İyul 8, 2026
Baku
Müsahibə Siyasət Xəbərlər

Formalaşan yeni reallıqlar: Azərbaycanın yol xəritəsi

Cənubi Qafqazda yeni siyasi mərhələnin formalaşdığı bir dövrdə Azərbaycan həm region daxilində, həm də beynəlxalq müstəvidə diqqət mərkəzindədir. Qarşılıqlı münasibətlər sisteminin yenidən qurulduğu, təhlükəsizlik və əməkdaşlıq modellərinin dəyişdiyi mövcud şəraitdə ölkənin atdığı addımlar təkcə daxili siyasi gündəliyi deyil, eyni zamanda regional balansı da müəyyənləşdirir. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın strateji prioritetləri və gələcək hədəfləri xüsusi maraq doğurur. Bu mövzularla bağlı siyasi ekspert Çingiz Şahbazi Gundelik.az saytının suallarını cavablandırıb.

– Azərbaycan və Ermənistan arasında sülh prosesində növbəti addımlar nə olacaq?

Azərbaycan və Ermənistan arasında sülh prosesi hazırda olduqca həssas və dinamik mərhələyə qədəm qoyub. Mövcud vəziyyəti yekun sülh müqaviləsinin imzalanmasına aparan son razılaşmalar və hazırlıq mərhələsi kimi qiymətləndirmək olar. Məlum olduğu kimi, tərəflər 2025-ci ilin avqust ayında Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə yüksək səviyyəli sülh bəyannaməsi və ilkin sülh müqaviləsinin mətni üzərində razılıq əldə ediblər.

Həmin vaxtdan etibarən hüquqi baxımdan yekun sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar son mərhələyə daxil olub və hazırda ratifikasiya prosesi üzərində işlər aparılır. Xarici siyasət faktorları, eləcə də Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkiləri fonunda mövcud olan daxili siyasi dilemmlar, hüquqi mexanizmlərin formalaşdırılması və təhlükəsizlik məsələləri prosesi müəyyən qədər ləngidir.

Bununla belə, 2026-cı il bu baxımdan dönüş ili kimi dəyərləndirilir. Hesab edirəm ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra sülh prosesinə diqqət daha da artacaq və ilin sonuna qədər sülh müqaviləsinin imzalanması real görünür. Çünki artıq həm Bakı, həm də İrəvan arasında siyasi razılaşma mövcuddur və danışıqlar yekun mərhələdədir.

Bu prosesdə Zəngəzur dəhlizinin reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Dəhlizin açılması sülh müqaviləsinin imzalanması üçün mühüm stimullaşdırıcı amil kimi çıxış edir. Lakin Azərbaycan hökumətinin Ermənistan Konstitusiyasından ərazi iddialarına dair maddələrin çıxarılması ilə bağlı irəli sürdüyü şərtlər hələ tam icra olunmayıb və bu məsələ danışıqların əsas gündəmində qalmaqdadır.

Azərbaycan eyni zamanda regional nəqliyyat və tranzit kommunikasiyalarının bərpası ilə bağlı üzərinə götürdüyü öhdəliklər çərçivəsində texniki addımlar atmaqdadır. Separatçı rejimin cinayətkar elementlərinin təhvil verilməsi, sərhədlərin delimitasiyası və təhlükəsizlik mexanizmlərinin formalaşdırılması istiqamətində atılan addımlar sülh prosesinə xidmət edən düşünülmüş siyasi gedişlər kimi qiymətləndirilə bilər.

– Xarici tərəfdaşlıqlar və enerji ixracı Azərbaycanın təhlükəsizlik və iqtisadi vəziyyətinə necə təsir edir?

Azərbaycanın xarici siyasətinin əsas sütunlarından biri enerji ixracı çərçivəsində qurulan strateji tərəfdaşlıqlardır. Enerji resursları bu gün təkcə iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda ölkənin təhlükəsizlik arxitekturasını gücləndirən və beynəlxalq nüfuzunu artıran mühüm faktordur.

Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət mərhələli və uzunmüddətli strateji yanaşmaya əsaslanır. Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP və “Şahdəniz” kimi layihələr vasitəsilə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilib. Bu amil ölkəni beynəlxalq siyasi təzyiqlərdən qoruyan təsir mexanizmi kimi də çıxış edir.

Rusiya–Ukrayna müharibəsi fonunda Azərbaycanın enerji ixracı Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail və digər tərəfdaşlar üçün alternativ mənbə rolunu oynadı. Bu isə Azərbaycanın regional risklər qarşısında mövqeyini daha da möhkəmləndirdi.

Enerji gəlirləri dövlət büdcəsinin əsas dayaqlarından biri olmaqla yanaşı, infrastrukturun inkişafı, hərbi modernizasiya və sosial layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır. Enerji diplomatiyası sayəsində Azərbaycan Orta Dəhliz, Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutlarında təşəbbüskar mövqeyə yüksəlib.

Bu baxımdan ölkəmiz tədricən regional oyunçu statusundan qaydaları müəyyən edən aktor mövqeyinə yaxınlaşır və Avrasiya ilə Avropa arasında körpü dövlət kimi çıxış etmək potensialını artırır.

– Daxili siyasi rəqabət və vətəndaş cəmiyyəti üçün hansı islahatlar planlaşdırılır?

Azərbaycan çoxpartiyalı siyasi sistemi tanıyır və siyasi partiyaların fəaliyyəti qanunvericiliklə tənzimlənir. Son illərdə siyasi partiyalarla dialoqun qurulması istiqamətində müəyyən addımlar atılıb, Prezident Administrasiyası tərəfindən müxtəlif dialoq platformaları təşkil olunub.

Qanunvericilikdə aparılan dəyişikliklər partiyaların maliyyələşdirilməsi və fəaliyyət mexanizmlərini əhatə edir. Parlament seçkilərində iştirak edən partiyalara dövlət maliyyəsinin ayrılması siyasi dialoqun institusional əsaslarının mövcud olduğunu göstərir.

Bununla yanaşı, hakim Yeni Azərbaycan Partiyasının dominant mövqeyi siyasi rəqabət mühitinə təsirsiz ötüşmür. Müxtəlif siyasi qüvvələr arasında münasibətlər fərqli xarakter daşıyır və bu, zaman-zaman gərginliklə müşayiət olunur. Beynəlxalq təşkilatların Azərbaycandakı siyasi rəqabətlə bağlı tənqidləri də mövcuddur.

Mövcud problemlərin həlli istiqamətində mərhələli addımlar atılsa da, bu tədbirlər hələ kifayət hesab edilmir. Hesab edirəm ki, yaxın dövrdə siyasi rəqabətin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı məqsədilə daha geniş islahat paketinin həyata keçirilməsi gündəmə gələcək.

Azərbaycan qarşıdakı illərdə regionda sülhün möhkəmləndirilməsi, enerji diplomatiyası vasitəsilə beynəlxalq mövqeyinin gücləndirilməsi və daxili siyasətdə institusional islahatların dərinləşdirilməsi imkanına malikdir. Bu strategiya ölkəni həm regional lider, həm də etibarlı beynəlxalq tərəfdaş kimi mövqeləndirəcək.

Hazırladı: Gülçin Abdullayeva