Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ət və toyuqda isti hava həyəcanı: Soyuducuda nə qədər saxlanıla bilər?

Yay aylarında temperaturun 30-35 dərəcəyə yüksəlməsi ət, qiymə və toyuq kimi tez xarab olan məhsulların saxlanmasına xüsusi diqqət tələb edir. Düzgün şəraitdə saxlanılmayan məhsullar qida zəhərlənməsi riskini artırır.

Mütəxəssislər alış-veriş zamanı məhsulların son istifadə tarixinin yoxlanılmasını, gün ərzində istifadə edilməyəcək ət və toyuğun isə vaxt itirmədən dondurucuya yerləşdirilməsini tövsiyə edir.

Eskişehirdə uzun illər qəssab işləyən Kadir Şen xüsusilə toyuq ətinin tez xarab olduğuna diqqət çəkib. Onun sözlərinə görə, toyuq əti soyuducunun adi bölməsində 1-2 gün belə çətinliklə saxlanılır. Buna görə də yaxın zamanda istifadə edilməyəcək toyuq dondurucuda saxlanmalıdır.

Ətin xarab olduğunu necə bilmək olar?

Qırmızı ət və qiymənin rəngində dəyişiklik, xüsusilə yaşıllaşma xarab olmanın əsas əlamətlərindən biri hesab olunur. Ətin həddindən artıq qaralması da diqqət tələb edir.

Kadir Şen bildirib ki, isti ət dərhal plastik torbaya qoyularaq soyuducuya yerləşdirilməməlidir. Torbada havasız qalan ət daha tez xarab olur. Əti evə gətirdikdən sonra qablaşdırmadan çıxarıb soyuducuya yerləşdirmək daha məqsədəuyğundur.

Qiymənin də evə gətirildikdən sonra qabdan çıxarılaraq boşqaba qoyulması, üzərinin streçlə örtülməsi və istifadə olunmayacaq hissəsinin dondurucuya yerləşdirilməsi tövsiyə edilir.

Əsas qayda: Ət və toyuğu isti havada uzun müddət çöldə saxlamayın, son istifadə tarixini yoxlayın və yaxın zamanda istifadə etməyəcəyiniz məhsulları dondurucuda qoruyun.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az