Soruşdum birindən:-Şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm.
Cavabı asanca qopdu dilindən:
Hələ ölməmisən deyə bilmərəm…
Bir oğul doğuldu-92 il öncə. Ağlı kəsən gündən əlinə “çörək ağacı” əvəzi milli-mənəvi gərək qələməsi götürüb gəldi yazıb-yaratmağa. Ömrünün axırlarına yaxın da yazdı ki; “…Haqqın var yaşamağa”.
Bir şair vardı-kainat duyğularına, dünya başına dardı. Ömrü boyu tufan əydi, su yardı. Xətainin qılıncını suvardı-Məmməd Araz karandaşı göyərdi.
O bu qələm ilə bir xətt çəkdi-“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. “ patriot-portreti yaratdı.
Poeziya-heyrət deməkdir;-şeir heyrətdən doğurur. Şair Məmməd Arazın bütün yaradıcılığı bu heyrətin yaradıcılığıdır. Bu poeziya oxucunu ikiqat heyrətləndirir. Heyrətin birinci səbəbi şairin böyük ilhamla yazılmış hər bir əsəridir. Çünki Məmməd Arazın səmimiyyətlə dolu olan hər bir şeiri hamımıza və ayrılıqda hər birimizə doğma olan hissləri ifadə edir. Heyrətin iknci səbəbi isə şair özüdür. Onun istedadı, heyrətlənmək və heyrətləndirmək bacarığıdır. Poeziya sirlə kəşf arasında bir addımdır. Məmməd Araz hər addımında öz kəşfləri ilə heyrətləndirir. O, hər an görüb duyduqlarımızı tamamilə başqa-yeni gözlə görür, kəşf edir.
Məmməd Araz heyrətinin bir mənbəyi var: Azərbaycan torpağı, ana Vətən, onun tarixi, onun gözəllikləri, bir sözlə, Azərbaycanla bağlı hər şey…
Məmməd Araz incə, xəfif, kövrək çalarlarla möhtəşəm lövhələr yaradan şairdir. O, yalnız şair deyil deyil, həm də rəssamdır.
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxır dünyaya.
Yaradıcılığı
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Məmməd Araz Publisist İradə Tuncayın atasıdır. Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır. Şair Rəhilə Elçinin əmisidir
Mükafatları
İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz)-şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991).
Məmməd Arazın poetik dünyasında fikirlər, düşüncələr ulduzlar kimi işıq saçır, üzərindən ağır yüklü qatar keçən relslər kimi par-par yanır. Təsvirçilikdən, ritorikadan həmişə uzaq olan bu poeziyanın məqsəi böyükdür, həmişə də də böyük amallar. Böyük amallar, böyük arzular, böyük ideyalar tərənnüm edilmişdir. Şəlalə kimi oxucuların ürəyinə tökülən, varlığında, ruhunda elə şəlalə saflığını, gurluğunu, gözəlliyini, təmizliyini, saxlayan bu poeziyanın mənalı, düşündürən çalarları, əlvan rəngləri, bir-birinə bənzəməyən orijinal motivləri çoxdur. Bu poeziyada Azərbaycan torpağının ətri, rayihəsi, odu, şirəsi, gözəlliyi, dünya problemlərinin, həyat, insan, məhəbbət, motivlərinin əks-sədası, dünənin, bugünün, sabahın səsi güclüdür. Məmməd Araz orijinal şairdir, öz üslununa, dəsti-xəttinə, ifadəsinə, söz ahənginə, şeirin texnilkasına, xüsusilə dərin fikirlərin yığcam, qısa şəkildə, obrazlı tərənnümünə mükəmməl yiyələnmiş, öz mövzularına sadiq olmuş, sənətə bəslədiyi məhəbbət və sədaqətini həmişə qoruyub saxlamışdır. Onun bütün əsərlərində vətəndaşlıq motivləri ilə, şəxsi həyatı ilə bağlı olan motivlər bir-birinə elə qaynayıb qarışmış, böyük ictimai məna, kəsər, ləyaqət qazanmışdır. Məmməd Araz poeziyası Azərbaycan poeziyasının güclü bir qoludur, hamı tərəfindən təqdir olunmuş, bəyənilmiş və geniş oxucu kütləsinin hüsn-rəğbətini qazanmışdır.
Sən ey ana südüm, ey ana nəğməm,
Mən hara gedirəm, hara gedirəm,
Səni aparıram pasportum kimi,
Nəğmə ordum kimi, söz ordum kimi!
Vətən şair üçün böyük və geniş məfhumdur. Odur ki, onun Arazdan, dağlardan, çəmənlərdən, yaxud tarixin unudulmaz şəxsiyyətlərindən söhbət açması elə vətən haqqında söhbət açması deməkdir. Məmməd Arazın bu torpaqlaqla, Arazla, qəhrəmanlarla, təbiət lövhələri ilə bağlı onlarca gözəl şeiri qürur, məhəbbət, vüqar motivləri ilə zəngindir. Vətənin gülünə, çiçəyinə, ağacına, hətta küləyinə belə həsr olunan misralarda bu böyük sevginin ifadəsini görmək olar. Şair “Ceyran azalıb, yaman azalıb” deyəndə də, Araz yadına düşəndə, üstündə çinar görəndə də, Xəzərin quruması, çirklənməsi ilə əlaqədar yazanda da, Azərbaycan qızına, Xalqa, ziyalılarımıza müraciət edəndə də, Babək qılıncından, qalalardan, babasının səsindən söhbət açanda da vətən sevgisinin gücü, qüdrəti ilə dil açıb danışır. Ata ocağına, kəndinə, anasına yazdığı şeirlərində vətən torpağınnın ətri, nəfəsi, şirəsui var, bu torpağa bağlı olan insanlara böyük məhəbbət var. Anadan olduğu Şahbuz, uca dağ kəndi, bu kəndin dağları, dərələri, meşələri onun varlığına, qanına, iliyinə hopmuşdur, şeirlərində bu yerlərin tərənnümü son dərəcədə tədiidir və eyni zamanda böyük səmimiyyətlə doludur. Kəlbəcərdən, Tərtərdən, Dəlidağdan yazanda da eyni məhəbbət duyğuları səslənir. Təbrizdən yazdığı şeirlərində də belə böyük məhəbbət vardır.
