2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının 460 manat müəyyən edilə biləcəyi gözlənilir.
Bunu Gundelik.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət kimi amillər nəzərə alınır.
İqtisadçının sözlərinə görə, əvvəlki illərin təcrübəsi də 2027-ci il üçün mümkün rəqəmi proqnozlaşdırmağa imkan verir.
“2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20 faiz artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15 faiz artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9 faiz artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20 faiz intervalında olub”, – deyə iqtisadçı qeyd edib.
E.Əmirov bildirib ki, orta aylıq əməkhaqqının dinamikası da minimum əməkhaqqının mümkün səviyyəsi ilə bağlı müəyyən istiqamət verir. Onun sözlərinə görə, 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat təşkil edib, 2026-cı ilin yanvar-iyulunda isə bu göstərici 1176,7 manata yüksəlib. 2027-ci il üçün orta aylıq əməkhaqqının 1288,3 manat olacağı proqnozlaşdırılır.
“2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8 faiz yüksək olacağı gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir”, – deyə o bildirib.
İqtisadçı inflyasiya göstəricilərinin isə daha aşağı rəqəmə işarə etdiyini vurğulayıb. Onun sözlərinə görə, 2026-cı ilin yanvar-avqust aylarında illik inflyasiya 5,7 faiz, 2027-ci il üçün orta illik inflyasiya proqnozu isə 5,3 faiz təşkil edir.
“İnflyasiya üzərindən hesablama təxminən 450 manata, orta əməkhaqqının artım tempi isə 465-470 manata aparır. Eyni zamanda, əvvəlki minimum əməkhaqqı artımlarının 15-20 faiz intervalında olması da 460 manat və daha yüksək rəqəmləri dəstəkləyən əlavə göstəricidir”, – deyə E.Əmirov qeyd edib.
O əlavə edib ki, 2027-ci il üzrə dövlət büdcəsi xərclərinin cəmi 1,7 faiz artırılması ümumi maliyyə fonunun daha ehtiyatlı qurulduğunu göstərir. Bununla belə, minimum əməkhaqqını birbaşa büdcə xərclərinin artım faizinə bağlamaq düzgün deyil.
“Bütün bunları birlikdə qiymətləndirdikdə mənim 2027-ci il üçün gözləntim minimum əməkhaqqının 450-470 manat intervalında müəyyənləşdirilməsidir. Bu interval daxilində isə 460 manat daha real görünür. Bu, 15 faiz artım deməkdir və həm əvvəlki artımların aşağı həddinə, həm son iki ildə orta əməkhaqqının və qiymətlərin dəyişməsinə, həm də mövcud iqtisadi göstəricilərə yaxın nəticə verir”, – deyə iqtisadçı bildirib.
E.Əmirov 470 manat variantının da mümkün olduğunu qeyd edib: “Minimum əməkhaqqı orta əməkhaqqı ilə eyni tempdə artırılarsa, hesablamanın özü təxminən bu rəqəmi verir”.
Onun sözlərinə görə, əsas proqnozu 2027-ci ildə minimum əməkhaqqının 460 manat müəyyən edilməsidir.
