Gundelik.az Mədəniyyət və cəmiyyət Əl sıxma gücündə zəiflik xəstəlik əlaməti ola bilərmi?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Əl sıxma gücündə zəiflik xəstəlik əlaməti ola bilərmi?

Sadə bir əl sıxma adi hərəkət kimi görünsə də, insanın sağlamlığı barədə mühüm ipucları verir. Əl sıxma gücünün zəifləməsi sarkopeniyadan ürək-damar xəstəliklərinə qədər bir çox ciddi sağlamlıq probleminin erkən əlamətidir.

İlk baxışdan adi görünən əl sıxma hərəkəti əslində orqanizmin ümumi sağlamlıq vəziyyəti haqqında düşündüyümüzdən daha çox məlumat verir. Xüsusilə yaş artdıqca əl sıxma gücünün azalması əzələ kütləsi və əzələ gücünün tədricən itirilməsi ilə xarakterizə olunan sarkopeniyanın xəbərçisi hesab olunur. Elmi araşdırmalar göstərir ki, əlin sıxma gücünün zəif olması yalnız əzələ-skelet sistemi problemləri ilə deyil, həm də bir sıra ciddi xəstəliklərlə əlaqəlidir. Buna görə də əl sıxmanı sadə bir salamlaşma kimi qiymətləndirmək düzgün deyil. Bu hərəkət orqanizmin dözümlülüyü və həyat keyfiyyəti haqqında mühüm məlumat verir.

Əl sıxma gücünün sağlamlığa təsiri, hansı xəstəliklərlə əlaqəli olduğu və klinik qiymətləndirmələrdə necə istifadə edildiyi barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanasının Ortopediya və Travmatologiya Klinikasının professoru Cemil Ertürk danışıb.

Sarkopeniya – əzələ gücünün səssiz itkisi

Professor Ertürk bildirib ki, əl sıxma gücünün azalmasının əsas səbəblərindən biri sarkopeniyadır.

Onun sözlərinə görə, sarkopeniya təkcə əzələ kütləsinin azalması deyil, həm də əzələ gücü və fiziki funksiyaların zəifləməsi ilə xarakterizə olunan sindromdur. Bu vəziyyət daha çox yaşlı insanlarda müşahidə edilir.

Professor qeyd edib ki, sarkopeniyanın diaqnozunun qoyulması üçün yalnız bir test kifayət etmir. Bunun üçün müxtəlif göstəriciləri əhatə edən kompleks qiymətləndirmə aparılır.

“Bu qiymətləndirməyə bədən kütlə indeksinin hesablanması, yeriş analizi, əl sıxma gücünün ölçülməsi və yaşlı insanların yerinə yetirməkdə çətinlik çəkdiyi digər müayinələr daxildir”, – deyə o bildirib.

Bu testlər arasında ən sadə və qısa vaxt aparan üsullardan biri məhz əl sıxmadır.

Professorun sözlərinə görə, “Əl sıxma zamanı biz yalnız əlin isti, soyuq, quru, nəm və ya titrək olmasını hiss etmirik, eyni zamanda əlin sıxma gücünü də qiymətləndiririk.”

Beləliklə, sadə bir salamlaşma vasitəsilə insanın əzələ gücü və ümumi sağlamlıq vəziyyəti barədə ilkin təsəvvür əldə etmək mümkündür.

Əl sıxma gücü azaldıqca həyat müddəti də qısalır

Əl sıxma gücü ilə sarkopeniya və digər sağlamlıq problemləri arasındakı əlaqəni təsdiqləyən çoxsaylı elmi araşdırmalar mövcuddur. Professor Ertürk xüsusilə Cənubi Koreyada aparılan genişmiqyaslı tədqiqata diqqət çəkib.

Onun sözlərinə görə:

“Cənubi Koreyada 10 min nəfərin iştirak etdiyi və 10 il davam edən araşdırmada əl sıxma gücü zəif olan şəxslərdə ölüm riskinin iki dəfə yüksək olduğu müəyyən edilib. Bununla yanaşı, çoxsaylı keyfiyyətli tədqiqatlar və meta-analizlər əl sıxma gücü ilə ürək-damar xəstəlikləri arasında əlaqə olduğunu göstərir. Əl gücü azaldıqca ürək-damar xəstəliklərinin və erkən ölüm riskinin artdığı müşahidə olunur.”

Ciddi xəstəliklərin erkən əlamətidir

Araşdırmalar göstərir ki, əl sıxma gücü təkcə əzələlərin vəziyyətini deyil, həm də həyati vacib orqanların sağlamlığını və insanın ömür uzunluğunu əks etdirir.

Məsələn, yaşlı insanlarda geniş yayılan 2-ci tip şəkərli diabet zamanı da əl sıxma gücünün nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən edilib.

Bundan əlavə, əl sıxma gücünün zəifləməsinin sümüklərin kövrəkləşməsi və sınıq riskinin artması ilə də əlaqəli olduğu bildirilir.

Elmi araşdırmalar Parkinson xəstəliyi, Alzheimer xəstəliyi, demens və insult keçirən insanlarda da əl sıxma gücünün əhəmiyyətli dərəcədə zəiflədiyini ortaya qoyur.

Professor Cemil Ertürk bildirib:

“Sadəcə xəstənin əlini sıxmaqla onun əzələ gücündə zəiflik olub-olmadığını müəyyən edə bilərik. Bu, eyni zamanda həmin zəifliyə səbəb ola biləcək digər xəstəliklər barədə də bizə ilkin məlumat verir.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version