Məmməd Araz keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Məmməd Arazın Azərbaycana, onun övladlarına həsr edilmiş bütün şeirlərində eyni həssaslıq, eyni müşahidə, eyni səmimiyyət və nəhayyət, eyni heyrət hakimdir. Məsələn, dramaturq Cəfər Cabbarlının sənətini tərənnüm edən “Çəfər yolu” şeirini götürək. Cabbarlınınyaradıcılığını hamımız yaxşı bilir və sevirik. Amma ədibi heç kəs Məmməd Araz kimi kəşf edə bilməz. Şeirdən bir parçaya diqqət edək:
Xəyalımdan ağ düzündən
Bir yol keçər-Cəfər yolu,
Fikrimin nur dənizindən
Bir yol keçər-Cəfər yolu,
Tarixlərə nəqş olunmaq cürətimin
Gecəsindən-gündüzündən
Bir yol keçər- Cəfər yolu…
Cəfər yolu-
cəfa yolu
Cənnətinə vəfa yolu.
Cəfər yolu-
zəfər yolu!
Necə sənət səyyahının
Tapmadığı ədəbiyyət qitəsinə
səfər yolu!
Məmməd Araz kövrək və həzin bir şairdir. Qarış-qarış dolaşdığı Azərbaycan torpağının hər guşəsi ona eyni dərəcədə əzizdir. Şair bir dəfə keçdiyi yenə keçmək istəyir. Lakin bu, ona həmişə müyəssər olmur. Ayrılıqdan doğan xiffət və həsrət nə vaxtsa, şeirə dönür. Bir şair qəlbinin narahat titrəyişi misralara hopur. Oxucu belə şeiri oxuduqca kiminsə, nəyinsə həsrətini bir az unudur, ovunur, təsəlli tapır. M.Araz ana yurdun hər guşəsində öz ürəyini xatirə qoyur.
Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar çığır, çıxdın daha əlimdən,
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal, salamat.
Duz axtaran körpə cüyür balası,
Ağ daşlara körpə cığır salası…
Qayaların su saxlayan calası,
Salamat qal, salamat…
Məmməd Araz yalnız ürəyini dağlarda qoymur. O, bütün cismani və mənəvi varlığını Azərbaycan torpağı ilə vəhdətdə görür. Odur ki, canından artıq sevdiyi Vətənə xitabən yazır:
Ana torpaq, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində, sən kiminin,
Şöhrətini yaşadan az yaşayır.
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar yubansa.
Gözünü sız, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
“Gözünü sıx, hansı daşda su yansa”… Bütün daşlarda su yanacaq! Çünki şair bir şeirində Vətənin hər daşını alov dilli “alov dilli ox” a bənzədir. Su isə yalnız alovla qarşılaşdıqda yanır. Deməli, Məmməd Araz Azərbaycanın hər millimetrində, hər qarışında var. Bəlkə elə buna görə də şair hər qaya, hər daşa birər insan kimi baxır və özünü də həmin daşlardan biri hesab edir.
Qayaların keçmişini
Qayalara yazdım deyə,
Onda vətən sanar məni
Bir balaca vətən daşı,
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı.
İnsan şair olmaya bilər, lakin o, vətəndaş olmağa borcludur. Məmməd Araz isə həm şair, həm də vətəndaşdır. Vətənin keçmişi, bu günü, sabahı onu eyni ciddiyyətlə düşündürür. Xüsusilə XVII-XVIII əsrlər Azərbaycan xanlıqlarının daxili çəkişmələri və feodal müharibələrinin ana vətənə vurduğu yaralar Azərbaycanın parçalanması ilə nəticələnən faciə onu həmişə narahat edir. Buna görə tarixi keçmişə müraciət Məmməd Arazyaradıcılığının təməl daşlarından biridir. “Deyirlər tapılıb Babək qılncı”, “Ərimgəldi qayası”, “Nobel mükafatı” və s. şeirlər tariximizin müxtəlif dövrlərinə həsr olunub. Bu şeirlər arasında “Məndən ötdü, qardaşıma dəydi…” şeiri Məmməd Arazın necə böyük vətəndaş kimi və gözəl şair olduğunu göstərir. Məmməd Araz heyrətlənən və heyrətləndirən şairdir.
Məmməd Arazın şeirləri bir çox xalqların dilinə tərcümə olunmuşdur.
Bəli, Məmməd Araz cismani olaraq aramızda yoxdur. Ancaq yaradıcı insanlar heç vaxt ölmürlər.
Dünyada bir damla olmaq istəsən,
Dünyaya sən ümman həvəsilə gəl!
Məmməd Araz bəşərin uca fikir dağlarındandır. Onun poetik ifadələrinin alt qatında böyük hikmətlər durur. O, hikmətləri aforizmə, nəğməyə, musiqiyə, təsviri sənətə gətirmək hər bir oxucuya şərəfdir.
Gərəksiz adətlər, sədlərlə dolu,
Bir insan ömrünə sığa bilmirəm,
-deyən şair lazımsız, çürümüş adət-ənənələrə qarşı öz fikirini bildirmişir. Şair bununla bildirmişdir ki, bizi irəliyə getməyə qoymayan, bütün mənfi, lazımsız, qüsurlu “adət” sonradan ənənəyə çevrilən və “ənənə” kimi formalaşan bütün şeylərdən birmənalı şəkildə imtina etmək lazımdır.
M.Araz ömrünə sığa bilmədi, arzuların yelkəninə ömrü dayazlıq etdi. Bütünkeçilməzliyə sinə gərdi. Bu gün o, yenə yaşayır və biz onunla, ruhunun qoyduğu ilahi kəlamları ilə danışırıq. Məmməd Araz şöhrətini yaşatdı.
Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
M.Araz kiçik bir qayanın döşündən qopub, böyük bir dünyanın mehinə döndü. Günəşin zirvəsindən nur alıb yurda səpələmək ona nəsib oldu. O, dünyanı həqiqət aynasında gördü və çatdırdı:
Duman ömrü yaşadı şair.
