Bu vəziyyət Saray, Kral Ailəsi və monarxiya üçün necə yaxşı nəticələnə bilər?
Kralın qardaşı həbs olunub, Kralın Sandringhamdakı mülkündəki evindən aparılıb, şəkli çəkilib və barmaq izləri götürülüb.
Bir neçə gün əvvələdək o, Vindzor Böyük Parkındakı 30 otaqlı dəbdəbəli Royal Lodge malikanəsində yaşayırdı.
Bir neçə həftə əvvəl isə o, hələ də “Şahzadə” Endryu idi və Saray vasitəsilə xidmətini və günahsızlığını bəyan edən açıqlama yayırdı.
Bir neçə ay əvvəl o, Vestminster Katedralinin pilləkənlərində, Kent hersoginyasının dəfn mərasimində ailənin digər üzvləri ilə birlikdə görüntülənmişdi.
2011-ci ildə ticarət nümayəndəsi vəzifəsindən geri çəkildikdən sonra belə, o, investisiya təşəbbüsü Pitch@Palace üçün Bukinqem Sarayını fon kimi istifadə edirdi.
Hazırda Kralın vəziyyətinə həsəd aparan olmaz. Onun tərəfdarları artıq atdığı addımları xatırladırlar – qardaşının titullarını və iqamətgahını əlindən alması, eləcə də istintaqlarla tam əməkdaşlıq vədi verməsi.
Onlar deyirlər ki, Kral sürətli və qətiyyətli şəkildə hərəkət edib.
Həmçinin Endryu Mountbatten-Vindzorun həbsindən bir neçə saat sonra yayımlanan bəyanata diqqət çəkirlər. Həmin bəyanatda Kral ilə Endryu arasındakı qan qohumluğuna dair bircə işarə belə yox idi.
Kral “Andrew Mountbatten-Windsor və dövlət vəzifəsində mümkün qanun pozuntusu şübhəsi” ilə bağlı “dərin narahatlığını” ifadə etmiş, səlahiyyətli orqanların isə “tam və səmimi dəstəyimizə və əməkdaşlığımıza” malik olduğunu bildirmişdi.
Onun müdafiəçiləri deyirlər ki, bu, Kralın mümkün ailə sədaqətini bir kənara qoyduğunu göstərir.
Kralın bioqrafı və dostu Jonathan Dimbleby cümə axşamı BBC Radio 4-ün World at One proqramında Kral ailəsi ilə monarxiya arasında fərq qoydu:
“Düşünmürəm ki, bu, monarxiyaya zərər verir,” – deyə o, həbs barədə bildirib. “Ailə anlayışı ilə monarxiya institutunu ayırmalıyıq. Bu, çox vacibdir. Bu ikisini eyniləşdirmək çox asandır.”
Bəziləri hesab edir ki, Endryu Mountbatten-Vindzorun sadəcə adi bir şübhəli kimi davranılması Kral Ailəsi və Saraya bir qədər nəfəs alma imkanı verəcək və dəyən zərəri azaldacaq.
Bu, ağır bir xəbər günündə kiçik təsəlli ola bilər. Amma vəziyyəti müsbət göstərməyə kifayət etmir.
İllər, hətta onilliklər ərzində Saray – Kral Ailəsinə xidmət edən institut – ailə üzvlərinin ictimai rolu ilə onların şəxsi həyatı arasında sərhəd çəkməyə çalışıb. Endryu ictimai həyatdan çəkildikcə, Saray da onu təmsil etməkdən geri çəkildi.
Lakin Saray üçün vacib olan bu fərq əksər insanlar üçün demək olar ki, mövcud deyil; Saray, Kral Ailəsi və monarxiya çoxlarına bir bütöv kimi görünür.
Endryu bir müddətdir Bukinqem Sarayının eyvanında görünməsə də, altı onillikdən çox müddətdə atası Şahzadə Filipin “ailə biznesi” adlandırdığı qurumun bir hissəsi olub.
Bunun “şəxsi məsələ” olması fikri reallıqdan uzaqdır. Mountbatten-Vindzor keçmiş Şahzadə Endryudur və hələ də taxt-tacın varislik xəttində qalır. İrsi monarxiyada əsas məsələ məhz kral qanıdır.
Hətta o, sadəcə “adi vətəndaş” olsaydı belə, keçmişdə Kral Ailəsi və Sarayla əlaqələri monarxiyanı bu qalmaqala cəlb etməyə kifayət edərdi.
Kralın vəd etdiyi “tam əməkdaşlıq” çərçivəsində aparılan araşdırmalardan nələrin üzə çıxacağını isə heç kim bilmir.
Saray Kralın indiyədək atdığı görünməmiş addımları xatırladır – titulların və iqamətgahın əlindən alınması, istintaqa yardım təklif edilməsi və səlahiyyətli orqanlardan heç bir güzəşt istənilməməsi.
Şübhə yoxdur ki, Kral ailə sədaqəti, taxta çıxdıqdan sonra miras qaldığı vəziyyət və Tac qarşısındakı borcu arasında ciddi tarazlıq yaratmaq məcburiyyətində qalıb.
Amma monarxiya davamlılıq üzərində qurulub; o, keçmişin yığımı olmaqla yanaşı, indiki dövrə reaksiya verən canlı bir institutdur.
Kralın tərəfdarları onun nə qədər iş gördüyünü vurğulayırlar. Tənqidçilər isə sual verəcəklər: Niyə daha əvvəl hərəkət edilmədi? İddialar artdıqca niyə daha çox maraq göstərilmədi? Keçmiş şahzadəyə münasibət nə vaxt və niyə dəyişdi?
Günün dramı səngiyəcək. Lakin artıq müəyyən zərər dəyib. Saray, Kral Ailəsi və Tac üçün əsas sual budur – qarşıda daha nə qədər sarsıntı var?
Mənbə: BBC
Hazırladı : Ziyalə Əhmədli
Gundelik.az

