İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Elon Musk Starship raketinin növbəti uçuşu üçün hədəf tarixi açıqladı

SpaceX rəhbəri Elon Muskun sözlərinə görə, nəhəng Starship raketi 12-ci sınaq uçuşunu ən tez mart ayında həyata keçirə bilər.
Musk bazar ertəsi X platformasında paylaşım edərək əvvəlki uçuşlardan birində çəkilmiş nəhəng raketin fotosunu yerləşdirib və belə yazıb: “Starship 6 həftəyə buraxılacaq.”
Starship, yuxarı mərhələ olan Ship kosmik aparatı və birinci mərhələ olan Super Heavy gücləndiricisindən ibarətdir. Raket SpaceX-in Cənubi Texasda yerləşən Starbase obyektindəki Pad 2 buraxılış meydançasından havaya qalxacaq. Bu, hələ tikintisi davam edən yeni meydançadan ilk buraxılış olacaq.
Daha önəmlisi isə bu missiya Starship-in üçüncü versiyasının ilk uçuşu kimi tarixə düşəcək.
Tam yığıldığı halda yeni aparat bir qədər hündür olacaq: 123,3 metrdən 124,4 metrə yüksələcək.
Yeni versiya əvvəlki modelə nisbətən daha böyük daşıma tutumuna malikdir — yəni daha ağır yükləri daşıya bilər. Həmçinin orbitdə yanacaq ötürülməsi üçün yeni birləşdirmə (docking) adapterləri ilə təchiz edilib. Bu yenilik Ay və daha uzaq hədəflərə uçuşlar üçün həyati əhəmiyyət daşıyır.
Starship buraxılış zamanı 17 milyon funt (pound) itələmə qüvvəsi yaradır və bu onu indiyə qədər uçmuş ən güclü raket edir. Müqayisə üçün: bu, SpaceX-in əsas işçi raketi olan Falcon 9-un start itələmə gücündən təxminən 10 dəfə çoxdur.
Güclü imkanları və möhtəşəm buraxılış-enmə prosesləri sayəsində Starship 2023-cü ildə ilk uçuşundan bəri böyük maraq doğurub. Bu raket gələcəkdə insanları ilk dəfə Mars istiqamətinə göndərə biləcək vasitə də ola bilər.
Bundan əvvəl isə Starship-in Artemis III missiyasında əsas rol oynayacağı gözlənilir. Hazırda bu missiyanın ən tez 2027-ci ildən əvvəl baş tutmayacağı bildirilir. Bu mühüm missiyada Starship-in dəyişdirilmiş Ship versiyası iki NASA astronavtını Ay səthinə endirəcək və bu, 1972-ci ildən bəri ilk pilotlu Ay enişi olacaq.
Lakin Starship hələ də sınaq mərhələsindədir və bu mürəkkəb Ay missiyasını yerinə yetirməzdən əvvəl çoxsaylı maneələri aşmalıdır.
Muskun sözlərinə görə, mart ayına hədəflənən 12-ci Starship uçuşu, SpaceX-in bu raketi “böyük səhnəyə” hazır vəziyyətə gətirməsi yolunda mühüm addım olacaq.
Mənbə: Digital Trends
Hazırladı:  Ziyalə Əhmədli
Gundelik.az