İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Everestdə 10 ildə bir ilk – Dırmaşma haqqı artırılır, 97 zirvə pulsuz açılır

Nepal turizminin inkişafı məqsədilə növbəti iki il ərzində 97 Himalay zirvəsi alpinistlər üçün pulsuz olaraq açılacaq.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hündürlüyü 5970 metrdən 7132 metrə qədər olan bu zirvələr əsasən ölkənin ən yoxsul və az inkişaf etmiş Karnali və Sudurpaşim əyalətlərində yerləşir.

Bildirilib ki, sentyabr ayından etibarən dünyanın ən hündür dağı Everestə qalxma haqqı son 10 ildə ilk dəfə artırılacaq. Zirvə mövsümündə dırmaşma ödənişlərinin 15 min dollara qədər yüksələcəyi qeyd edilib. Nepal Turizm Departamenti bu addımın məqsədinin ölkənin “kəşf edilməmiş turizm potensialını və istiqamətlərini” önə çıxarmaq olduğunu açıqlayıb.

Nepal dünyanın ən hündür on dağından səkkizinə ev sahibliyi edir və alpinizm ölkə üçün mühüm gəlir mənbəyidir. Ötən il dırmaşma icazələrindən 5,9 milyon dollar gəlir əldə olunub ki, bunun da dörddə üçündən çoxu Everestdən gəlib.

Statistikaya görə, son iki ildə açıq olan 97 zirvəni cəmi 68 alpinist fəth edib. 2024-cü ildə isə təkcə Everest üçün 421 dırmaşma icazəsi verilib. 8849 metrlik bu zirvə son illərdə izdiham, ekoloji problemlər və ölüm hadisələri ilə gündəmdədir.

Nepal Ali Məhkəməsi bu ilin aprelində hökumətə Everest və bəzi digər zirvələrə dırmaşma icazələrinin sayını məhdudlaşdırmağı tapşırıb. Hazırda parlamentdə müzakirə olunan yeni qanun layihəsinə görə, Everestə qalxmaq istəyən alpinistlər əvvəlcə ölkədə 7000 metrdən yüksək bir dağa qalxmalı olacaqlar. Bu isə Karnali və Sudurpaşimdəki pulsuz zirvələri alpinistlər üçün ideal məşq meydanına çevirəcək.

Gundelik.az