Duman olum bir çəngə .
Mənim öz yağışım, öz qarım olsun.
İstədiyim yerə yükümü çəkən
Hökmüm, ixtiyarım, qərarım olsun…
Bu gün gərək hər anımız “Vətən!” – desin,
Qılıncımız, qalxanımız “Vətən!” – desin…
Ölənlərin əvəzinə, qalanımız “Vətən!”- desin!..
Xalq şairi Məmməd Arazın (1933-2004) uşaqlığı və ilk gənclik illəri qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd Arazın ruhuna hopmuşdur. O, “bütün aləmə” – Vətənə və dünyaya “yayda günəşi, qışda qarı bol olan”, “ürəyinin bir parçası” adlandırdığı Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının – həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sənətin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin “dağ havası” ilə uğurla keçə bilmişdir:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Böyük rus yazıçısı Mixail Şoloxov üçün Sakit Don, xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı, Şərqi Avropa yazıçılarına görə mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan – xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır.
Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, təmizlik və zəhmətkeşlik həmişə vəhdət təşkil etmişdir. Atası İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömrü boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması Məmməd Arazın dünyagörüşünün, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ailə mühitindəki atanın sərtliyini və halallığını nənəsi Zöhrə xanımın və anası Cahan arvadın kövrəklik və səmimiyyəti tamamlamışdır. Zöhrə nənə milli folklor nümunələrini hafizəsində saxlayıb həvəslə nəvələrinə, o cümlədən Məmmədə çatdırmışdır. Cahan ana isə nəğməkar olması, sözlü-söhbətli dünyası ilə oğlunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə “çırpısı tətikdə, odunu dəmdə” olan ata ocağı sözün həqiqi mənasında, bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır:
Çırpısı tətikdə, odunu dəmdə,
Şəhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?..
İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, “axşam məktəbli, gündüz çoban” ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə “tapşırıq dəftəri” adlandırdığı “sal daşlar üstündə” yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması ancaq mümkün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir. Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biri də budur. Fikrimizcə, ədəbiyyatşünaslıq baxımından Məmməd Araz poeziyasında daş motivi bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü də şeirlərindən birində milli şeirimizin “daş əsgəri” adlandırır. Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb-məsələ çevrilmiş “vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” misrası daşla Vətən və vətəndaşlıq arasında bərabərlik işarəsi qoymağa gətirib çıxarmışdır. Sözün geniş mənasında Məmməd Araz özü də sənətinin milli-mənəvi dərinliyinə və əhəmiyyətinə görə əbədiyyət qazanmaq mənasında “daş ayaqlı-daş əlli” bir insan-qaya obrazı səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur “Vətən daşıdır”.
Burası da maraqlıdır ki, Məmməd Arazın yaradıcılığında daş obrazı və ya mövzusu digər şairlərlə müqayisədə daha çox rəngarəng mənalar daşıyır, çeşidli mətləbləri ifadə etməyə xidmət göstərir. Məmməd Arazın şeir dünyası sanki poeziyamızın “daş zəmisidir”. Təsadüfi deyildir ki, şairin kitablarından biri də “Daş harayı” (1992) adlanır. Ədəbiyyatımızda “Vətən qayaları, Vətən daşları” şeirlər silsiləsini də Məmməd Araz yaratmışdır. Misralara nəzər salaq:
Tarix əlifbası daşdan başlanır,
Əl dəydi yumşalır, göyərir indi.
Başdı – daş olubdu, daşdı – baş olub –
Bunları seçmək də hünərdi indi.
və yaxud:
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Qeyd etmək lazımdır ki, XX əsrin altmışıncı illərindən etibarən Məmməd Araz poeziyamızın xəritəsinin təzələşməsindən, “şeirimizə təzə-təzə yollar” gəlməsindən geniş söz açmışdır. Yəni, keçən əsrin 30-50-ci illərinin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyil kimi qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır. Məmməd Araz və onun təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə insan mənəviyyatının dərinliklərini, ana Vətənin dərd-sərini, məhəbbəti və kədəri qələmə almağa imkan tapmışdır. Bu mənada şairin “Urəyimsiz kəlmə kəsən deyiləm” misrası tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidi dolğun ifadə edir.
İkinci cahan müharibəsindən sonrakı Azərbaycan kəndi, davadan qayıtmış kəndli kişilər, onların əsgərdən də sədaqətli olan ömür-gün yoldaşları, ana torpaq kimi halal, bulaq suyu qədər saf olan kənd uşaqları, uzaq dağların arxasından geniş üfüqlərə, daha işıqlı sabahlara dikilən böyük ümidlər Məmməd Araz poeziyasının poetik yükündə üstünlük təşkil edir. Yetmişinci illərdə ölkəmizdə təzədən canlanan şəhər də, kənd də, Azərbaycanın əkinçisi də, neftçisi də, xalq şairinin əsərlərində özünəmünasib şəkildə poetik baxımdan obrazlı şəkildə mənalandırılmışdır. Tərəddüd etmədən demək olar ki, ötən əsrin səksəninci illərinin sonlarından başlanan milli azadlıq hərəkatını illərdən bəri hazırlayan, formalaşdıran şairlərin cərgəsində Məmməd Araz da ön sıralarda durur.
Millilik və müstəqillik, azadlıq düşüncəsinin, ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir. O, sözün həqiqi mənasında böyük İstiqlal şairidir. Yaxın və uzaq tariximizlə yanaşı, bu günümüzün və hətta sabahımızın da böyük, mühüm, ciddi həqiqətləri “Məmməd Araz karandaşından” göyərir:
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir.
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür.
Geri dönmə sən qələbə xəttindəsən,
Son qələbə həddindəsən, səddindəsən!
