Tbilisi Şəhər Məhkəməsi oktyabrın 4-də Gürcüstan prezidentinin iqamətgahına hücumla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
İş üzrə “Rustaveli prospekti” ictimai hərəkatının liderləri – opera müğənnisi Paata Burçuladze, keçmiş baş prokuror Murtaz Zodelava, “Vahid Milli Hərəkat” partiyasının üzvü İrakli Nadiradze, “Strategiya Ağmaşenebeli” partiyasının liderlərindən biri Paata Manjqaladze və Lahaşadze məsuliyyətə cəlb ediliblər.
Onlar strateji və xüsusi obyektləri ələ keçirmək və blokadaya almaq, qrup halında zorakılıq törətmək, Gürcüstanın konstitusiya quruluşunu dəyişdirməyə və dövlət hakimiyyətini devirməyə çağırışlar etməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oktyabrın 6-da prezident iqamətgahına hücumun daha 13 iştirakçısının məhkəmə prosesi də davam edir. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşların daha iki iştirakçısının axtarışı hələ də davam etdirilir.
Xatırladaq ki, oktyabrın 4-də yerli seçkilərin nəticələrinə etiraz edən bir qrup şəxs Tbilisidəki prezident iqamətgahının hasarlarını dağıdaraq əraziyə daxil olmağa cəhd edib. Hadisə zamanı 30-a yaxın polis əməkdaşı xəsarət alıb. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qaz tətbiq edib.
Gundelik.az
