İyul 8, 2026
Baku
Ədəbiyyat

Zamanın tarixi- ədəbi salnaməçisi Ələviyyə Babayeva

Ələviyyə Babayeva dərəcəsi çətin ölçülə bilən zəhmətlərə qatlaşan, ona görə də sevilən sənətkardır. Onun inadlı zəhmətkeşliyinə həmişə qibtə etmək olar. Ələviyyə Babayeva yeganə yazıçıdır ki, əlinə qələm aldığı gündən öz populyarlığını qoruya bilib.
Çingiz Fərəcov, ictimai xadim
Ömrünün 75 ilini ədəbiyyatımızın inkişafına həsr edən Ələviyyə xanım istedadlı, təvazökar, çox məhsuldar və cəfakeş yazıçı idi. Öz taleyi də bir sıra qəhrəmanlarının həyatına bənzəyən Ələviyyə Babayeva 63-dən çox kitabın müəllifidir. Hekayə və povestlərdən ibarət olan bu nəsr nümunələrinin arasında 9 roman da var. Əsasən böyüklər üçün yazan müəllif uşaqları da yaddan çıxarmayıb. Yazıçının balacalar üçün, onların həyatından yazdığı “Mənim müəlliməm”, “Qızılı buzov”, “Hekayələr”, “Tək ağac”, “Kənd yollarında”, “Tut ağacı”, “Sehirli pillələr”, “Hörüklər”, “Payızda”, “Arıxanada”, “Mən tək deyiləm”, “Yarpaqlar nə haqda pıçıldaşırdı”, “Yenə bahardı”, “Ayran” hekayələr və povestlər kitabları və multfilmləri balaca oxucuların rəğbətini qazanıb.
Onun “Cırtdan şəhərdən qaçıb” povestini oxucularımız həmişə maraqla oxuyurlar. Yüksək vüsətli romanlar müəllifi Ələviyyə Babayeva sovet dönəmində təkcə Azərbaycanda deyil, müttəfiq respublikalarda da yaxşı tanınır və sevilirdi. Onun kitabları bir neçə xarici ölkədə çap edilmişdi. Ə.Babayeva 1937-ci ilin dəhşətli repressiyalarını yeniyetməlik çağlarından canında yaşadan, həyatın bir çox çətinlikləri, müsibətləri ilə üz-üzə dayanan bir insan olub. Bir- birinin ardınca işıq üzü görən əsərləri Ələviyyə Babayevaya oxucu rəğbəti və məhəbbəti qazandırıb.
Ələviyyə Babayevanın əsərləri Rusiyada, Çində, Fransada, Yaponiyada, Türkiyədə, İsraildə, İranda və başqa ölkələrdə işıq üzü görüb və kitab kimi çap edilib. Həmkarları söyləyirlər ki, Ələviyyə xanımın zəhmətkeşliyinə qibtə etmək olar. Çünki o, böyük bir romanın üzünü bəzən bir neçə dəfə köçürüb, amma yorulmayıb, bezməyib. Bu cəfakeşliyinin müqabilində umacaqsız yaşayıb. Həmişə də nikbinliklə söyləyib: “Bir mənəm, bir də 63 kitabım və dostlarım”.
Müəllifin “Mənim müəllimim” adlı ilk kitabı 1950-ci ildə “Uşaqgəncnəşr” də çap olunub. Sonra bir-birinin ardınca onun “Hekayələr”, “Tək ağac”, “Kənd yolları”, “Payızda”, “Yenə bahardı”, “Tut ağacı”, “Süsən sünbül”, “Hörüklər”, “Adamlar və talelər”, “Hardasan, dost, harda”, “Əlvida”, “Dəli Sona”, “Son döngə” və s. əsərləri işıq üzü görüb. Ələviyyə Babayeva eyni zamanda uzun illər tərcümə və jurnalistliklə də məşğul olub. Gənc yaşlarından müasir rus və xarici ölkə ədəbiyyatından da tərcümələr edib. L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Korolenko, G.Paustovski, A.Qaydar, V.Byankin, V.Astafyev, V.Ponova, Y.Çaruşin, Y.Sotnik, A.Zegeres (alman dilindən) və başqalarının əsərləri onun tərcüməsində kütləvi tirajla çap olunub.
