Gundelik.az Mədəniyyət və cəmiyyət Göz ətrafındakı bu sarı izlərə diqqət edin
Mədəniyyət və cəmiyyət Xəbərlər

Göz ətrafındakı bu sarı izlərə diqqət edin

Göz qapaqları ətrafında yaranan sarımtıl yağ yığıntıları yalnız estetik problem deyil. Araşdırmaya görə, göz ətrafında ksantelazma adlanan bu sarı plakları olan insanlarda infarkt, insult və keçici işemik tutma riski daha yüksək olur.

Stanford Universitetinin tədqiqatçıları tərəfindən aparılan və Atherosclerosis jurnalında dərc olunan araşdırmada ksantelazma diaqnozu qoyulmuş 17 925 nəfərin sağlamlıq məlumatları eyni sayda nəzarət qrupundakı şəxslərlə müqayisə edilib.

Ksantelazma nədir?

Ksantelazma adətən göz qapaqlarının daxili küncünə yaxın hissəsində yaranan sarı və ya sarımtıl, yüngül qabarmış plakalardır. Bu formasiyalar makrofaq adlanan immun hüceyrələrinin xolesterin və digər yağlarla dolması nəticəsində əmələ gəlir.

Ksantelazma çox vaxt yüksək xolesterinlə əlaqələndirilsə də, qanda yağ göstəriciləri normal olan insanlarda da yaranır. Bu səbəbdən alimlər onun yalnız yerli yağ yığıntısı, yoxsa daha geniş damar problemlərinin göstəricisi olub-olmadığını araşdırırlar.

Ürək-damar xəstəlikləri ilə əlaqəsi

Tədqiqatda iştirak edən şəxslər illər ərzində izlənilib və infarkt, insult və keçici işemik tutma halları müqayisə edilib.

İlk bir il ərzində:

Ksantelazması olanların təxminən 1 faizində infarkt qeydə alınıb.

Nəzarət qrupunda bu göstərici təxminən 0,35 faiz olub.

İnsult göstəricisi müvafiq olaraq 0,95 faiz və 0,3 faiz təşkil edib.

Keçici işemik tutma isə ksantelazma qrupunda 0,6 faiz, nəzarət qrupunda 0,19 faiz olub.

Fərq zaman keçdikcə müəyyən qədər azalsa da, 5 və 10 illik müşahidələrdə ksantelazması olan şəxslərdə ürək-damar və beyin-damar hadisələrinin daha çox olduğu bildirilib.

Sarı plaklar infarkta səbəb olmur

Mütəxəssislər vurğulayırlar ki, araşdırma ksantelazmanın birbaşa infarkt və ya insulta səbəb olduğunu göstərmir. Bu formasiyalar daha çox ürək-damar xəstəlikləri ilə əlaqəli digər risk faktorlarının və ya yağ mübadiləsindəki dəyişikliklərin görünən göstəricisidir.

Ksantelazma gözlə asanlıqla müşahidə edildiyi üçün gələcəkdə ürək-damar xəstəlikləri riski yüksək olan şəxslərin daha erkən müəyyənləşdirilməsinə kömək edən klinik əlamətlərdən biri kimi istifadə olunur.

Bu səbəbdən göz ətrafında belə sarı plaklar müşahidə edən şəxslərin qan təzyiqi, xolesterin, qan şəkəri və digər ürək-damar risk faktorlarını yoxlatdırması faydalı olur.

Bununla belə, araşdırma müşahidə xarakterli olduğundan ksantelazmanın müstəqil risk faktoru olduğunu qəti şəkildə sübut etmir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version