Xalq şairi Məmməd Araz poeziyasında Vətən – ata ocağı, doğma yurd, el-oba, Kür-Araz deməkdir. İxtisasca coğrafiya müəllimi olan Məmməd Araz ədəbiyyatda bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik coğrafiyasını yaratmağa nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və Səməd Vurğundan sonra müqəddəs Azərbaycan Vətənimiz haqqında ən sanballı, yadda qalan, ilhamlı və təsirli şeirləri Məmməd Araz yaratmışdır. Ölkəmizdə Azərbaycan haqqında ən çox və geniş yayılmış şeirlərdən biri – “”Azərbaycan – dünyam mənim” şeiri Məmməd Araza məxsusdur:
Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
XX əsrin doxsanıncı illərində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da sanki körpə uşaq kimi Məmməd Arazın şeirlərində boy atmışdır. Xalq şairi Azərbaycanı düçar edildiyi bəlalardan qorumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qabaq Azərbaycanın özünü var gücü ilə haraya və köməyə çağırmışdır. Xalq şairi Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeiri ölkəmizin müstəqillik uğrunda mübarizə marşı kimi səslənir:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
…Hanı sənin tufan yıxan, gürşad boğan
Yurda oğul oğulların?!
Qara Çoban, Dəli Domrul oğulların!
Çək sinənə – qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Ayağa dur, Azərbaycan!
Milli birlik, mənəvi bütövlük və azadlıq Məmməd Araz şeirinin əsas ilham qaynağıdır. Şair hələ 1956-cı ildə yazdığı “Bizim gənclik” şeirində özünü və sənətini “xalqımızın müqəddəs, mübariz çağırışına” həsr edəcəyini bəyan etmişdir. Məmməd Araz sərt ideoloji çərçivələr dövründə Azərbaycan ədəbiyyatında hamıdan əvvəl “Məndən, səndən ötən zərbə, Vətən, Vətən – sənə dəydi” nidasını milli şeirin böyük enerjisi ilə, var gücü ilə səsləndirə bilmişdir. Vaxtilə Xəzərin ekologiyası barədə ən kəskin poetik həyəcan təbilini də Məmməd Araz səsləndirmişdir. Keçən əsrin əvvəllərində böyük Hop-hopun bağrından qopmuş “nişançı özümüz, hədəf özümüz” kəlamını ötən yüzilliyin sonunda bədii sənətin uzaqvuran top lüləsinə qoyub yeni hədəflərə məharətlə, sərrast atmağı bacaran da Məmməd Araz idi.
Müxtəlif dövrlərin Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən “Vətən mənə oğul desə”, “Yenə Arazı gördüm”, “Dağlara çağırış”, “Dünya düzəlmir!”, “Bu millətə nə verdik ki”, “Əsgər oğul”, “Ağlama”, “Kəlbəcər qaçqınlarına”, “Qalx ayağa, Azərbaycan” kimi ittiham və səfərbərlik ruhlu şeirlər Məmməd Arazın böyük ilhamından və istedadından doğulmuşdur. Məhz Məmməd Araz hələ XX əsrin yetmişinci illərində əsarətə və müstəmləkəçiliyə etiraz səsini ucaldaraq yaza bilmişdi ki:
Bir ölkənin caynağından ölkə saldırıb,
Neçə-neçə bölünənlə bölünməliyəm.
Bir ölkənin sağlığına badə qaldırıb,
Bir ölkənin göz yaşına bələnməliyəm.
Xalq şairi Məmməd Araz milli mücadilə savaşında lazım gələndə böyük cəsarətlə vətəndaş “qələmini – hərbi nazirə”, “yazı masasını – paytaxta”, “kağızını – bayrağa”, sevgisini, nifrətini “ən nizamlı qoşuna” çevirməyi bacarmış qüdrətli sənətkardır. Məmməd Araz şeiri yarım əsrdən çox müqəddəs Vətən səngərində mübariz keşikdə dayanmışdır. Bu şeirin atəş sədaları mənəviyyatımızdan tutmuş, ictimai mühitimizə, hətta sərhəd xətləri və cəbhə bölgələrimizə qədər hər yerdə əks-səda tapmışdır. Bununla belə, Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Şairin insan haqqındakı düşüncələrində milli və bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da sıx-sıx öz əksini tapır. Lakin bütün məqamlarda Məmməd Araz özünün elan etdiyi kimi, “Azərbaycan dünyasından baxır dünyaya”. Şairin sırf, xalis bəşəri-fəlsəfi səpkidə qələmə alıb, yüksək bədii səviyyədə təqdim etdiyi dünya mövzusu isə ilk növbədə Vətən övladlarını “gəlimli-gedimli” dünyanın bənzərsiz “ömür-gün naxışı” nın mahiyyəti ətrafında düşündürməyə yön alır:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
Məmməd Araz – tale şairidir. Onun yaradıcılığı ilk növbədə özünüifadənin ümumiləşmiş poetik tərcümanıdır. Məmməd Araz ürək şairidir. Ürək – şairin “söz süfrəsi” dir. Onu “ayaqlara palaz kimi” atmaq olmaz. Ürəklə yaşamaq, səmimi, kövrək, həssas və mərd olmaq insan və şair kimi Məmməd Arazın taleyidir. Buna görədir ki, şairin “qəlbinin yükü” bir qatarın yükündən ağırdır. Xalq şairi Məmməd Arazın poeziyası bütövlükdə “ürək imtahanından” keçib uğurla sınaqdan çıxmış, necə deyərlər, yüksək “keyfiyyət nişanı” na layiq görülmüş kamil sənət nümunəsidir.
Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz bənzərsizdir. Azərbaycan ədəbiyyatında poema janrı Məmməd Arazın poemaları ilə yeni mərhələyə çatmışdır. İnsan mənəviyyatının dərin qatlarının poetik kəşfi, fəal vətəndaşlıq mövqeyi və müasirlik, milli taleyimizin əhatəli təqdimi bu poemaların ana xəttini səciyyələndirir.
Məmməd Arazın “Üç oğul anası” (1957) poeması xalq yazıçısı İsa Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır. Əsərdə İkinci cahan hərbində üç oğlunu itirmiş Azərbaycan qadınının – Ananın mərdanə bədii obrazı uğurla canlandırılmışdır. “Araz axır” (1960) poemasında tarixi və milli taleyimizlə bağlı zamanın sözü Məmməd Arazın təqdimatı əsasında zamanı qabaqlayaraq özünün yüksək bədii-fəlsəfi əksini tapmışdır. “Araz axır” poemasından təxminən əlli ildən çox bundan əvvəl müharibə əleyhinə yazılmış poetik çağırış bu gün də bütün dünya üçün aktual səslənir.