Gəncləri həmişə ürəkdən sevən Ələviyyə Babayeva istər jurnalda işlədiyi, istərsə də “Gənclik” nəşriyyatında baş redaktor olduğu dövrdə hər zaman istedadlıların əsərlərinin çap edilməsinə, kitablarının plana salınmasına çalışıb. Bu gün də Ələviyyə Babayevanın xidmətlərini məhəbbətlə xatırlayan neçə-neçə qələm sahibi var. Ələviyyə Babayevanın mövzu dairəsi geniş, əhatəlidir.
Onun dolğun məzmunlu və maraqlı bədii əsərlərində uşaq təxəyyülünə uyğun şəkildə qələmə aldığı həyat hadisələri azyaşlı oxucunun dünyagörüşünə faydalı təsir göstərir, onlarda gözəl hisslər, səmimi duyğular, vətənpərvərlik hissləri aşılayır. Yazıçının bu xüsusiyyətini nəzərə alaraq, Rafiq Yusifoğlu belə bir fikir söyləmişdir: “Ələviyyə Babayeva balalarımızın sevincinə səbəb olan kitabların önündə həmişə yaşıl işıq yandıranlardan biri olmuşdur.” Ədəbiyyatşünas, alim Əkrəm Cəfər isə Ələviyyə xanımın qələmə aldığı romanlar haqqında bu fikirləri söyləmişdir: “Elmi-bədii ədəbiyyat əsəri necə olar? Əgər məndən bunu soruşsaydılar, deyərdim:
“Gedin Ələviyyənin əsərlərini oxuyun”. Ələviyyə xanımın yaradıcılığı ilə tanış olanda ağlıma Əməkdar jurnalist Flora Xəlilzadənin dəyərli fikirləri gəldi. “Ələviyyə Babayevanın romanları milli səviyyəmizdir. Bu əsərlərdə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezi açıq-aydın hiss olunur. Ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa, bədii tərcüməyə bağlayan Ələviyyə Babayevanı həmkarlarından fərqləndirən çoxlu məziyyəti var: mərdanəliyi, cəsarəti, məhsuldarlığı.”
Bəli, Ələviyyə xanımın yaradıcılıq yoluna nəzər saldıqda onun əsər üzərində nə qədər səbr və təmkinlə işlənməsinə heyran olursan. Ələviyyə Babayeva ömrü boyu ədəbiyyata təmənnasız xidmət etməyi özünün vətəndaşlıq borcu sayıb.
“Bəlkə sabah olmadı”. Bu, Ələviyyə Babayevanın həm Azərbaycanda, həm də xarici ölkələrdə çap edilən məşhur romanının adıdır. Bu xiffət dolu sualın ahəngində qəribə bir niskil, daha doğrusu, giley duyulur. Ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa, bədii tərcüməyə bağlayan Ələviyyə Babayeva Azərbaycanın müstəqillik dövründə də qələmini yerə qoymamış, çox dəyərli, dövrlə səsləşən əsərlər yazmışdır. Onun 1985-ci ildə işıq üzü görmüş “Səni axtarıram” kitabı da ictimai quruluşun eybəcərliklərini oxuculara çatdirmaq baxımından çox cəsarətli bir addım idi. Tənqidçi Qulu Xəlilov bu əsəri “həqiqətən yüksək vüsətli roman” adlandırmışdı. Jurnalistlərin, mətbuat işçilərinin həyatından bəhs edən bu əsər haqqında Ələviyyə Babayeva vaxtilə belə söyləmişdi: “Mən jurnalist peşəsinin nə qədər çətin, nə qədər
keşməkeşli və nə qədər gərəkli, jurnalist adlanan adamların insanın səadəti, ədalətin bərqərar olması uğrunda mübarizə edən, bu yolda bəzən hətta səadətini itirən mərd qəhrəmanlar olduğunu qələmə almışam”. Müəllif bu əsərində çox haqlı olaraq jurnalistləri “qızılaxtaranlar” adlandırıb.
