Fransanın dünyaca məşhur Luvr Muzeyinin direktoru Laurens Des Cars oktyabrın 19-da baş verən tarixi eksponatların oğurlanmasından sonra istefa ərizəsi yazıb. O, hadisənin qarşısını ala bilmədiklərini etiraf edib.
Gundelik.az-ın məlumatına görə, Des Cars dünən Senatın Mədəniyyət Komitəsi qarşısında ifadə verərkən bildirib ki, cəmi yeddi dəqiqə davam edən oğurluq muzeyin təhlükəsizlik sistemində ciddi zəiflikləri üzə çıxarıb.
Onun sözlərinə görə, hadisə zamanı həyəcan siqnalları işə düşsə də, köhnə və qeyri-adekvat kameralar səbəbindən oğruların hərəkəti tam izlənilə bilməyib. Xüsusilə, oğruların hədəfi olan Apollon Qalereyasını göstərən kamera başqa istiqamətə baxırmış.
Des Cars hadisəni “böyük uğursuzluq” adlandıraraq məsuliyyəti üzərinə götürdüyünü və istefa ərizəsini mədəniyyət naziri Raşida Datiyə təqdim etdiyini bildirib. Lakin nazir onun istefasını qəbul etməyib.
2021-ci ildən Luvr Muzeyinə rəhbərlik edən Des Cars, bu hadisənin işçilər üçün “dərin yara” olduğunu qeyd edib və muzeydə ayrıca polis bölməsinin yaradılmasının vacibliyini vurğulayıb.
Hadisə oktyabrın 19-da səhər saatlarında Parisdə baş verib. Dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvrdan Apollon Qalereyasında nümayiş etdirilən doqquz qiymətli artefakt oğurlanıb. Oğruların səkkiz qiymətli daş-qaşla qaçdığı, İmperatriça Yevgeniyaya məxsus tacın isə hadisə zamanı yerə düşərək zədələndiyi və sonradan muzeydən kənarda tapıldığı bildirilib.
Hesablama Məhkəməsinin ilkin hesabatında qeyd olunub ki, muzey uzun müddətdir təhlükəsizlik avadanlıqlarını yeniləməkdə gecikir və bu da ciddi təhlükəsizlik boşluqlarına səbəb olub.
Oğurlanan artefaktların ümumi maddi dəyəri təxminən 88 milyon avro qiymətləndirilir.
Gundelik.az
