İsveç Kral Elmlər Akademiyası 2025-ci il Fizika üzrə Nobel mükafatı laureatlarının adlarını elan edib.
Gundelik.az xəbər verir ki, bu il mükafata Con Klark, Mişel Devore və Con Martinis layiq görülüblər.
Alimlər “elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelin və enerjinin kvantlaşdırılmasının kəşfinə görə” bu nüfuzlu mükafatla təltif ediliblər. Nobel Komitəsinin məlumatına görə, bu tədqiqatlar kvant fizikasının fundamental prinsiplərinin praktik tətbiqlərini irəli apararaq, müasir kvant texnologiyalarının inkişafında mühüm rol oynayıb.
Xatırladaq ki, ötən il fizika üzrə Nobel mükafatı amerikalı alim Con Hopfild və britaniyalı-kanadalı alim Ceffri Hinton-a “süni neyron şəbəkələrindən istifadə edərək maşın öyrənməsinə imkan yaradan fundamental kəşflər və ixtiralara görə” təqdim edilmişdi.
2023-cü ildə mükafat Pierre Agostini, Ferenc Krausz və Anne L’Huillier-ə “maddədəki elektronların dinamikasını öyrənmək üçün attosaniyəlik işıq impulsları yaratmaq üsullarına görə” verilmişdi. 2022-ci ildə isə mükafat fransız alimi Alen Aspekt, amerikalı Con Klauzer və avstriyalı Anton Zeilinger-ə “dolaşan fotonlarla eksperimentlərə, Bell bərabərsizliklərinin pozulmasının öyrənilməsinə və kvant informasiya elminə verdikləri töhfələrə görə” təqdim olunmuşdu.
Qeyd edək ki, dünən – oktyabrın 6-da Fiziologiya və Tibb üzrə Nobel mükafatı da açıqlanıb. Bu mükafat amerikalı alimlər Meri Brunkow və Fred Ramsdell, həmçinin yapon tədqiqatçı Saymon Sakaquçiyə immunitet sisteminin bədənə zərər verməsinin qarşısını alan “periferik immun tolerantlıq” mexanizmini kəşf etdiklərinə görə verilib.
Kimya üzrə Nobel mükafatı laureatlarının adı isə oktyabrın 8-də – çərşənbə günü elan olunacaq.
Gundelik.az

