İyul 8, 2026
Baku
Ədəbiyyat

Əsri çiyinlərində daşıyan sənətkar- Ordubadi

 

       Dünyada böyük ədəbiyyatların geniş şöhrət qazanmış nəhəng yaradıcıları vardır. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olmaq etibarı ilə Məmməd Səid Ordubadinin  xidmətləri çoxdur. O dərin mündəricəli romanları ilə Azərbaycan tarixini gözlərimiz önündə canlandırmışdır. O, inqilabçı ədibdir. Görkəmli yazıçı və içtimai xadim əsri çiyinlərində daşıyan sənətkar-Ordubadi də çoxəsirlik tarixi və davamlı ənənələri olan Azərbaycan ədəbiyyatının nəhəng ədəbi simalarından hesab edilir. Öz qüdrətli qələmini ədəbiyyatın bütün növlərində sınayan  xalqımızın sevimli sənətkarı M.S. Ordubadi (1872-1950) qözəl nasir, istedadlı dramaturq, mahir jurnalist, publisist, şair və tərcüməçi olmaqla bərabər, həm də ədəbiyyatımızda tarixi roman  janrının  banisi  kimi tanınıb. Ədib öz qələmi ilə yarım əsrdən artıq xalqının tərəqqisi və səadəti işinə xidmət göstərmişdir. Görkəmli sənətkarımız Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən yazıçılarımızdandır. Azərbaycan ədəbiyyatında məşhur tarixi roman janrının əsasını, bünövrəsini qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub  getmişdir. Qüdrətli nasir-romançı, şair-felyetonçu, jurnalist və publisist M.S.Ordubadinin yaradıcılığında dramaturgiya da müəyyən yer tutur. Ədəbiyyatımızın, mətbuatımızın və mədəniyyətimizin  inkişafında böyük xidmətləri olan yazıçı haqlı olaraq yeni ədəbiyyatın ilk klassiklərindən və yaradıcılarından hesab olunur. Xeyirxahlıq, insanpərvərlik, nəcib əməllərə sadiq olmaq hissi yazıçının hələ ilk yaradıcılıq dövrlərindən özünü göstərə bilmiş və bu, sonrakı yaradıcılığı üçün təməl daşı olmuşdur. Ordubadi böyük ilhamla yazıb-yaratdığı yüzlərlə  felyetonları, kəskin satirik şeirləri ilə köhnə cəmiyyətin amansız qayda-qanunlarına qarşı çıxış edirdi.  Məmməd Səid Ordubadi dövrün inqilabi ideyaları ruhunda köklənmiş ömür və yaradıçılıq yolu keçmiş sənətkar kimi tanınmışdır. Onun “Ədəbiyyat” adlı ilk mətbu şeiri də “Şərqi-Rus” qəzetinin 13 iyun 1903-cü il tarixli 31-ci sayında “Kərbalayi Məhəmməd Hacıağazadə, təxəllüsi “Səid Ordubadi” imzası ilə çap olunmuş və bu imza ilə də dövri mətbuatda məşhurlaşmışdı. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması Ordubadi yaradıcılığında yeni səhifələr açır. O, jurnalın əsas müəlliflərindən biri olur, felyetonları ilə geniş söhrət qazanır. Məmməd Səid Ordubadi həçinin “Tərəqqi”, “İrşad”, “Səda”, “Sədayi həqq”, “İttihad”, “Tazə həyat” qəzetlərində, “Tuti”, “Babayi Əmir” jurnallarında çıxışlar edir. 1906-cı ildə “Qəflət”, “Vətən və hürriyyət” (1907) şeirlər kitabı, “İki çocuğun Avropa səyahəti” (1908), “Bağı-şah, yaxud Tehran faciəsi” (1906), “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” (1914) dramları, “Qanlı sənələr (illər)” (1908), “Nisvani İslam”, (1911), adlı publisistik, kitabları işıq üzü görür. Sovet dövrü ədəbiyyatımızın ilk illərində o, siyasi-içtimai mövzularda ən çox yazan, hadisələrə açıq-aydın münasibət bildirən ədib, yeni quruluşun fəal təbliğatçısı kimi tanınıb. Hər gün dövri mətbuat səhifələrində məqalə və şeirlərlə çıxış edib.

