İyul 8, 2026
Baku
Aktual Mədəniyyət və cəmiyyət

Etik Dəyərlər – Təkcə Peşə Sahibləri üçün Deyil, Hər Birimiz üçün Vacibdir

Etik Dəyərlər – Təkcə Peşə Sahibləri üçün Deyil, Hər Birimiz üçün Vacibdir
Etik kodekslər adətən peşə sahiblərinə – həkimlərə, psixoloqlara, müəllimlərə və digər mütəxəssislərə aid edilsə də, əslində etik davranış prinsipləri bütün insanlar üçün keçərlidir.
Dürüstlük, hörmət, məsuliyyət, ədalət, empatiya kimi dəyərlər yalnız iş yerində deyil, gündəlik münasibətlərdə də rəhbər tutulmalıdır. Bu dəyərlər cəmiyyətdə qarşılıqlı etimad yaradır, zorakılığın və haqsızlığın qarşısını alır, birlik və qarşılıqlı anlayışı gücləndirir.
Etik davranmaq – yaxşı insan olmaqdır. Cəmiyyət olaraq daha sağlam və dəyərlərə əsaslanan bir gələcək qurmaq üçün hər bir fərd etik prinsiplərə riayət etməlidir. Unutmayaq ki, əsl dəyişiklik özümüzdən başlayır.
Etik Kodeks – Dəyərlərimizə Sadiqliyin Göstəricisi
Etik kodeks – fəaliyyətimizin əsasını təşkil edən prinsipləri və dəyərləri özündə birləşdirir. O, əməkdaşlarımızın davranışlarını yönləndirən, şəffaflıq, dürüstlük və məsuliyyət kimi əsas meyarlara əsaslanır.
Biz inanırıq ki, hər bir qərar və hərəkət insan ləyaqətinə hörmət, ədalət və peşəkarlıq çərçivəsində həyata keçirilməlidir. Etik kodeks, həm təşkilat daxilində, həm də ictimaiyyətlə münasibətlərdə düzgün davranış standartlarını müəyyən edir.
Əsas prinsiplərimiz:
Dürüstlük və şəffaflıq – Hər zaman açıq və dürüst olmaq.
Məsuliyyət – Qəbul etdiyimiz qərarlara görə cavabdeh olmaq.
Hörmət – Həmkarlarımıza, tərəfdaşlarımıza və cəmiyyətə qarşı hörmətlə yanaşmaq.
Ədalət və bərabərlik – Ayrı-seçkiliyə yol verməmək və bərabər imkanlar yaratmaq.
Etik kodeks yalnız bir sənəd deyil, bu – bir mədəniyyətdir. Hər bir əməkdaş bu mədəniyyətin daşıyıcısı kimi gündəlik fəaliyyətində etik dəyərlərə əsaslanmalıdır.
Psixoloqun etik kodeksi – psixoloqların peşə fəaliyyətində riayət etməli olduğu əxlaqi və peşəkar prinsipləri müəyyən edən vacib sənəddir. Bu kodeks həm pasiyentlərin hüquqlarını qorumağa, həm də psixoloqun məsuliyyətli və etibarlı fəaliyyət göstərməsinə xidmət edir.
Psixoloqun Etik Kodeksinə daxil olan əsas prinsiplər:
1. Məxfilik və gizlilik
Psixoloq pasiyentin verdiyi bütün məlumatları gizli saxlamalıdır. Bu məlumatlar yalnız pasiyentin icazəsi ilə və ya qanuni zərurət olduqda üçüncü tərəflə paylaşılır.
2. Peşəkarlıq və məsuliyyət
Psixoloq yalnız öz ixtisası və bilik dairəsi çərçivəsində fəaliyyət göstərməlidir. Hər hansı müdaxilə və ya tövsiyə elmi əsaslara söykənməli, peşəkar məsuliyyət çərçivəsində aparılmalıdır.
3. Zərər verməmək (nonmaleficence)
Psixoloq hər zaman pasiyentə zərər verə biləcək davranışlardan çəkinməlidir. Onun fəaliyyəti şəfa verməyə, psixoloji rifahı artırmağa yönəlik olmalıdır.
4. Hörmət və qeyri-ayrıseçkilik
Pasiyentin irqi, dini, cinsi, sosial statusu və digər fərqliliklərinə hörmətlə yanaşılmalı, diskriminasiyaya yol verilməməlidir.
5. Razılıq və məlumatlandırma (informasiya əsasında razılıq)
Müalicəyə və ya seanslara başlamazdan əvvəl psixoloq pasiyentə prosesin məqsədi, metodları və mümkün nəticələri haqqında məlumat verməli və razılıq almalıdır.
6. Peşə sirrinin qorunması
Psixoloq həmkarları, tələbələri və digər müştərilərlə bağlı əldə etdiyi peşəkar məlumatları da qorumağa borcludur.
7. Münasibətlərin sərhədləri
Psixoloq pasiyentlə şəxsi və ya qeyri-peşəkar münasibətlərdən çəkinməli, güvən münasibətini sui-istifadə etməməlidir.
8. Sübutlara əsaslanan yanaşma və davamlı inkişaf
Psixoloq daim öz bilik və bacarıqlarını yeniləməli, elmi əsaslı yanaşmalardan istifadə etməlidir.
Etik dəyərlər – qanun məcbur etmədən də doğru olanı seçməkdir.
Bu gün bir psixoloq, sabah bir müəllim, bir həkim və ya sadəcə bir qonşu… Kim olmağımızdan asılı olmayaraq, etik davranış insan olmağın əsas şərtidir.
Biz hər gün seçimlər edirik – bir söz, bir baxış, bir hərəkət. Hər biri ya kimisə ayağa qaldırır, ya da incidə bilər. Elə buna görə də etik kodeks yalnız peşəkarlar üçün deyil, hər bir vicdan sahibi insan üçün həyat qaydası olmalıdır.
Dürüst olmaq üçün qanuna ehtiyac yoxdur.
Empati qurmaq üçün ali təhsilə ehtiyac yoxdur.
Ədalətli olmaq üçün vəzifə sahibi olmaq şərt deyil.
Vicdan – hər kəsin içində olan görünməyən kodeksdir. Onu oyatmaq, dinləmək və yaşatmaq bizim seçimimizdir.
Daha ədalətli, daha anlayışlı və daha güvənli bir cəmiyyət üçün – etik prinsipləri yalnız oxumayaq, yaşayaq!
Röyalə Vüqarqızı
Psixoloq, Təlimçi, Təsisçi, 
Gundelik.az