Ermənistan Dövlət Gəlirlər Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı il aprelin 15-dək Azərbaycan ərazisi vasitəsilə və birbaşa Azərbaycandan idxal olunan mallarla bağlı məlumatları açıqlayıb.
Gundelik.az-ın “Armenpress”in məlumatına görə, bu dövrdə Azərbaycan ərazisi vasitəsilə Rusiyadan və Qazaxıstandan Ermənistana ümumilikdə 26 295 ton mal daşınıb.
“Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya Federasiyası və Qazaxıstandan 26 295 ton mal, həmçinin Azərbaycandan 9 337 ton yanacaq idxal olunub”, – məlumatda qeyd olunub.
Rəsmi açıqlamada vurğulanıb ki, “regional əməkdaşlıq və sülhün nəticələri artıq hiss olunur və iqtisadi inkişaf üçün yeni imkanlar formalaşdırır”.
Gömrük xidmətinin məlumatına görə, Azərbaycan ərazisi vasitəsi ilə dəmir yolu ilə ilk tranzit yük daşınması 6 noyabr 2025-ci ildə həyata keçirilib.
“Rusiyadan və Qazaxıstandan 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq yarması idxal edilib”.
Bundan əlavə, 2025-ci ilin dekabrından 2026-cı il aprelin 15-dək Gürcüstan ərazisi vasitəsilə Azərbaycandan Ermənistana 9 337 ton yanacaq idxal olunub.
“Bunun 5 398 tonunu dizel yanacağı (4,3 milyon ABŞ dolları), 3 939 tonunu isə benzin (2,9 milyon ABŞ dolları) təşkil edib”, – məlumatda deyilir.