Məmməd Səid Ordubadi 1872-ci ilin mart ayında Ordubad şəhərində anadan olmuşdur.  Dövrünün tanınmış şairi Hacıağa Fəqirin ailəsində dünyaya göz açan, zəmanəsinin görkəmli şairi Mirzə Baxış və M.T.Sidqidən şeir-sənət dərsi alan Məmməd Səid Ordubadinin gənc yaşlarından şeirə maraq göstərməsi təbii idi. M.S.Ordubadi ana dilində yazdığı şeirləri “Səid Ordubadi”, yəni xoşbəxt ordubadlı təxəllüsü ilə yazırdı. Sonralar isə ədib daha çox “Molla Nəsrəddin” jurnalı səhifələrindən tanınmış  və Cəlil Məmmədquluzadənin Onun bu dövr yaradıcılığında dram əsərləri də xüsusi yer tutur. “İşsizlər” pyesi “Tənqid-təbliğ” teatrının  birinci açılış gecesində oynanılıb. 1941-ci ildə iyunun 22-də faşist Almaniyası ilə müharibənin  başlanması yazıçılar qarşısında yeni vəzifələr qoyur. Bu dövrdə  Məmməd Səid Ordubadinin yaradıcılığı öz müasirliyi və aktuallığı ilə seçilir. Müharibə mövzusunda yazdığı “Çəbhədən məktub” (1941) adlı ilk şeirində savaşa gedən əsgərin döyüşkən əhval-ruhiyyəsini təsvir edir. Tarixi mövzudan vətənpərvərlik məqsədilə istifadə edən yazıçı bir çox əsərlərini bu ideyaya həsr edir. “Maral” mənzum dramı bu baxımdan gözəl nümunə hesab olunur. Onun “Qara Məlik” (1941), “Camal” (1941), “Tarix və qələbə” (1942) və s. kimi oçerk-portretlərində xalqımızın tarixində ad çıxarmış qəhrəmanların vətənpərvərliyindən söz açılır.təklifi ilə “Hərdəmxəyal” təxəllüsü ilə əsərlərini orada dərc etdirmişdir. O, “Felyetonçu”, “S”, “O”, “M.S” və başqa imzalardan istifadə etmişdir.

 O, yaradıcılığa XIX əsrin 90-cı illərindən başlayır. Dövrünün tanınmış şairi Hacıağa Fəqirin ailəsində dünyaya göz açan, zəmanəsinin görkəmli şairi Mirzə Baxış və  M.T.Sidqidən  şeir-sənət dərsi alan Ordubadi gənc yaşlarından şeir yazmağa başlayır. 1901-ci ildən Ordubadda ərbab Rzaqulu Rzayevin  ipək fabrikində işləyən gələcək yazıçı ağır iş şəraitinə baxmayaraq, ədəbiyyatdan uzaqlaşmır. Həmin illərdə yazdığı bir şeirinə nəzər salaq:

   Qorxuruq küləkdən, qorxuruq yeldən,

   Ruzumuz asılmış incə bir teldən.

  İşə çağırırlar ulduz batmamış,

  İşdən burazmazlar şəhər yatmamış.

Gənclik illərinin romantika ilə dolu coşqun çağları da gənc ədəbiyyat  həvəskarlarına  təsirsiz qalmır. O, kiçik həcmli lirik parçalar yazır, hiss və duyğularını poetikləşdirməyə can atır:

    Əzizim, hicri–qəmin aşiqə müsibət olur,

   O sərv qamətini görməsəm, qiyamət olur.

   Səfayi-gülşənə çıxma, bahara görsənmə,

  O gül camalı qızılgül görüb xəcalət olur.

Ədib “Ədəbiyyat” adlı ilk mətbu şeiri “Şərqi-Rus”qəzetində nəşr olunur. M.S.Ordubadi “Həyatım və mühitim” adlı xatirələrində bu şeiri türkcə (azərbaycanca) yazdığı ilk nümunə kimi qeyd edir. Xalqı qəflət yuxusundan oyatmaq arzusunun ifadəsi olan bu ilk şeirdə müəllifin gələcəyə nikbin gözlə baxdığı aydın görünür.

  Gözüm dur, xabi qəflətdən çıxıb gün aşikar oldu,

   Bəhəmdulla şəbi-yelda gedib nisfü nahar oldu.

  Dolubdu səfheyi-aləm şüai “Şərqi-Rus” ilə,

Qaranlıq könlümün zülmət sərası zərnigar oldu.

