Oktyabr 12, 2026
Baku
Dünya Maraqlı Xəbərlər

Eş Dykes Konqo hövzəsində təhlükəli kayak ekspedisiyasına başlayıb

Gundelik.az xəbər verir ki, bu barədə Uelsdən olan səyyah, ekstremal idmançı, yazıçı və televiziya aparıcısı Eş Dykes məlumat verib.

Dünyanın ən çətin təbii ərazilərində həyata keçirdiyi ekspedisiyalarla tanınan Eş Dykes bu dəfə Mərkəzi Afrikanın sıx tropik meşələri ilə əhatə olunan Konqo hövzəsində kayakla səyahət edir.

Səyyahın yeni macərası “Project Six” adlı layihənin ilk mərhələsidir. Layihə çərçivəsində o, 12 ay ərzində dünyanın altı fərqli və çətin təbii mühitində ekspedisiyalar həyata keçirməyi planlaşdırır.

Məlumata görə, Eş Dykes Mərkəzi Afrika Respublikasının Nola şəhərindən Konqo Respublikasının Mossaka şəhərinədək Sanqa çayı boyunca 700 kilometrdən çox məsafə qət etməyi hədəfləyir. Təxminən bir ay davam etməsi nəzərdə tutulan səyahət zamanı onu bir sıra təhlükələr gözləyir.

Konqo hövzəsi begemotlar, timsahlar və meşə filləri kimi vəhşi heyvanlarla yanaşı, isti və rütubətli iqlimi, malyariya və digər tropik xəstəliklər riski ilə də seçilir. Sıx meşələrdə tibbi yardımın əlçatanlığının məhdud olması ekspedisiyanı daha da çətinləşdirir.

Qeyd edək ki, Eş Dykes əvvəllər də bir sıra diqqətçəkən ekspedisiyalar həyata keçirib. O, Monqolustanı piyada keçməsi, Madaqaskarda uzun məsafəli səyahəti və Çində Yantszı çayı boyunca ekspedisiyası ilə tanınıb.

Səyyahın əsas məqsədi yalnız çətin marşrutları qət etmək deyil, həm də dünyanın az tanınan təbii ərazilərinə diqqət çəkmək və onların qorunmasının əhəmiyyətini nümayiş etdirməkdir.

Nuri
Gundelik.az