Keyfiyyətə nəzarət proseslərini süni intellekt vasitəsilə sürətləndirməyi hədəfləyən Ford, avtomatlaşdırılmış sistemlərin gözlənilən nəticəni verməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə qəbul edib. Şirkət bildirib ki, insan təcrübəsi ilə süni intellektin birlikdə istifadəsi istehsalın keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
ABŞ-ın avtomobil istehsalçısı Ford süni intellekt əsaslı avtomatlaşdırma sistemlərinin gözlənilən performansı göstərməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə götürdüyünü açıqlayıb.
Bloomberg-in məlumatına görə, şirkət son üç il ərzində müəssisə daxilində “boz saqqallılar” kimi tanınan 350-dən çox yüksək ixtisaslı mühəndisi yenidən heyətə cəlb edib. Bu mütəxəssislər istehsal xəttinə çatmamış mümkün nasazlıqları müəyyən edərək keyfiyyətə nəzarət prosesində iştirak edir, bəziləri isə süni intellekt sistemlərinin hazırlanması və öyrədilməsinə dəstək verir.
Ford-un əməliyyatlar üzrə baş direktoru Kumar Galhotra bildirib ki, şirkət avtomatik keyfiyyətə nəzarət sistemlərinə həddindən artıq etibar edib:
“İstədiyimiz nəticəni əldə edə bilmədik. Təcrübəli mütəxəssisləri geri qaytardıq və onlar problemləri istehsal xəttinə çatmamış aşkar etməyə başladılar.”
Şirkət istehsal səmərəliliyini artırmaq üçün süni intellekt əsaslı yoxlama sistemlərinə investisiyalarını davam etdirsə də, mürəkkəb keyfiyyət problemlərinin həllində insan təcrübəsi və mühakiməsinin hələ də həlledici rol oynadığını qəbul edir.
Təcrübəli mühəndislərin yenidən işə başlamasından sonra Ford-un keyfiyyət göstəricilərində də yaxşılaşma müşahidə olunub. J.D. Pover tərəfindən aparılan son İlkin Keyfiyyət Araşdırmasında şirkət əsas avtomobil markaları arasında 16 ildən sonra ilk sıraya yüksəlib.
Bununla belə, Ford əvvəlki modellərindəki keyfiyyət problemlərinə görə ABŞ-da ən çox avtomobil geri çağıran istehsalçılardan biri olaraq qalır. Şirkət rəhbərliyi bunun əsas səbəbinin insan resursları deyil, keçmişdə tətbiq olunan avtomatlaşdırma sistemlərindən qaynaqlanan problemlər olduğunu bildirir.
Ford-un avtomobil avadanlıqları mühəndisliyi üzrə vitse-prezidenti Charles Poon isə vurğulayıb:
“Süni intellekt güclü vasitədir, lakin təkbaşına kifayət etmir. Onun uğuru onu öyrədən bilikdən asılıdır. Sadəcə sistemi işə salıb layihə tələblərini yükləməklə yüksək keyfiyyətli məhsul əldə edəcəyimizi düşündük və yanıldıq.”
Şirkət bundan sonra da süni intellekti insan təcrübəsi və nəzarəti ilə birlikdə tətbiq etməyə davam edəcəyini açıqlayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