Bu şeir 1906-cı ildə Tiflisdə “Qeyrət” adlı 32 səhifəlik ilk şeirlər kitabına da daxil edilmişdir. Maraqlıdır ki, bu kitaba müqəddiməni görkəmli publisist Ömər Faiq Nemanzadə yazmışdır. Burada deyilir: “Bugünkü halımızda camaatı oxumağa həvəsləndirməyin ən gödək yolu, bizcə, açıq dil yazılan kiçik-kiçik faydalı kitablardır. “Qəflətən” nəşri-savad qəsdilə çıxardığımız əsərlərin birincisidir”. Yazıçının zəngin ədəbi irsi içərisində dünya ədəbiyyatından etdiyi tərcümələr də xüsusi yer tutur. Puşkinin “Baxçasaray fontanı”, “Boris Qodunov”, “Sevilya Bomarşenin “Sevilya bərbəri” və s. əsərlərin tərcüməsini buna  misal göstərmək olar. Məmməd Səid Ordubadi ədəbi janrın demək olar ki, hamısında yazıb yaradıb. Amma o romanlıarı ilə daha çox tanınıb. Tarixi romanın banisi kimi yüksək sənətkarlıq bacarığını “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” və ömrünün son illərində qələmə aldığı  “Qılınc və qələm” romanı ilə nümayiş etdirib. İlk tarixi romanı olan “Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən biri kimi ədibə böyük şöhrət gətirir. M.S.Ordubadi zəngin yaradıcılığı ilə xalqımızın tarixi keçmişini, qəhrəmanlıq səhifələrini, inkişaf və azadlıq mübarizələrini ardıcıl olaraq tədqiq və təsvir edən sənətkar olub. Sonuncu tarixi romanı isə “Qılınc və Qələm”dir. M.S.Ordubadi yaradıcılığının mövzu dairəsi və janr rəngarəngliyi olduqca genişdir. Bu zəngin və çoxcəhətli ədəbi irsdə beynəlxalq mövzulara həsr olunmuş şeirlər və mənzum felyetonlar böyük yer tutur. Azərbaycan ədəbiyyatının  gözəl inqilabi ənənələrinindən biri də beynəlxalq həyat mövzularını işləmək, xarici aləmdə baş verən hadisələrin mahiyyətini, içtimai mənasını obrazlı şəkildə açıb göstərmək, imperalizmi  müstəmkəçiliyi ifşa edən əsərlərlə dünya fəhlə hərəkatının,  məzlum xalqların milli-azadlıq mübarizəsinə təsirli yardım göstərmək olmuşdur. Bu sahədə Ordubadinin xidməti çox böyükdür. Ədəbiyyatımızın tarixinə şair, nasir, publisist, dramaturq və mühərrir kimi daxil olan Məmməd SəidOrdubadi yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da tanınmış qüdrətli söz ustalarındandır. Azərbaycan mədəniyyətinin-ədəbiyyat, incəsənət, və mətbuatının  yaradılması və inkişaf etdirilməsində Ordubadi böyük əmək sərf etmişdir. Xüsusilə Azərbaycan sovet nəsrinin inkişafı, ədəbiyyatımızda roman janrının yaranması Ordubadinin adı ilə qırılmaz surətdə bağlıdır. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər” kimi  geniş yayılmış və oxucular tərəfindən məhəbbətlə qarşılanmış romanları ilə Ordubadi ədəbiyyatımızda tarixi roman janrının ilk  təməl daşlarını qoymuşdur. Təqribən 80 illik həyat yolu keçmiş sənətkar mübarizələrlə dolu ömrünün 50 ildən çoxunu yazıb-yaratmağa həsr etmişdir. Xalqımızın həyatında, realist-demokratik ədəbiyyatımızın inkişafında son dərəcə mühüm hadisələrlə zəngin olan böyük bir dövr (1900-1950) ən əlamətdar çəhətləri  ilə Ordubadinin yaradıçılığında öz bədii inikasını tapmışdır. Bu dövrün istinasız olaraq bütün mərhələlərində ədibin yaradıcılığı xalqla və xalqın həyatı ilə bağlı olmuşdur. Ordubadinin əsərləri içərisində inqilabi mövzularda  yazılmış şeirlər sürgün illərində daha çox nəzəri çəlb edir. M. S.Ordubadinin satiralarının böyük bir qismi mənzum felyetonlardan ibarətdir. Bunlar günün ən zəruri məsələlərinə, beynəlxalq imperializmin, irticanın ifşasına, dövlətimizin düşmənlərinin qamçılanmasına həsr olunmuşdur. Öz qələmi ilə yarım əsrdən artıq xalqının tərəqqisi və səadəti işinə xidmət ğöstərmiş görkəmli sənətkarımız Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən yazıçılarımızdandır. Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub getmişdir. Hələ inqilabdan əvvəl, yaradıcılığının ilk dövründə Məmməd Səid Ordubadi dramaturgiya ilə məşğul olmuş, sonradan bu ədəbi növə daha tez-tez müraciət edərək onun bir sıra qiymətli nümunələrini yaratmışdır. Bütün yaradıcılığı boyu vaxtaşırı bu janra  müraciət edən yazıçının otuza yaxın dram əsəri vardır. Həmin əsərlər içərisində bu gün də öz-bədii estetik dəyərini, tərbiyəvi əhəmiyyətini saxlayanları az deyil. Onların bir qismi vaxtilə teatrlarımızın səhnələrində oynanılmış, tamaşaçıların yaddaşında qalmışdır, bəziləri isə heç zaman səhnə üzü görməmiş, lakin çap olunmuşdur. Ədibin elə dram əsərləri də vardır ki, oxucu və tamaşaçılara məlum deyil. Öz dram əsərlərində yazıçı müasirlərini düşünərkən, cəmiyyəti naraht edən zəruri məsələlərdən bir çox hallarda ümumbəşəri problemlərdən söhbət açır. Janrlarına görə  Ordubadinin dram əsərlərini bir neçə qismə ayırmaq olar: faciə, dram, məzhəkə, libretto. Həmin dramları tarixi, tarixi-əfsanəvi, müasir mövzulu əsərlər kimi də qruplaşdırmaq mümkündür.

