Elektrikli avtomobillərin kamera, sensor və məlumat toplama imkanları müdafiə sənayesində təhlükəsizlik narahatlıqlarına səbəb olub.
Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, Türkiyədə ASELSAN, ROKETSAN, HAVELSAN və TEI də daxil olmaqla bir sıra müdafiə sənayesi müəssisələri xarici istehsal olan elektrikli avtomobillərin ərazilərinə girişini məhdudlaşdırıb.
Polşa, Almaniya və Çexiya kimi ölkələrdə də oxşar tədbirlər görülüb.
Qərarların arxasında avtomobillərin topladığı görüntü və məkan məlumatlarının həssas hərbi informasiyanın təhlükəsizliyini riskə ata biləcəyi ilə bağlı narahatlıqlar dayanır.
Türkiyədə 4 müdafiə sənayesi müəssisəsindən mühüm qərar
Türkiyədə ASELSAN, ROKETSAN, HAVELSAN və TUSAŞ Motor Sənayesi (TEI) təhlükəsizlik səbəbindən xarici istehsal olan elektrikli avtomobillərin müəssisələrinin ərazisinə girişini məhdudlaşdırıb.
TEI-nin baş direktoru Mahmut Faruk Akşit avtomobillərdəki kamera və sensorların ətraf mühitin xəritəsini çıxara bildiyini bildirib. O, xarici istehsal olan elektrikli avtomobillərin müəssisənin ərazisinə buraxılmadığını açıqlayıb.
“Türkiye” qəzetinin məlumatına görə, Akşit bu avtomobillərin topladığı məlumatlara nəzarətin müəssisənin özündə olmamasının təhlükəsizlik riski yaratdığını vurğulayıb.
Polşada hərbi obyektlərə giriş qadağan edilib
Polşa ordusu 2026-cı ilin fevralında Çində istehsal olunan avtomobillərin mühafizə olunan hərbi obyektlərə girişini qadağan edib. Qərarın qəbulunda avtomobillərin kamera, mikrofon, məkan müəyyənləşdirmə və məlumat toplama sistemlərinin yarada biləcəyi kəşfiyyat riskləri əsas rol oynayıb.
Həmçinin hərbi qulluqçulara xidməti telefonlarını Çin istehsalı avtomobillərin multimedia sistemlərinə qoşmaq qadağan edilib.
Almaniya və Çexiyada da məhdudiyyətlər gücləndirilib
Almaniyada Çin istehsalı olan avtomobillərin bəzi hərbi və kəşfiyyat obyektlərinin dayanacaqlarına daxil olmasına icazə verilmir. Bu avtomobillərin sürücüləri başqa dayanacaqlara yönləndirilir.
Çexiyada isə Çin istehsalı olan bəzi “Tesla” və “Volvo” modelləri də daxil olmaqla, müəyyən avtomobillərin hərbi obyektlərə girişinə məhdudiyyətlər tətbiq edilir. Ölkədə fəaliyyət göstərən ORLEN qrupuna bağlı şirkət də dörd strateji sənaye obyektinə Çin istehsalı avtomobillərin girişini qadağan edib.
Böyük Britaniya, İsveçrə və Fransada da təhlükəsizlik narahatlığı
Böyük Britaniyada bütün hərbi obyektləri əhatə edən ümumi qadağa olmasa da, bəzi müdafiə müəssisələri elektrikli avtomobillərlə bağlı daha sərt təhlükəsizlik qaydaları tətbiq edir.
İsveçrədə internetə daimi qoşulan avtomobillərin həssas hərbi obyektlərin yaxınlığında istifadəsinə müəyyən məhdudiyyətlər qoyulub.
Fransada isə hərbi əks-kəşfiyyat xidmətinin BYD və “Tesla” markalı avtomobillərin yarada biləcəyi məlumat təhlükəsizliyi riskləri ilə bağlı xəbərdarlıqlar etdiyi bildirilir. Bununla belə, ölkədə həmin avtomobilləri əhatə edən ümumi hərbi obyekt qadağası mövcud deyil.
ABŞ və Çin də tədbirlər görür
ABŞ-da xarici ölkələrlə əlaqəli avtomobillərin hərbi obyektlərdə istifadəsini məhdudlaşdırmağa yönəlmiş qanunvericilik təşəbbüsləri müzakirə olunur. Hazırlanan müdafiə qanun layihəsində müəyyən avtomobillərin 2027-ci ildən etibarən hərbi obyektlərdə istifadəsinin qadağan edilməsinə dair müddəalar yer alır.
Çin isə hələ 2021-ci ildə “Tesla” avtomobillərinin hərbi obyektlərdə istifadəsinə məhdudiyyətlər tətbiq etmişdi. Avtomobillərin məlumat təhlükəsizliyi standartlarına uyğunluğu qiymətləndirildikdən sonra bəzi məhdudiyyətlər yumşaldılıb.
Əsas narahatlıq avtomobillərin topladığı məlumatlardır
Təhlükəsizlik tədbirlərinin əsas səbəbi yeni nəsil avtomobillərin ətraf mühiti görüntüləmək, məkan məlumatlarını qeydə almaq və topladıqları informasiyanı internet vasitəsilə ötürmək imkanlarıdır.
Mütəxəssislər bildirirlər ki, bu xüsusiyyətlər xüsusilə hərbi ərazilərdə və müdafiə sənayesi müəssisələrində həssas məlumatların kənar şəxslərin əlinə keçməsi riskini artıra bilər.
Ölkələrin qəbul etdiyi qərarlar fərqlənsə də, tətbiq olunan məhdudiyyətlər bütün elektrikli avtomobilləri və ya ölkə ərazisində onların istifadəsini əhatə etmir. Tədbirlər əsasən hərbi və strateji əhəmiyyətli obyektlərdə həyata keçirilir.
Nuri
Gundelik.az
