrək çatışmazlığı riskini artırır, xüsusilə diabet xəstələrində bu risk daha yüksək olur.

Uzunmüddətli risklər

Uzun müddət yüksək duz qəbulu:

Böyrəklərdən kalsium itkisini artırır və osteoporoz riskini yüksəldir

Mədədə qıcıqlanma yaradır və bakteriyaların çoxalmasına səbəb olur

Xüsusilə işlənmiş qidalarla birlikdə qəbul edildikdə mədə xərçəngi riskini artırır

Qaraciyər piylənməsi, demensiya və insulin müqavimətinə yol aça bilər

Gündəlik duz norması

Mütəxəssis qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatına görə sağlam bir yetkin insan gündə maksimum 5 qram duz qəbul etməlidir. Bu, təxminən bir çay qaşığı duza və ya 2000 mg natriuma bərabərdir.

Gündəlik duzun böyük hissəsi yeməyə əlavə edilən duzdan yox, “gizli duz” adlanan hazır qidalardan gəlir. Bunlara:

hazır şorbalar

kolbasa və sosislər

turşular

pendir növləri

hazır souslar

qəlyanaltılar və dondurulmuş məhsullar daxildir

Məsələn, bir kasa hazır şorba gündəlik duz ehtiyacının yarısından çoxunu qarşılayır.

Duzun azaldılması üçün tövsiyələr

Mütəxəssislər evdə yemək hazırlanmasını, duzun azaldılmasını və dad üçün alternativ ədviyyatlardan (istiot, kəklikotu, nanə, kimyon, sarımsaq, limon suyu və s.) istifadə edilməsini tövsiyə edir.

Süfrədə duzqabının olmaması və yeməyin əvvəlcə duzsuz dadına baxılması da məsləhət görülür.

Daha az natriumlu duzlar

Aşağı natriumlu duzlar adi duzdakı natriumun bir hissəsinin kaliumla əvəz olunması ilə hazırlanır. Bu, bədəndə natrium qəbulunu azaldır və kalium qəbulunu artırır.

Bu məhsullar xüsusilə:

hipertoniyası olanlar

ürək-damar riski olanlar

orta yaşdan yuxarı insanlar üçün faydalı ola bilər

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version