    “Molla Nəsrəddin” məktəbinin istedadlı nümayəndəsi kimi meydana çıxan Məmməd Səid uzun, dolğun, mənalı yaradıcılıq yolu keçən ədib bir sıra tarixi romanların müəllifi kimi daha çox şöhrət qazanmışdır. Hadisələrin təsvirində realizm prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirən Ordubadinin oxucularda böyük maraq və həvəs oyadaraq təsəvvürləri genişləndirən bu əsərləri ədəbiyyatımızda tarixi roman janrının inkişafı sahəsində mühüm təşəbbüsdür. Yazıçının tarixi romanlarından sonuncusu olan “Qılınc və Qələm” də böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanın birinci hissəsində iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami digəri isə Fəxrəddindir. Kitabda  Nizaminin fikri-bədii təkammülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. İçtimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu “Qılınc və Qələm” romanı M. S.Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif  bununla kifayətlənməyərək dahi şəxsiyyət dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin –xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq “Qılınc və Qələm” adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin sujet xətti əsasında birləşdirən, oxunaqlı və yığcam quruluşlu “Qılınc və Qələm”, şübhəsiz Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır. Ədibin sonuncu romanı   olan “Qılınc və Qələm” i yazmağa hazırlaşarkən yazıçı əsərin əsas qəhrəmanı-dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı böyük tədqiqat işləri aparır.Yazıçı hələ 20-30-cu illərdə dövri  mətbuatda Nizami haqqında dəyərli məqalələrlə çıxış etmişdi. “Nizaminin dövrü və həyatı” (1939), “Böyük şairin yaşadığı mühit” (1947),  “Nizami dövründə ədəbiyyat” (1947), “XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” (1943) və s. məqalələr bu qəbildəndir. Bunlardan əlavə Ordubadi “Nizami” adlı opera mətni (1939)  yazmışdı. “Qılınc və Qələm” romanı 1946 (I kitab)  və 1948-ci illərdə (II kitab) çapdan çıxır. Qısa müddətdə oxucuların rəğbətini qazanır. M.S.Ordubadi romanda Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlərə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edir. Əsər xalqın mənəvi və fiziki gücünün rəmzi olaraq “Qılınc və Qələm” adlandırılıb. Romanda ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq uğrunda mübarizələrdə  ad çıxarması, Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması iftixar hissi ilə qeyd olunur. Xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların köməyinə də gedir. Mübarizə, müharibə və üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlansa da,onun əsas məsləhətçisi  Nizamidir. Böyük şairlə birlikdə şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur. Romanda zəngin surətlər qaleriyası diqqəti cəlb edir. Azərbaycan atabəyləri Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkir, Özbək  surətləri baş qəhrəmanın siyasi-içtimai ğörüşlərində dövrün təsvirinə kömək edirsə, Səba xanım Hüsaməddin və başqaları sujet xəttinin davamını təmin edir. Romanın sonunda məlum olur ki, Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdikdən sonra sonuncu Eldəniz hökmdarı Özbəyi Əlincə qalasına saldırır. Qalada iki qoca bir-birinə öz başlarına gələn sərgüzəştləri danışır. Onlardan biri Atabəy Məhəmmədin böyük oğlu Qütlüğ İnanc, digəri kiçik oğlu Özbəkdir. Tarixi hadisələrin çox maraqlı şəkildə təsvir  olunduğu  “Qılınc və Qələm” Ordubadinin yaradıcılığına xas macəraçılıq üslubunda yazılıb.