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada bildik
Yerlə Mars arasında, –
Müharibə olmasa!
“Paslı qılınc” (1964) poeması sanki yazıldığı dövrün yeni tipli “Aygün” üdür. Bu əsərlə, poema Azərbaycan ədəbiyyatında bir janr kimi ümumi pafoslu mövzulardan sadə, bir qədər də mürəkkəb həyati mətləblərin ifadəsinə yön almışdır. Məmməd Arazın “Atamın kitabı” poeması isə Azərbaycan ədəbiyyatında böyük Mirzə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən sonra milli birlik, Vətən təəssübkeşliyi və mənəvi ucalıq haqqında yazılmış ən kamil poetik dastandır.
Böyük Mirzə Ələkbər Sabirə həsr olunmuş “Mən də insan oldum” (1962) poemasında Məmməd Araz o zamankı sərt rejimə baxmayaraq, örtülü vasitələrlə mənsub olduğu xalqın azadlığı və müstəqilliyi haqqındakı arzularını da ifadə etmişdir. Adından göründüyü kimi, “Əsgər qəbri haqqında ballada” poemasında isə lirik başlanğıc aparıcıdır. Əslində, bu əsər poema-monoloqdur. “Qayalara yazılan səs” isə tam halda lirik-romantik poema formasında düşünülmüşdür. “Qayalara yazılan səs” poemasında orijinal təbiət mənzərələri canlandırılmış, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nümunələri yaradılmışdır. Belə məqamlarda Məmməd Araz mahir bir şair-rəssam kimi çıxış edir.
Məmməd Arazın çoxcəhətli yaradıcılığında publisistikanın da özünəməxsus yeri var. Məmməd Arazın publisistikası şair qələmindən çıxmış bədii publisistikadır. Şeirin ölçülərinə sığmayan ciddi həyati mətləbləri, aktual məsələləri Məmməd Araz publisistika nümunələrində əks etdirmişdir. Bu publisist yazılarda XX əsrin 60-80-ci illərinin Azərbaycanın əsas qayğıları, inkişafı və problemləri ilə birlikdə öz əksini tapmışdır. Məmməd Araz publisistika janrlarının hüdudları daxilində canlı, dinamik, inkişaf edən həyatın əsas, ana rənglərini, təbii, həyati obrazlarını, xarakterlərini sadəcə qəzet dünyasına deyil, geniş mənada ədəbiyyata gətirmişdir. “Naxçıvan albomu”, “Yer üzünün Qarabağ düzü”, “Kür qovuşur Salyana”, “Torpaqdan göyərən ucalıq”, “Arpaçayın aşıb-daşan nəğməsi”, “İyirmi üç ildən sonra yazılmış cavab” və s. bu kimi publisist yazılar aradan illər keçsə də, əhəmiyyətini və dəyərini itirməyən sənət nümunələridir. Qədim Naxçıvanın nadir təbiət abidəsi Narbənd ağacı haqqındakı təsvirlər ixtisasca coğrafiya müəllimi olan xalq şairi Məmməd Arazın lirik ovqata malik obrazlı baxışlarının publisistikadakı təqdimatıdır: “Narbənd ağacına uzaqdan baxanda hündür, yaşıl göbələyə oxşayır. Onun köksündə bir sürü yata bilər. Sıx yarpaqları arasından günəş şüaları keçə bilmir. Onun altında şıdırğı yağışdan da qorunmaq olur. Ancaq qəribə taleyi var bu ağacın… Yer üzündən nəsli kəsilib. Onu babalarımız Naxçıvanda əkib yaşadıblar. Naxçıvanın isti yayında çox münasib kölgəsi var. Narbənd ağaclarına baxdıqda ağıllı, zəhmətkeş babalar yadıma düşür”.
Bədii tərcümə sahəsində də Məmməd Araz uğurla fəaliyyət göstərmişdir. Vaxtilə Abbas Abdullanın yazdığı kimi o, “ürəyindən keçənləri başqa millətdən olan sənət dostlarının şeirlərində görəndə sevinən, onları ana dilimizdə oxuculara çatdırmağı özünə borc bilən şairdir”. Buna görədir ki, onun tərcümələrinin böyük əksəriyyəti Məmməd Arazın şair ürəyindən qopan öz şeirləri kimi səmimi və poetikdir. Xüsusən, şairin Mixail Lermontov, Taras Şevçenko, Qaysın Quliyev, Mustay Kərim, Oljas Süleymenov, Mixail Svetlov, Sergey Vasilyev, Oleq Şeştinski və başqalarından etdiyi tərcümələr kamil sənət nümunələridir.
Göründüyü kimi, xalq şairi Məmməd Araz məsuliyyətli ömür yolu ilə, yarım əsrə yaxın davam edən böyük sənəti ilə həmişə Vətən səngərində mübariz keşikdə dayanmışdır. XX əsr boyu fərqli, ideoloji sistemlərdə yaşayıb-yaratmasına baxmayaraq, xalq şairi Məmməd Araz ədəbiyyatda və ictimai həyatda həmişə azərbaycançılıq mövqeyinin böyük müdafiəçisi olmuşdur. Məmməd Arazın vətəndaşlıq poeziyası indiki müstəqillik mərhələsində də millət və milli dövlət yolunda döyüş səngərindədir. Şeirimizin “Daş əsgəri” kimi ədəbiyyata gələn sənətkarın “qaya-sərkərdə” səviyyəsində əbədi yaşamaq səlahiyyəti qazanması ömrün də, sənətin də çoxillik və çətin imtahanlarından alınan yekun qiymətidir. Yarım əsrlik çoxcəhətli və mənalı yaradıcılığı ilə Məmməd Araz bütövlükdə mənsub olduğu xalqın ürəyində, düşüncəsində məskən saldığını, əbədi yaşamaq haqqı qazandığını təsdiq etmişdir:
…Bütün keçilməzliyi, Vətən,
adınla keçdim…
Haqqın var Məmməd Araz,
Haqqın var yaşamağa!
