Bəşər tarixinin səhifələrini vərəqlədikcə görürük ki, insanlıq təkcə tərəqqə və inkişaf yolu keçməyib, eyni zamanda münaqişələr, fikir ayrılıqları və qarşıdurmalarla da üzləşib. Uzun əsrlər boyunca insanlar problemləri güc yolu ilə həll etməyə çalışıblar. Lakin zamanın sınağı göstərdi ki, güc münaqişələri susdura bilər, amma onları həll etmir. Həqiqi həll isə insanın düşüncəsində, dialoqunda və anlaşmaq iradəsində gizlidir.
Məhz bu düşüncə sivil dünyanın ən mühüm kəşflərindən biri olan mediasiya anlayışını formalaşdırdı. Mediasiya münaqişəni qarşıdurmadan dialoqa, qalibiyyət iddiasından isə qarşılıqlı razılığa aparan müdrik bir yol kimi cəmiyyətlərdə getdikcə daha böyük əhəmiyyət qazanır.
Münaqişənin fəlsəfəsi, dialoqun gücü və mediasiyanın insan münasibətlərinə gətirdiyi yeni düşüncə haqqında Gundelik.az mediator Ramin İsayevlə fəlsəfi söhbət edib.
