Finlandiya Rusiyanın təhlükəsizliklə bağlı narahatlığına görə piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava müqaviləsindən çıxmaq qərarına gəlib.
Gundelik.az Finlandiyanın YLE agentliyinin xəbərinə istinadən xəbər verir ki, Finlandiya Parlamenti piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava müqaviləsindən çıxmağa səs verib.
175 millət vəkilinin iştirak etdiyi səsvermədə Ottava müqaviləsindən çıxmaq qərarı 157 “hə” və 18 “xeyr” səsi ilə qəbul edilib.
Qərar prezident tərəfindən təsdiqlənməlidir.
Parlamentin Xarici Əlaqələr Komitəsinin hökumətin Ottava Müqaviləsindən çıxmaq təklifi ilə bağlı hazırladığı hesabatda minaların Finlandiya üçün müdafiə vasitəsi olduğu və zəifləyən təhlükəsizlik mühitində zəruri hala gəldiyi vurğulanıb.
Müdafiə naziri Antti Edvard Hakkanen sosial media hesabında paylaşdığı yazıda səsvermədə iştirak edən deputatları təbrik edib: “Mesaj aydındır: Finlandiya müdafiə qabiliyyətini gücləndirmək üçün birləşib və qərarlıdır”.
1999-cu il martın 1-də qüvvəyə minmiş “Minaların Qadağası Konvensiyası” və ya “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” kimi də tanınan Ottava Müqaviləsi minaların istehsalı, istifadəsi, yığılması və köçürülməsini qadağan edir.
164 ölkə Ottava müqaviləsinin iştirakçısı olduğu halda, 132 ölkə onu imzalayıb və ratifikasiya edib.
Müqaviləni imzalayan ölkələrin heç biri mina istehsal etmir. Müqaviləyə qoşulmayan 12 ölkə (Rusiya, Çin, ABŞ, Kuba, Hindistan, Pakistan, İran, Myanma, Şimali Koreya, Cənubi Koreya, Sinqapur və Vyetnam) hələ də mina istehsal etmək hüququnu özündə saxlayır.
Gundelik.az