Məmməd Araz rəsmi təltiflərini – xalq şairi fəxri adını, “İstiqlal” ordenini, əməkdar incəsənət xadimliyini, Dövlət mükafatını Vətənə və xalqa məsuliyyətlə xidmət edərək böyük halallıq və qürurla qazanmışdır.
Böyük sənətkar müstəqil dövlətimizin yüksək diqqət və qayğısı ilə də əhatə olunmuşdur. Xalqımızın və ədəbiyyatımızın böyük qayğıkeşi, görkəmli dövlət xadimi Heydər Əliyev xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə böyük ehtiram bəsləmişdir. Məmməd Arazın anadan olmasının 60 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunması, şairin yüksək “İstiqlal” ordeni ilə təltif edilməsi, Almaniyaya müalicəyə göndərilməsi tədbirləri Məmməd Arazın bədii yaradıcılığının inkişafına böyük təkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 27 sentyabr 2013-cü tarixli sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqəti və qayğını dolğun şəkildə ifadə edir. Sərəncamda öz əksini tapmış aşağıdakı fikirlərdə Məmməd Arazın ölməz sənətinin ana xətləri ümumiləşdirilmiş şəkildə diqqət mərkəzinə çəkilmişdir: “Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir”.
M.Arazın ilk şer kitabı “Sevgi nəğməsi” (1959) çapdan çıxmışdır. İndiyə kimi onun 20-dək kitabı çapdan çıxmış və tam əminliklə demək olar ki, onun hər çapdan çıxan kitabı bir çox oxucuların böyük sevincinə səbəb olmuşdursa, o kitablara sahib olmaq istəyindən məhrum olan oxucular isə çox “məyusluq” hissləri keçirmişlər. Çünki bu böyük şairin kitabının çıxmağı ilə qurtarmağı bir olardı. Onun qələmindən çıxan və oxucunun qəlbini oxşayan yeni sözlərin, fikirlərin qəribliyindəydilər oxucular. M. Araz heç bir yazısını ona hansısa bir “ad” ın verilməsi naminə, mükafat naminə yazmır. O, kiminsə diqtəsi ilə yazan sənətkarlardan olmayıb. O, xalqdan, xalqının keçirdiyi faciəli hisslərdən, vətəninin gözəl təbiətindən, adətlərimizdən, ənənələrimizdən elə gözəl, elə səlist yazır ki, sanki bir dahi rəssam öz əvəzedilməz fırçasıyla rəsm əsəri yaradır. Bəli, şairlə rəssam müqayisə ediləndirlər. Çünki qələmlə fırça əkizdirlər. Rəssam cansız saydığımız təbiəti öz kətan lövhəsində canlandırıb danışdırdığı kimi, şair də öz qələmi ilə, öz zəkası ilə lal qayaları, ürəksiz insanları dilə gətirir, necə deyərlər, onlara dil verib, danışdırır, onları insanlığa qaytarmaq istəyi ilə yaşayır:
Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq –
Bu daşların, qayaların keçmişini oyadacaq.
Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq.
Bu basılmaz nərlər-ərlər,
Bu qaya sərkərdələr.
Onda məni – bir balaca daş əsgəri,
Qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini qayalara yazdım, deyə.
Onda vətən sanar məni bir balaca vətən daşı,
Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı…
M.Araz yaradıcılığı həm dağdı, hən aran, həm kənddi, həm də şəhər – bir sözlə, M.Araz yaradıcılığı bir vətəndir, adı bütöv Azərbaycan:
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Bəzən özümüzdən böyük-böyük danışmağımız da olur. Ətimiz ətindən, qanımız qanından olan millətimizin qabırğasına döşüyürük. Nələr demirik, nələr danışmırıq nizamiləri, nəsimiləri, füzuliləri, xətailəri və daha kimləri – kimləri yetirən bir millətin, xalqın ünvanına. Görəsən, belə danışmağa haqqımız çatırmı? “Belələrimiz”in cavabını M. Araz yerində verir:
Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik…
Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
Əlacı qalsın bir yana,
Dərdi də ucuz vermədik…
Ömrü boyu xalqı soyub talayanları, nəfsləri xatirinə öz xalqına zülm edib dondan-dona girənləri haqq yola gətirmək istəyən şair özünü ilahiyə tutur:
Bir dinlə zamanın sevdiyi səsi:
Tülkü qaqqıltısı, qurd mələrtisi…
… Qarışıb: xalq kimdi, xalqı çapan kim.
İşıq paylayan kim, işıq qapan kim…
Ya rəbbim, mən sənə olanı dedim,
Azacıq yadımda qalanı dedim.
Qalan dərdimizi yükləsək əgər,
Kəl olsa, nər olsa – qəddi əyilər.
Ya rəbbim, arabir düş yanımıza,
Arabir ölçü qoy vicdanımıza.
Ya rəbbim, bu dünya sən quran deyil,
Qudurğan sən görən qudurğan deyil.
Xalqını əzablardan, düşdüyü bəlalardan xilas etmək əvəzinə hər cür oyunlardan çıxan, özünü xalqın ağsaqqalı hesab edən “ağ saqqallıların” törətdikləri pis əməllər şairi rahat buraxmır.
Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox,
Çox verdim özümə bu sualı, çox:
Ərzin nadanından ağsaqqalı cox!
Bu dünya niyə düzəlmir, baba?!
Tarixlərdən bəri sapı özündən olan özümüzkülərin ucbatından başına min cür bəlalar gələn, neftinin qaranlığında yaşayan, bol nemətinin dilənçisinə dönmüş millətimizin dərdi-səri, keçirdiyi iztirablar M. Arazın mənəvi və fiziki iztirabına çevrilib. O, milləti manqurtlara qarşı səfərbərliyə, mübarizəyə çağırır.
