İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Düz xətləri əyri görürsünüzsə, diqqətli olun: Səbəbi bu ola bilər

Kitab oxuyarkən hərflərin bir-birinə qarışması, düz xətlərin əyri görünməsi və ya insanların üzlərini seçməkdə çətinlik çəkmək bir çox insan tərəfindən yaşlanmanın təbii nəticəsi hesab edilir. Lakin göz xəstəlikləri üzrə mütəxəssis, professor Selçuk Sızmaz bildirib ki, bu əlamətlər 55 yaşdan sonra daha çox rast gəlinən və müalicə olunmadıqda daimi görmə itkisinə səbəb ola bilən yaşa bağlı makula degenerasiyasının (sarı nöqtə xəstəliyi) ilk xəbərdaredici əlamətləri ola bilər.

Professorun sözlərinə görə, xəstəlik ilkin mərhələdə adətən simptomsuz inkişaf edir. Bu səbəbdən də çox vaxt yalnız rutin göz müayinələri zamanı aşkar edilir. Xəstəlik irəlilədikcə əşyaların formasını təhrif olunmuş şəkildə görmə, düz xətləri qırıq və ya əyri görmə, əşyaları olduğundan böyük və ya kiçik qavrama kimi əlamətlər meydana çıxır. Müalicə aparılmadıqda isə mərkəzi görmədə qalıcı itki yarana bilər.

Siqaret ən vacib qarşısı alına bilən risk faktorudur

Selçuk Sızmaz bildirib ki, yaşa bağlı makula degenerasiyasının əsas risk faktorları yaş, genetik meyllilik və siqaretdir. Onun sözlərinə görə, bunlardan yalnız siqaret qarşısı alına bilən risk faktorudur və tütün məhsullarından uzaq durmaq xəstəliyin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

Erkən diaqnoz görməni qorumağa kömək edir

Mütəxəssis qeyd edib ki, xəstəlik quru və yaş tip olmaqla iki formada müşahidə olunur. Yaş tipdə göz daxilinə vurulan xüsusi dərmanlarla görməni qorumaq mümkündür. Son illərdə hazırlanan yeni preparatlar sayəsində bu iynələrin tətbiqi arasındakı müddət də uzadılıb.

Quru tipdə isə antioksidant vitaminlərdən istifadə və müntəzəm həkim nəzarəti xəstəliyin irəliləməsini ləngidə bilir.

55 yaşdan sonra göz müayinəsini gecikdirməyin

Professor xüsusilə risk qrupuna daxil olan şəxslərə mütəmadi göz müayinəsindən keçməyi tövsiyə edib. O vurğulayıb ki, yaşıl yarpaqlı tərəvəzlər, omeqa-3 yağ turşuları ilə zəngin balıqlar və antioksidantlarla zəngin qidalanma göz sağlamlığının qorunmasına kömək edir.

Mütəxəssisin sözlərinə görə, bu gün erkən diaqnoz və düzgün müalicə sayəsində yaşa bağlı makula degenerasiyasının yaratdığı görmə itkisi əksər hallarda qarşısı alına bilən problemlər sırasındadır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az