Gundelik.az Dünya Fransada muzeydən milyonlarla avroluq zinət əşyaları oğurlanıb
Dünya Xəbərlər

Fransada muzeydən milyonlarla avroluq zinət əşyaları oğurlanıb

Fransanın şimal-şərqində yerləşən Bas-Ren departamentindəki Lalik Muzeyindən milyonlarla avro dəyərində zinət əşyaları oğurlanıb.

Yerli KİV-in məlumatına görə, oğurluq hadisəsi ötən gün yerli vaxtla saat 05:00–06:00 radələrində Bas-Ren departamentinin Vingen-sür-Moder şəhərində yerləşən muzeydə baş verib.

Oğrular fransız şüşə və zərgərlik ustası Rene Lalikə məxsus təxminən 650 əsərin nümayiş olunduğu muzeyin giriş qapısını və altı vitrini sındırıblar.

Hadisə zamanı milyonlarla avro dəyərində olan zinət əşyaları oğurlanıb.

Vingen-sür-Moder şəhərinin meri Kristian Dorşner bildirib ki, oğurlanan zinət əşyaları Rene Lalikin nadir və təkrarsız sənət nümunələridir.

Mer qeyd edib ki, faktla bağlı araşdırma başlanılıb. Onun sözlərinə görə, oğrular muzeyə daxil olduqları vaxt siqnalizasiya və təhlükəsizlik sistemi işlək vəziyyətdə olub.

İlkin məlumata əsasən, oğurluq bir neçə maskalı şəxs tərəfindən həyata keçirilib.

Fransada muzey oğurluqları artır

Son illərdə Fransada muzeylərə edilən oğurluqların sayı artıb.

2024-cü il noyabrın 20-də Parisin 3-cü dairəsində yerləşən Konyak-Jay Muzeyində Maarifçilik dövrünə aid eksponatların nümayiş olunduğu sərgi oğruların hədəfinə çevrilmişdi. Hadisə zamanı Britaniya Kral Kolleksiyası və Rozalind-Artur Gilbert Kolleksiyasına məxsus qızıl və qiymətli daşlarla bəzədilmiş əsərlər oğurlanmışdı.

2025-ci il sentyabrın 16-da isə Parisdəki Təbiət Tarixi Muzeyindən tarixi əhəmiyyət daşıyan təxminən 6 kiloqram qızıl külçə oğurlanmışdı. Oğurlanan eksponatlar arasında XVIII əsrdə Boliviyanın hədiyyə etdiyi külçələr, 1833-cü ildə Rusiya çarı I Nikolayın bağışladığı qızıl parçaları, XIX əsrin ikinci yarısında Kaliforniyada aşkar edilmiş külçələr və 1990-cı ildə Avstraliyada tapılmış 5 kiloqramdan artıq qızıl külçə də var idi.

Bundan başqa, 2025-ci il oktyabrın 19-da dünyanın ən məşhur muzeylərindən biri olan Luvr Muzeyində də böyük oğurluq baş vermişdi. Kral zinət əşyalarının sərgiləndiyi Apollon Qalereyasından tarixi dəyərə malik səkkiz zinət əşyası cəmi yeddi dəqiqə ərzində dörd nəfər tərəfindən oğurlanmışdı.

Ertəsi gün, oktyabrın 20-də isə Fransanın Ot-Marn departamentinin Lanqr şəhərində yerləşən Deni Didro Maarifçilik Evi Muzeyindən XVIII–XIX əsrlərə aid, təxminən 90 min avro dəyərində qızıl və gümüş sikkələr oğurlanmışdı.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version