Onun hər bir şeri böyük bir sənət əsəridir. Hər yazısında oxucu yeni bir fikirlə, yeni bir ideya ilə rastlaşır: qoca vulkan, içindən dovşanı qov, qədim tarix dərəsi, haralısan damarı, Araz boyda şırım, vətən daşı və s.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq Şairi Məmməd Arazın poeziyası gənclərin vətənpərvərlik tərbiyəsində, onlarda yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlər aşılanmasında həmişə təsirli vasitə olub və bu gün də öz dəyərini qoruyub saxlamaqdadır. Unudulmaz şairimiz ordumuzun uğurlarına hamıdan çox sevinər, Azərbaycan əsgərini sonsuz məhəbbətlə tərənnüm edər, həmişə ondan qələbə müjdələri eşitməyi arzulayar, onu Vətənə sədaqətli oğul, mübariz əsgər kimi görmək istərdi.
Məmməd Araz ordumuzun yaxın dostu, səngərdaşı idi. Səhhətində problemlər yaşanmasına baxmayaraq dəfələrlə cəbhə bölgələrinə səfər edər, döyüşçülərlə görüşər, soyuq əsgər səngərləri Məmməd Araz şeirinin hərarəti ilə qızınar, Azərbaycan əsgərini qələbələrə ruhlandırardı. Hələ neçə illər öncəsi cəbhə bölgələrindən qayıdarkən şair yazmışdı: “Vətən əsgərlərinin gözlərindəki parıltını, sevinci görəndə özümün xəstəliyimi tamam unutdum. Sən, əsgər oğul, “Vətən mənə oğul desə nə dərdim” misralarını təkrarən oxudun. Vətən əsgəri adını şərəflə daşımaq hər igid əsgərin ən ülvi arzusu olmalıdır. Sən dərədə sel, dağda qartal oğulsan. Mən sizə arxalanıb bu sözləri demişdim. Yerişinə, yürüşünə baxdım, bu qərara gəldim, səngərlərə endim, bu qərara gəldim. Sən qara qüvvələr qarşısında həmişə hazır vəziyyətdəsən, yalnız əmr gözləyirsən. Mən sizdən ayrılarkən səfər yoldaşlarımla geriyə əsgər vüqarı, əsgər əzmi, əsgər əyilməzliyi aparırdıq…”.
Məmməd Araz cismən həyatda olmasa da, onun çoxşaxəli ədəbi yaradıcılığı, xüsusilə vətənpərvərlik poeziyası bu gün də gənclərimizin öz xalqına, Vətəninə, dövlətinə sədaqətlə xidmət etməsi istiqamətində aktuallığını itirməyib. Azərbaycan ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi işində şəxsi heyətlə iş üzrə zabitlər böyük Xalq Şairinin yaradıcılığına tez-tez müraciət edirlər.
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir.
Mərd ölsə də, mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür…
Vətən hər kəsə oğul demir. Vətən o kəslərə oğul deyəcəkdir ki, o, Azərbaycan deyiləndə ayağa dursun, mamır olub qayalarda bitsin, Vətənin daşı olsun, öz əsgəri borcunu Vətən qarşısında şərəflə, vicdanla yerinə yetirsin, Vətən uğrunda canını, qanını belə əsirgəməsin. Məmməd Arazın bu misrası nəinki ordu gənclərinin, ümumiyyətlə bütün Azərbaycan gəncliyinin inam simvolu olmalıdır: Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!”.
Bu dağlara səni deyib gəlmişik,
Duman, çiskin, çəni deyib gəlmişik,
Gədiklərin qəddin əyib gəlmişik
Daşkəsənin qartalı!
Azərbaycan!..
Mayəsi nur, qayəsi nur ki,
Hər daşında alov dilli ox ola bilər.
Azərbaycan! Deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər…
Neçə nəsil əzbər bilir bu 4 misranı. Nə əvvəli ilə maraqlanıblar, nə sonu ilə. Bəlkə onu kimin yazdığı da çoxlarını heç maraqlandırmayıb. Bu 4 misra sanki ilahidən yaranıb. Nə müəllifi var, nə sahibi. Sanki bu 4 misranın müəllifi millətdir, Azərbaycan xalqıdır. Sanki bu 4 misra kiminsə qələmindən çıxmayıb. O da bir bayatıdır; Əzizim, Vətən yaxşı, geyməyə kətan yaxşı, Qürbət cənnət olsa da, ölməyə Vətən yaxşı.
Elə bil həmin bu bayatının davamıdır o 4 misra.
Nə yatmısan, qoca vulkan, səninləyəm,
Ayağa dur, Azərbaycan, səninləyəm!..
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!..
Bu hayqırtı, bu nərə o zaman gözünü yenicə dünyaya açmış körpələrin qanına hopurdu. Ürəyinin başına yazılırdı. Bəli, 80-90-cı illərin körpələri Məmməd Araz şeirləri ilə böyüdü. 60-70-ci illərin uşaqları bu şeirləri sadəcə, Vətən sevgili şeirlər kimi əzbərləyirdisə, 90-cı illərin uşaqları onu azadlığa, milli qürur, müstəqil dövlətçilik arzularına təşnə kimi içdilər. Bu günün Azərbaycan gəncliyi ona görə belə mübariz, vətənsevər, dövlətçiliyimizin qədir-qiymətini biləndir. Gənclik Məmməd Araz şeirləri ilə milliləşdi, həqiqi vətənpərvərliyin nə olduğunu anladı, Vətən uğrunda ölməyi bacardı, müstəqil dövlətimizi qorumağı bacardı:
Ayağa qalx!..
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur özünü Boz Qurd elə!
Məmməd Arazın yarım əsr davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının sözün bütün mənalarında parlaq səhifəsini təşkil edir. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərib. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir.
Azərbaycanda istiqlal təfəkkürünün, milli-mənlik şüurunun formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl Xalq şairi, Azərbaycan ziyalısı idi.