Özü bu kəlmənin mahiyyətini belə açır: “Qızılaxtaranların həyatı dağlarda, düzlərdə,məhrumiyyətlər qaynağında keçir. Ən adi rahatlığa – yumşaq yatağa, isti yeməyə çox vaxt həsrət qalırlar…” 70-ci illərdə Ələviyyə Babayevanın çapdan çıxmış “Adamlar və talelər” adlı kitabı ədəbi aləmdə böyük əks-səda doğurdu. İnsanların dəfələrlə oxuduğu, maraqla qarşıladığı bu kitab elə bir rəğbət qazanıb ki, hətta bir neçə il təkrar nəşr olunub. Ələviyyə Babayeva bu romanında yaradıcılıq imkanlarını aydın və pozulmaz bir möhürlə təsdiq edib. Müəllif “Rəngbərəng yuxular” povestində keçdiyi enişli-yoxuşlu həyat yoluna nəzər salır, gördüyü, təmasda olduğu insanların, məşhur şairlərin, yazıçıların və ziyalıların öz yaradıcılığına böyük təsirini qeyd edir. Həmçinin o, ömrü boyu üzləşdiyi çətinlikləri, maraqlı hadisələri, üzləçdiyi bəzi təsirli məqamları yaddan çıxarmır. Duyulur ki, onun ən böyük idealı ədalət, düzlük, vicdan təmizliyi olub və əsərlərində həyat həqiqətinin gözlə görünməz düyünlərini açmağa çalışıb.
“Rəngbərəng yuxular” əsəri müəllifin yaşadığı mürəkkəb və faciəli epoxanın, zamanın tarixi- ədəbi salnaməsidir, – desək yanılmarıq. Əsərin elə ilk səhifəsində yazıçının ədəbiyyata verdiyi qiymətin, ədəbiyyat haqqında söylədiyi mülahizələrin şahidi oluruq. “Ədəbiyyat, sənət elə bir halədir ki, bu haləyə düşən adam heç vaxt xilas ola bilmir. Bu yolla irəliləyənin bu yolda dönüklüyü yada düşmür”. Müəllif bu əsərdə görkəmli sənət fədailərinin başlarına gələn faciələrə, onlara atılan böhtanlara göz yuma bilmir və repressiya qurbanlarının həbsindən ürək ağrısı ilə yazır. Yazıçı eyni zamanda uşaqlıq illərini tez-tez xatırlayır. O, hafizəsinin çox güclü olduğunu,
Müşfiqin ona söylədiyi “Yalnız ağac” şeirini yaddaşına həkk edib təzədən şairə əzbər söylədiyini və şairi heyrətləndirdiyini uşaq sevincilə yadına salır. Əsərdə Müşfiqlə yanaşı, onunla eyni vaxtada yaşayıb yaradan S.Vurğun, H.Cavid, S.Mümtaz da xatırlanır. Qarabağ müharibəsi başlayandan yazıçı tez- tez çadır şəhərciklərinə gedir, orada məskunlaşan qaçqınlarla görüşür, onların acınacaqlı həyat şəraitini təsvir edir. Yazıçı valideynləri ermənilər tərəfindən gözü qabağında öldürülən balaca Samirənin simasında Qarabağ müharibəsində əsir götürülən fidan balaların taleyinə acıyır. Povestdə müəllif yazır: “Mən çadır şəhərciyində yayın isti günlərində olmuşam. Gil torpaqda ot-ələf bitmir, mal, qoyun saxlamaq mümkün deyil. Su yoxdur, deyə, əkin, tikinti də yoxdur. Heç toyuq, cücə də o istiyə, susuzluğa davam gətirmir”. Belə çadırların birində əmisinin himayəsində yaşayan dili tutulmuş (erməni separatçıları tərəfindən gözünün qabağında ata-anası öldürülərkən həyəcandan dili tutulub) Samirəni görür və ona xeyirxah insanların köməyi ilə yardım edir, qızın dili açılır. Müəllif bu balaca, şair təbiətli qızı ikinci dəfə evində qarşılayır. Samirənin yazdığı yurd həsrətli, nisgilli şeirlərinə qulaq asır. Onu şəhərə gəzməyə aparanda qızcığazın gözləri dənizə sataşır, heyrətlənir. Bu qədər də su olar? – soruşur
və sonra deyir: “Çadır şəhərində suyun o qədər həsrətini çəkmişdi ki…” Bu cümlələri oxuyanda torpaqlarımızın Ali baş komandan İlham Əliyevin əmri ilə igid oğullarımız sayəsində azad olunduğu üçün Allaha şükürlər edirik.
Ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa, bədii tərcüməyə bağlayan Ələviyyə Babayevanı həmkarlarından fərqləndirən çoxlu məziyyətləri var idi. Bu xanım mərd, cəsarəti təvazökar, cəfakeş və çox zəhmətkeş idi. Ələviyyə xanımın qəhrəmanları dünənimizin, bu günümüzün insanlarıdırlar. Ələviyyə xanım cəmiyyətin ictimai-siyasi mənzərəsi ilə yanaşı, insan qəlbini, mənəviyyatını əsərlərində işıqlandırırdı və müasir dövrünün həqiqətlərini, reallığını doğru-dürüst əks etdirirdi. Geniş dünyagörüşlü, intellektual səviyyəli, ən başlıcası böyük ürək sahibi olan müəllif bilirdi ki, tarix və çağdaşlıq qırılmaz tellərlə bir-birinə bağlıdır. Biri digərsiz tamamlana bilməz. Ələviyyə xanım əsərlərində dönə-dönə qeyd edirdi ki, hər bir yazıçı tariximizi, keçmişimizi mükəmməl bilməlidir. O, qələminə sığınaraq elə əsərlərə imza atıb ki,
bütün zamanlardan, sınaqlardan üzüağ və qalib çıxıb. Ona görə də, Ələviyyə xanım hər bir romanını başlamazdan əvvəl xalqımızın uzaq keçmişini arxivlərdən, tarix kitablarından, yaddaşlardan, xatirələrdən və o dövrü yaşamış canlı şahidlərdən öyrənirdi. Yazıçı əsərlərində müxtəlif taleyli adamları, onların daxili aləmini, hiss və həyəcanlarını, yaşam tərzini çox inandırıcı şəkildə oxucuya çatdırır. Onun əsərlərinin sujet xətti cəmiyyətin saflaşmasına, haqqın qələbəsinə, insanların mənəvi təmizliyinə xidmət edir. Təkcə bədii yaradıcılıqla deyil, uzun illər tərcümə ilə, jurnalistika ilə məşğul olmuş bu xanımın fərəh və xiffətlə söylədiyi xatirələrin
birində diqqətiçəkən məqama fikir verin. Ələviyyə xanım yazırdi: ”Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi qiymətləndirirdi. O, həm də əsərlərimi oxuyurdu və bəyənirdi. Heydər Əliyev Azərbaycan yazıçılarını çox yaxşı tanıyırdı”. Bu etiraf çox dəyərlərdən və mətləblərdən xəbər verir. Həm ümummilli liderin Azərbaycan ədəbiyyatına olan diqqətindən, himayəsindən, həm də qayğıdan fərəhlənən qələm sahiblərinin qədirbilənliyindən. Müəllif müsahibələrinin birində demişdir ki, romançı öz dövrünün sadəcə müşahidəçisidirsə – bu çox azdır. O, həyatın burulğanından keçən yaşadığı zamanın tədqiqatçısı və güzgüsü olmalıdır.