Görkəmli yazıçımız Ordubadinin 1911-ci ildə Bakıda nəşr olunmuş “Qanlı illər” əsəri əsrin ilk illərinin içtimai-siyasi gedişatını, millətlərası münasibətlərin vəziyyətini əks etdirən qiymətli mənbədir. Əsərdə daşnakların törətdiyi faciələrin səbəbləri və nəticələri öz əksini tapmışdır. Yazıçı mənfur daşnaksutyun partiyasını doğru olaraq çarizmə nökərçilik edən, Zaqafqaziyada dinc həyatı, əmin-amanlığı pozan fitnəkar, terorçu siyasi cərəyan kimi qiymətləndirmişdir. “Qanlı illər”dəki hadisələr müxtəlif forma və məzmunda davam etdirilməkdədir. Ona görə də “Qanlı illər” bugünkü mürəkkəb içtimai-siyasi hadisələrdən baş çıxarmağa, Ermənistandakı “yalan zavodları”nın, məkrli, yalanpərəst siyasətçilərin iç üzünü açmağa kömək edir.Bircə onu deyək ki, kifayət qədər sənəd, dəlil-sübut, mənbə olduğu halda indiyədək erməni-azərbaycanlı münasibətlərinin elmi-tədqiqat süzgəcindən keçirilmiş obyektiv mənzərəsi yaradılmamışdır, mövcud tarixi faktlara əsaslanan tədqiqat əsəri ortaya qoyulmamışdır. Həmin dövrdəki toqquşmalarla əlaqədar xeyli sənəd və materiallar araşdırılsa da, M. S.Ordubadinin hadisələrin izi ilə yaratdığı “Qanlı illər” əsəri həm tədqiqatdan, həm də geniş oxucu audotoriyasından demək olar ki, kənarda qalmışdı. Materiallar toplandı, kitab yazılıb qurtardı. Lakin onun nəşrini yeni çətinliklər gözləyirdi. Əsəri çapa vermək üçün vəsait yox idi, var-dövlət sahibləri isə bu gözəl təşəbbüsdən  boyun qaçırırdılar. “Qanlı illər” əsəri yalnız 1911-ci ildə Bakı kapitalisti Murtuza Muxtarovun maddi köməyi ilə nəşr olunub yayıla bildi. Əsərdə müəyyən hissələrdə  erməni zülmü bariz şəkildə görünməkdə idi. “Küçələrdə qan tökən ermənilər ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb tökməkdə idilər.”

 M.S.Ordubadi ensiklopedik bilik sahibi idi. Ona görə də onun yaradıcılığının mühüm qollarından birini də elmi-publisist məqalələri və elmi əsərləri təşkil edir. Ədibin yaradıcılığı milli mədəniyyətimizi zənginləşməsində, onun inkişafında müsbət rol oynamışdır. Xüsusən qüdrətli sənətkar tarixi romanları ilə ədəbiyyatımızda böyük ənənə yaratmışdır. Ordubadi xalqın inkişafı, ölkəsinin dirçəlişi yolunda qəfləti əsas seçmiş, cəhalətdən xilas olmaq üçün ağıla, idraka, elmə, maarifə əsaslanmağı önə çəkmişdir. Onun əsərlərində vətənpərvərlik ruhu yüksək ideya-bədi  keyfiyyətlərə  malik olan and miqyasında marş kimi səslənir.

    Başdan keçib ölməklə Vətən qədrini bilmək,

   Ölmək deyil, əlbəttə, odur bir də dirilmək.

   Bu tərz ilə düşmənlər ayağında əzilmək,

  Tarixdə müstəqbəl üçün ibrət edilmək.