Sənətkar tarixə bələddirsə, onu bilir və sabahın proqnozunda tarixi dəyərlərə söykənirsə, poetik bəhrənin milli-bəşəri dəyəri təbii şəkildə təmin olunur, şair yaradıcılığının fikri-fəlsəfi tutumunda xəlqilik və dünyəvilik real zəmində formalaşır. Lakin bunlarla yanaşı, tarixə söykənən sənətdə vətəndaş yanğısı başlıca məziyyət kimi üzə çıxmalı, deyilən fikirdə şair cəsarəti aparıcı qüvvəyə çevrilməlidir. Tarix, milli bədii-estetik fikir yatırı, fitri istedad üzərində yaranan vətəndaş yanğılı əsərlər bədii fenomenlik qazanır.
“Xalq eşqi, vətən məhəbbəti – insanın həyat nəfəsidir”. (S. Vurğun) Xalq eşqini, vətən məhəbbətini özünün həyat nəfəsi bilən Məmməd Araz milli iftixarın, vətənpərvərlik hissinin doğurduğu duyğuları cəsarətlə tarixi-fəlsəfi yüklü misralara çevirən çağdaş sənətkardır. Dünyanın böyük şəxsiyyətləri poeziyanın məqsədini faydalı həqiqətdə görüblər, poeziyanı həyat çırağı biliblər, poeziyanı sözlərin musiqisi sayıblar.
Sözün, bədii sözün dəyərini dərk edənlər şeirə, şairə yüksək qiymət vermişlər. Franko yazırdı: “Böyük şairlər xalqın vicdanıdır”. Bu fikirlər baxımından yanaşılanda, çağdaş ədəbiyyatımızda sağlığında ikən xalqın vicdanına çevrilmiş şairlərdən biri Məmməd Arazdır.
Dəryada bir damla olmaq üçün bir ümman həvəsli şairin poetik fikir qaynağı, sənətdə istinad nöqtəsi, həyatda dayağı xalqdır. “Yüz bülbül səsi verilsə də, elsiz bir nəğmə belə deyə bilməyən” sənətkar yaradıcılığında ana torpağın vüqarı olan dağlar, çaylar, təbii gözəlliklər, elin söz xəzinəsi, maddi sərvətlərimiz başlıca yer tutur. Xalq şairi Məmməd Araz yaradıcılığında Araz yaraları əbədidir. “Bir gözündə sevinc, bir gözündə qəm yaşı” olan şair üçün əbədi bir poetik obyekt var: Araz! Məmməd Araz yaradıcılığında Araz nəqarətli, Araz ünvanlı neçə-neçə sənət əsəri vardır. Eyfel qülləsi önündə heyran kəsiləndə də, Kəlbəcərin səfalı qoynunda dincələndə də Məmməd Araz qəlbində qəmli Araz çağlayır. Araz şair üçün “gündüzlər ayna, gecələr layla” olur.
Qamışından kəsilib
Mənim çaldığım tütək.
deyən şair qəlbi işıqların həsrətinə dözə bilmir. Təəssüf, kədər dolu bu köks ötürmələr yırğalana-yırğalana gedən Araza – sarı dəvəyə yük olur:
İşıqlar da ayrılığa öyrəşəcək,
Yükünü çək, dəvə qardaş, yükünü çək.
Nəcib duyğular, ümumbəşəri hisslərlə yaşayan, sənətə dərin məhəbbəti, insanlara qayğısı və mehribanlığı ilə səciyyələnən Məmməd Arazın poetik dünyası doğma Azərbaycanın əsrarəngiz təbiəti kimidir. Bu mənəvi səltənət mayası, qayəsi nur olan Araz nəğməli Azərbaycanın dünəni, bu günü və sabahının maraqlı salnaməsi tək maraqlı, oxunaqlı və müqəddəsdir. Ülviyyətlə bəzənib, vətənə məhəbbətlə cilalanıb, babaların səhvlərindən doğan heyrət və təəssüflə, nəsillərin gələcəyi naminə narahat olan şair-vətəndaşın humanizmi ilə rövnəqlənib:
Məmməd Araz yaradıcılığında dünya, məhəbbət, dağların dumanı, yurdun tarixi, insan qəlbinin sirri, sehri, insan mənəviyyatı, hiss və duyumların çalarları poetik-fəlsəfi məna tutumu ilə seçimlidir.
Şairin əsərləri Azərbaycan boyda şeir çəmənzarında ləçəklərində Günəşi əks edən çiçəklərə bənzəyir. Bu güllərin, çiçəklərin Araz boyu çinarların yarpaqlarının, ləçəklərinin küləklərlə nəğməsində bir şirinlik, həzinlik duyulur. Bunlar – poetik sənət nümunələri iki qardaşın həsrətinə səbəb, arzusuna sirdaş olan Arazın nəğmələridir.
… Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O tarixdir, baxıram:
Ağlayır da, gülür də;
“Avesta” nın külündən
Bulanıqdır hələ də.
Soyuq odlar olacaqdır.
İşıqlar da bir-birinə
Yaxın yadlar olacaqdır. –
Neçə nəsil Məmməd Araz şeirləri ilə böyüdü, Məmməd Araz şeirləri ilə formalaşdı. Bu gün elə bir gənc tapmaq olmaz ki, Məmməd Araz poeziyasından heç olmasa, bircə nümunə bilməsin. Bircə nümunə nədir, bugünki gənclik az qala Məmməd Araz poeziyasını su kimi içib, sinəsinə toplayıb. Vətənə dəyər verməyi öyrənib bu şeirlərdən, Vətəni sevməyi, onu heç nəyə dəyişməməyi öyrənib. Məmməd Araz ürək yanğısı ilə yazırdı;
Onlar mən-mən deyən yerdə
Sən olmadın Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular,
Səni səndə ələdilər.
Səni səndə üyütdülər.
Bu misraları oxuyan Azərbaycan gəncliyi isə ulu babasının səhvləri üzərində öyrənirdi, bir daha belə səhvlər etməyəcəyinə söz verirdi. Azərbaycanı sevəcəklərinə, uğrunda şəhid olacaqlarına and içirdilər, elə Məmməd Arazın öz şeirləri ilə:
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Başdaşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi,
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi…
Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurla xidmət edir.
Əminik ki, şairimizin yaratdığı bu sənət nümunələri gələcək nəsillər üçün bir məktəb, bir ocaq olacaqdır!
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən qizlətməmişəm…
AYNUR TURAN
Gundelik.az