Yazıçıda olan yüksək intellektuallıq Şərq və eyni zamanda Qərb ədəbiyyatını çox mükəmməl bilməsi ilə əlaqədar idi. Müəllif yazılarının birində yazıçı olmağın həm çətin, həm də şərəfli olduğunu qeyd edərək, ədəbi mühitin yaradıcılığa təsirindən yan ötmədiyini də deyir: “Ədəbi mühit istedadın fikirlərinin istiqamətini dəyişə bilər, yolunu əyə bilər, ancaq yaradıcılığına meydan aça bilməz. Çünki burda hər kəs öz yükünü özü çəkməlidir”. Ələviyyə xanımın yaradıcılıq yoluna nəzər saldıqda onun əsər üzərində nə qədər səbr və təmkinlə işləməsinə heyran olursan. Azyaşlılar və məktəblilər üçün yazdığı “Mənim müəllimim”, “Kənd yolları”, “Payızda”, “Yenə bahardı”, “Sehirli pillələr” kimi hekayə kitabları Ələviyyə xanıma şöhrət qazandırmışdır. Ə.Babayeva uşaq ədəbiyyatına böyük ehtiyac olduğunu hiss etdiyindən yaradıcılığını bu istiqamətə də yönəltmiş, həm orijinal hekayələri, povestləri, nağılları, həm də tərcümələri ilə bu sahədəki boşluğu doldurmağa çalışmışdır. Ə.Babayevanın tərbiyəvi xarakter daşıyan hekayələri çoxdur. Bu əsərlərin balaca qəhrəmanlarının hərəkətləri, davranışlarının təsviri göstərir ki, o, uşaq dünyasına yaxından bələddir, onların psixologiyasından xəbərdardır. Bu baxımdan yazıçının “Sehrli pillələr”, “Çörəkli yer”, “Süsən sünbül”, “Sən Laləyə oxşama”, “Böyürtkən mürəbbəsi”, “Çörək əhvalatı” hekayələri uğurlu hesab olunur. Onun nağılları öz yığcamlığı, dərin ictimai mənası, tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edir. Onun uşaqlar üçün yazdığı hekayələrində xalqlar dostluğu, səmimi yoldaşlıq mövzuları əsas yer tutur. Bu əsərlərdə sırf nəsihətçiliyə, quru didaktizmə rast gəlmirik. Əxlaqi nəticə təsvir olunan hadisələrlə üzvü surətdə bağlı olur. Təsvir boyu yazıçı ibrətli nəticələr üçün zəmin hazırlayır. Yazıçını düşündürən tərbiyəvi problemlər bunlardır: əməyə məhəbbət, böyüklərə hörmət, hər şeyi tez öyrənmək həvəsi, oyuncaqlarla rəftar. Bu hekayələrdə qoyulan məsələlərin bədii həlli də bir daha sübut edir ki, yazıçı uşaq psixologiyasına dərindən bələddir.

Əsərlərini az və orta yaşlılara həsr edən Ələviyyə xanım sonralar gənclər, böyüklər üçün əsərlər yazaraq onlara “Adamlar və talelər”, “Haradasan dost, harda”, “Səni axtarıram”, “Küləyin tərkində”, “Yanar su” və s. adlar verdi. Ələviyyə xanım orijinal əsərlər yazmaqla bərabər, tərcüməçiliklə də məşğul olmuşdur. A. Qaydarın “Uzaq ölkələr”, V.Biankinin “İz ilə”, “Ayı balası”, “Qırmızı təpə”, K. Paustovskinin “ğru pişik”, V. Q. Korolenkonun “Satın alınmış uşaqlar”, Y. Satkinin “Əcaib quş” və bir çox başqa əsərləri Azərbaycan dilinə tərcümə etmişdir.
Ələviyyə Babayevanın Tehranda “Haradasan dost, harda”, Çində “İnsanlar və talelər” romanları, Yaponiya, Türkiyə və başqa ölkələrdə çap olunan hekayələri nəinki müəllif üçün, həm də Azərbaycan ədəbiyyatı üçün fərəhli hadisədir. Müəllifin əsərləri, hər şeydən əvvəl, oxucunu düşündürür və zənginləşdirir. Sevimli yazıçımız Ələviyyə Babayeva artıq aramızda yoxdur. İndi onun maraq dolu duzlu, şirin söhbətlərinin, ipək kimi yumşaq səsini eşitmirik. Hansısa bir müdrik deyib ki, qürurlu və həssas duyumlu insanların səsi çox vaxt özünə bənzəyir. Onun səsində bir məlahət, yanğı və xeyirxahlıq, öz sehrində saxlaya biləcək bir cazibə var idi.
Ələviyyə xanımın qəlbində olan xeyirxahlıq, haqqa və ədalətə inam onun əsərlərinə də köçmüşdür. Ona görə də yazıçının hekayələrindən tutmuş romanlarına qədər bütün əsərləri sevilə-sevilə oxunur.

Məmmədli Ruhiyyə

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsinin müdiri

Gundelik.az