İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Gürcüstanda üzüm məhsulu kəskin azalacaq

Gürcüstan hökuməti 2025-ci ildə üzüm məhsulunun ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağını açıqlayıb.

Gundelik.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş nazir İrakli Kobaxidze Nazirlər Kabinetinin iclasında bildirib ki, ötən il rekord həddə – 320 min tona çatan məhsul bu il 200-250 min ton səviyyəsində gözlənilir. Bu isə 22%-dən 37,5%-ə qədər azalma deməkdir.

Xatırladaq ki, avqustun ortalarında Milli Şərab Agentliyi məhsuldarlığın 250-300 min ton olacağını proqnozlaşdırmışdı.

Üzümçülərin dəstəklənməsi üçün bu il dövlət büdcəsindən 50 milyon lari ayrılıb. Subsidiya çərçivəsində üzümləri yalnız dövlətə məxsus “Məhsul İdarəetmə Şirkəti” alacaq. Özəl şərab istehsalçıları isə artıq əvvəlki illərdə olduğu kimi birgə maliyyələşdirmədən yararlana bilməyəcək. 2024-cü ildə həmin mexanizmə 35 milyon lari ayrılmışdı.

Ötən il Gürcüstanda üzüm yığımı təxminən 1,5 dəfə artaraq 320 min tona çatmışdı. Həmin vaxt subsidiyalaşdırmaya 85 milyon lari yönəldilmişdi ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çox idi.

Qeyd edək ki, Gürcüstanda üzüm istehsalı 2008-ci ildən Rusiya tərəfindən tətbiq edilən şərab embarqosu fonunda subsidiyalaşdırılır. 2022-ci ildə ölkədə 256,5 min ton, 2023-cü ildə isə əlverişsiz hava şəraitinə görə 221 min ton üzüm toplanmışdı.

Gundelik.az