Finlandiya Xarici İşlər Nazirliyi (XİN) piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxdığını elan edib.
Gundelik.az xəbər verir ki, bu barədə XİN özü məlumat yayıb.
Məlumata əsasən, bu qərar 2026-cı ilin yanvarında qüvvəyə minəcək.
“Konvensiyadan çıxmaq qərarı təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda Finlandiyanın müdafiə ehtiyacları ilə diktə edilir. Konvensiyadan çıxmaq Finlandiyaya piyada əleyhinə minaları müdafiə vasitələrinin arsenalına yenidən daxil etməyə imkan verəcək”, – departament qeyd edib.
Finlandiya Xarici İşlər Nazirliyi əlavə edib ki, konvensiyada iştirak edən bütün digər ölkələri, habelə BMT Baş katibini və Təhlükəsizlik Şurasını geri çəkilmə barədə məlumatlandırıb.
Bundan əvvəl Litva və Finlandiyanın Ottava Konvensiyasından çıxdıqdan sonra özləri və Ukrayna üçün piyada əleyhinə minalar istehsal edəcəyi bildirilmişdi. Finlandiya Parlamentinin Müdafiə Komitəsinin sədri Heikki Otto da bəyan edib ki, təchizat təhlükəsizliyini təmin etmək üçün Finlandiyanın özünün piyada əleyhinə mina istehsalı olmalıdır.
Gundelik.az
