İspaniya və Portuqaliyada baş verən, ölkələrin tarixində ən böyük elektrik kəsintilərindən biri kimi qeydə alınan hadisə zamanı milyonlarla insan qaranlıqda qaldı. Həyatın demək olar ki, dayandığı bu fövqəladə vəziyyətdə sakinlər günü necə keçirdiklərini və ən çox hansı ehtiyacları hiss etdiklərini bölüşüblər.
1. Nağd pul
Elektrik kəsintisi kartla ödəniş sistemlərinin və bankomatların fəaliyyətini dayandırdı. Nəticədə insanlar yalnız nağd pulla alış-veriş edə bildilər. Bir çox sakin cibində olan az miqdarda nağd pul sayəsində əsas ehtiyaclarını qarşılaya bildiyini bildirib.
2. Radio
İnternet, mobil rabitə və televiziya işləmədiyi üçün məlumat almağın yeganə etibarlı vasitələrindən biri batareya və ya mexaniki (qurmalı) radio oldu. İnsanlar hadisələrin gedişini yalnız radio vasitəsilə izləyə bildiklərini deyiblər.
3. Konserv və hazır qidalar
Elektrik olmadığından elektrik plitələri, mikrodalğalı sobalar və digər mətbəx avadanlıqları işləmədi. Buna görə də bişirilməsinə ehtiyac olmayan konservlər, pendir, kolbasa və digər hazır qidalar ən çox tələbat görən məhsullara çevrildi.
4. Şam və fənər
Küçə işıqları və evlərin işıqlandırılması söndüyü üçün insanlar gecəni şam və əl fənərlərinin işığında keçirdilər. Mütəxəssislər isə açıq alovdan istifadə edərkən yanğın təhlükəsinə qarşı diqqətli olmağı tövsiyə edirlər.
5. Powerbank (daşınan enerji yükləyicisi)
Elektrik olmadıqda mobil telefonlar və planşetlərin enerjisi tez tükənir. Bu səbəbdən powerbanklar ən vacib vasitələrdən birinə çevrildi. Günəş enerjisi ilə işləyən enerji yükləyicilərindən istifadə edənlər telefonlarını daha uzun müddət işlək vəziyyətdə saxlaya bildilər.
Mütəxəssislərin əlavə tövsiyələri
Mütəxəssislər elektrik kəsintisi və digər fövqəladə hallara hazırlıq üçün evdə aşağıdakı ləvazimatların saxlanılmasını məsləhət görürlər:
Kifayət qədər içməli su;
İlk yardım çantası;
Körpəsi olan ailələr üçün uşaq baxımı ləvazimatları;
Ehtiyat batareyalar və enerji mənbələri;
Uzun müddət xarab olmayan ərzaq məhsulları.
Bu vasitələr uzunmüddətli elektrik kəsintisi zamanı təhlükəsizliyi və gündəlik ehtiyacların qarşılanmasını xeyli asanlaşdıra bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