  Ölmək budu, bişəkk, əgər olsan da səlamət,

   İnsanlara fərz olmalıdır qeyrəti-millət!

  … Yatdıq nə qədər naz ilə, şimdisə  ayrılmaq,

   Başdan keçib, heysiyyəti-milliyə qazanmaq.

   Can ilə təlaş eyləyibən qana boyanmaq,

    Bir əmri-müqəddəsdi Vətən qeydinə qalmaq.

   Qoy qanını töksünlər, qıl isbati-şəhadət,

  İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Məmməd Səid Ordubadi  “Molla Nəsrəddin” jurnalında və XX əsrin əvvəllərində çap olunan digər mətbuat orqanlarında təxminən dörd mindən çox şeir və felyeton çap etdirmişdir. O, böyük demokrat  yazıçı  Mirzə Cəlilin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin, bu böyük sənət cəbhəsinin ən görkəmli və və fəal üzvlərindən biri idi. Məmməd Səid Ordubadi  ardıcıl olaraq, axıradək “Molla Nəsrəddin” jurnalında yaxından iştirak etmiş, mollanəsrəddinçi realist-satirik ədəbiyyatın, sənətdə tənqidi-realist düşüncənin inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. “Biz ona xatircəm idik və bilirdik ki, bu məcmuə yaşayacaqdır”-deyən Məmməd Səid Ordubadi “Molla Nəsrəddin” məktəbi zəmnində yetişib formalaşmış,  lakin  Azərbaycan  romançılığı sahəsindəki xidmətləri ilə ədəbiyyatda böyük şöhrət qazanmışdır. Bununla belə, “Qəflət”, “Vətən və hürriyyət” kitablarındakı vətənpərvərlik ruhunda yazılmış şeirlər geniş mənada  Məmməd Səid Ordubadinin böyük ədəbiyyata gəlişinin ilkin qüvvətli ədəbi tezisləri kimi mühüm əhəmiyyət  kəsb edir.

  M.S.Ordubadinin  şəxsi həyatı bir o qədər də uğurlu olmamışdır. Sürgün illərində hər iki valideynlərini itirən Taisiya adlı gənc bir qızla ailə qurmuş, Şəfiqə adlı bir qızları dünyaya gəlsə də, bələkdə ikən ölmüşdü. Sonra onların Maqsud adlı bir oğlu olur. Maqsud da atasının ölümündən iki il sonra (1952) 32 yaşında dünyasını dəyişir. Ordubadi həyat yoldaşını “Nura” deyə çağırarmış. Ədibin şirinli-acılı günlərinin şahidi olan qadın səmimiyyətli, xeyirxahlığı ilə bu gün də xoş xatirələrlə yad edilir.  M.S.Ordubadinin  simasında öz xalqına və bütün qabaqcıl bəşəriyyətə xidmət etməyin parlaq nümunəsini görürük. Onun həyat və yaradıcılığı göstərir ki, öz istedadını inqilab işinə həsr edən əsl yazıçı gələcək nəsillərin xatirəsində əbədi yaşayır.  Vətənə, xalqımızın sarsılmaz, qranit birliyinə möhtəşəm himn kimi səslənən, “min arzu, min xəyal, min dadlı istək” dən yaranan  Məmməd Səid Ordubadi sənəti həmişə rayihəli qalacaqdır.

Məmməd Səid Ordubadi uzun sürən xəstəlikdən 1950-ci ilin 1 mayında  Bakıda dünyasını dəyişmiş, və Fəxri xiyabanda dəfn olunmuşdur. Dövlətimiz sənətkarın ədəbi-içtimai fəaliyyətini yüksək qiymətləndirərək onu orden və şərəf nişanı və  medallarla təltif etmişdir. Ədəbiyyat və incəsənət sahəsindəki görkəmli xidmətlərinə görə ədibə Əməkdar incəsənət xadimi adı verilmiş, o, zəhmətkeşlər tərəfindən   Azərbaycan Ali Sovetinə ilk seçkilər zamanı (1937) Ordubaddan bir neçə dəfə deputat seçilmiş, mətbuat və dövlət qulluğu sahələrində geniş içtimai iş aparmışdır. Xalqımız böyük ədibin xatirəsini əbədiləşdirmək üçün bir sıra mədəniyyət ocaqlarına  Ordubadinin adını vermişdir.

AYNUR TURAN

Gundelik.az