2023-cü ilin noyabrında Nigerin Aqadez bölgəsində kəşf edilən, Marsdan gələn ən böyük meteorit olan “NWA 16788” bu ilin iyulun 16-da Nyu-Yorkda hərraca çıxarılacaq.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu unikal parçanın 4 milyon dollara qədər qiymətə satıla biləcəyinə inanırlar.
Marsdan gələn ən böyük meteorit parçası olaraq qeydə alınan “NWA 16788” adlı göy cismi bu ay Sotheby’s hərrac evində satışa çıxarılacaq. Çəkisi 24,5 kiloqram olan bu meteorit Yer kürəsində indiyə qədər tapılmış ən böyük meteoritdir.
Məlumata görə, “NWA 16788” növbəti ən böyük Mars meteoritindən 70 faiz böyükdür. O da məlumdur ki, indiyə qədər Yerə yalnız 400-ə yaxın Mars meteoriti çatıb.
Mütəxəssislər meteoritin asteroidin zərbəsi nəticəsində Marsın səthindən atıldığını, yüksək temperatur və təzyiq nəticəsində onun bəzi hissələrinin şüşəyə çevrildiyini bildiriblər. Yer atmosferinə girərkən əmələ gələn şüşəli xarici qabıq bu səyahətin izlərini hələ də daşıyır.
“Sotheby”nin elm və təbiət tarixi üzrə vitse-prezidenti Kassandra Hatton bu kəşfi “nəsildə bir dəfə tapılan tapıntı” kimi qiymətləndirib.
“Qırmızı rəngi, ölçüsü və köhnəlmiş toxuması ilə bu daş Marsla nadir fiziki təmasdır”, – o bildirib.
Meteoritin hərraca çıxarılması bəzi elm adamları arasında narahatlıq yaradıb. Edinburq Universitetindən professor Stiv Brusatte meteoritin xalqın istifadəsinə verilməsinin vacibliyini müdafiə edərək deyib: “O, milyarderin seyfinə düşməkdənsə, muzeydə sərgilənməlidir”.
Lakin Leicester Universitetinin planetoloqu Yulia Kartvrayt belə satışların elmə töhfə verdiyinə inanır. Kartrayt onu da qeyd edir ki, bu qiymətli meteoritin istinad nümunəsi Çindəki “Purple Mountain” rəsədxanasında saxlanılır. O, yeni sahibinin kimliyindən asılı olmayaraq elmi marağın davam edəcəyini və nümunənin hələ də tədqiqata töhfə verə biləcəyini vurğulayır.
2021-ci ildə Mars atmosferində sıxışan daha bir meteorit “Christie” hərrac evində 30-50 min dollara satışa çıxarılıb. Lakin o, təxmin edilən qiymətdən xeyli yuxarı, 200 000 dollara satılıb.
“NWA 16788″in bu rekordu asanlıqla qıracağı gözlənilir.

Gundelik.az