Türkiyədə əqrəb sancması nəticəsində yaranan zəhərlənmələrin müalicəsində istifadə olunan zərdab çoxmərhələli bioloji istehsal prosesindən keçərək hazırlanır və insanların həyatını xilas edir.
Türkiyə Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Baş İdarəsinin Mikrobiologiya Referans Laboratoriyaları və Bioloji Məhsullar İdarəsində həyata keçirilən istehsal çərçivəsində hər il təxminən 10 min doza əqrəb əleyhinə zərdab (antivenom) hazırlanır.
Laboratoriyanın məsul baytar həkimi Mehmet Ali Kanat bildirib ki, zərdabın istehsalında Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindən gətirilən əqrəblərdən istifadə olunur.
Onun sözlərinə görə, laboratoriyaya gətirilən əqrəblər nəzarət altında saxlanılır və qidalandırılır. Müəyyən fasilələrlə onların zəhəri toplanır. Lakin əldə edilən zəhər birbaşa istehsalda istifadə edilmir. Çünki zəhərin tərkibində müxtəlif toxuma qalıqları olur və onlar ayrılmadıqda zəhər qısa müddətdə öz xüsusiyyətini itirir. Buna görə də zəhər uzun və dəqiq təmizlənmə prosesindən keçirilir.
Təmizlənmiş zəhər zülal və ferment analizləri, eləcə də keyfiyyətə nəzarət testlərindən sonra zərdab istehsalında istifadə olunur. Bu məqsədlə laboratoriyada saxlanılan 10 ata zəhərin kiçik dozaları vurulur. Müəyyən vaxtlardan sonra atların qanında əmələ gələn anticisimlərin (antikorların) səviyyəsi ölçülür.
Anticisimlərin miqdarı kifayət qədər olduqda atlardan plazma götürülür. Daha sonra plazma tam şəkildə təmizlənir və son məhsulda yalnız əqrəb zəhərinə qarşı təsir göstərən anticisimlər saxlanılır. Bütün yoxlamalar tamamlandıqdan sonra zərdab ölkənin bütün vilayətlərinə göndərilir və müalicədə istifadə olunur.
Mehmet Ali Kanat qeyd edib ki, istehsalda istifadə olunan “Androctonus crassicauda” növü əqrəbin zəhəri zəngin zülal tərkibinə malikdir. Bu səbəbdən həmin zəhər əsasında hazırlanan zərdab təkcə Türkiyədə deyil, həm də Şimali Afrika və Yaxın Şərqdə rast gəlinən bir çox əqrəb növünün sancmasına qarşı da təsirlidir.
Yay aylarında, xüsusilə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində, eləcə də Adana ətrafında əqrəb sancması halları artır. Risk daha çox kənd yerlərində çadırlarda və ya açıq havada yatan insanlar üçün yüksəkdir.
Mehmet Ali Kanat bildirib ki, Türkiyənin illik əqrəb əleyhinə zərdaba olan ehtiyacı təxminən 10 min doza təşkil edir və bu tələbat tam şəkildə qarşılanır. Zərdabın bütün səhiyyə müəssisələrində mövcud olması sayəsində son illərdə əqrəb sancması nəticəsində ölüm halları qeydə alınmayıb.
Mütəxəssis vətəndaşlara yay aylarında paltarlarını və ayaqqabılarını geyinməzdən əvvəl diqqətlə yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, paltarın və ya ayaqqabının içində gizlənən əqrəblər insanı bir neçə dəfə sanca bilər ki, bu da orqanizmə daha çox zəhər daxil olmasına və ağır fəsadlara səbəb olur. Buna görə də paltarlar əqrəblərin girə bilməyəcəyi yerdə saxlanılmalı, geyinməzdən əvvəl isə mütləq yoxlanılmalıdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

