Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi “icazəsiz Həcc”ə qarşı yoxlamalar çərçivəsində 75 mindən çox insanın Həcc qaydalarını pozduqları üçün geri göndərildiyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə ölkənin xəbər agentliyi “SPA”n məlumat yayıb.
Məlumata görə, Daxili İşlər Nazirliyi nəzdində İctimai Təhlükəsizlik Müdiri, general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
O bildirib ki, 75 min 943 nəfərin həcc qaydalarını pozduqları üçün geri göndərilib: “Bundan başqa, 252 saxta həcc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkar edilib”.
Ciddi təhlükəsizlik tədbirləri
Səlahiyyətlilər builki Həcc ziyarətində təhlükəsizliyi təmin etmək üçün dron və digər hava vasitələrindən istifadə edir. Bununla yanaşı, süni intellekt sistemləri və müşahidə kameraları da daxil olmaqla qabaqcıl texnologiya sistemlərindən istifadə edilir.
Pasport Departamentinin Baş direktoru general-mayor Salih əl-Murabba 2025-ci il Həcc mövsümü ərəfəsində xaricdən gələn zəvvarların sayının indiyədək 1 milyon 475 mini keçdiyini açıqlayıb.
Gundelik.az
